Azərbaycan kinosunda yaddaqalan obrazlarına görə seçilən, çoxsaylı tamaşaçı rəğbəti qazanan kinoaktyor Ələsgər İbrahimov unudulmaz aktyorlarımızdandır. Onun adı çəkiləndə ilk növbədə göz önündə xarakterik rolları canlanır, aktyora qarşı dərin ehtiram hissi yaranır. Bu da təbii ki, kinoda yaratdığı məzmunlu, yaddaqalan ekran obrazlarına görədir. Yaradıcılıq qismətinə düşən rollarının həyat mövqeyini dəqiq prizmadan çatdıran aktyor rejissorların ideyalarını realist yaradıcılığı fonunda təsdiqlədiyinə, çoxsaylı tamaşaçı rəğbəti qazandığına görə yoxluğunda belə adı rəğbətlə xatırlanır, xatirəsi hörmətlə anılır. Yaddaşlarda iz salan unudulmaz aktyorun anadan olmasının 80-ci ildönümündə (30.01.1943-10.03.1979) əziz xatirəsini dərin ehtiramla yad edirik.
Ələsgər İbrahimov 1942-ci ildə Bakıda anadan olub. Orta məktəbi bitirdikdən sonra indiki Dövlət Neft Akademiyasında təhsil alıb. Uşaqlıq və yeniyetməlik dövrü ağır illərə təsadüf edən gələcəyin məşhur aktyoru maddi çətinlikləri olan ailəsini dolandırmaqdan ötrü müxtəlif yerlərdə çalışıb. Kinorejissor Arif Babayevlə tanışlığı isə həyatını bütünlüklə kinoya bağlayıb. Arif müəllimin köməkliyi ilə kinostudiyada mühəndis kimi işə düzəlib, paralel olaraq filmlərdə çəkilib. Görkəmli teatr-kino rejissoru Adil İsgəndərovun kinostudiyanın nəzdində açdığı kinoaktyor kursunda təhsil alması isə aktyorun kino fəaliyyətinin püxtələşməsinə, ardıcıl olaraq filmlərə dəvət almasına səbəb olub.
Kinoda debüt rolu kinorejissor Rüfət Şabanovun quruluş verdiyi “Liftçi qız” (1966) novellasında çimərlikdəki gənc olan aktyor, bundan sonra kinorejissor Arif Babayevin quruluş verdiyi “İnsan məskən salır” filmində Ramiz Ağayev obrazını yaradıb. Ekran qəhrəmanının fərdi xüsusiyyətlərini, bəzən çılğın, bəzən ciddi, daxilən mərd, qürurlu, zəhmətkeş cəhətlərini ustalıqla canlandırıb. Obrazın daxili aləmini, ətraf mühitə, həmkarlarına olan münasibətini orijinal üslubda, dəqiq ştrixlərlə göstərib. Realist yaradıcılığı fonunda obrazın fərdi cəhətlərini, qəliz xüsusiyyətlərini, həyat amalını dəqiqliklə çatdırıb, ekran personajının düşüncə və psixologiyasını həssaslıqla təqdim edib.
Aktyorun digər filmlərdə oynadığı ovçu (“Bizi dağlarda axtarın”), Kamil (“Torpaq. Dəniz. Od. Səma”), bolşevik (“Ömrün ilk saatı”), kapitan Cabbarov (“Arxadan vurulan zərbə”), Əlimərdan (“Dvorjakın melodiyası”) kimi personajları da orijinal, dolğun ifada ekran hadisələrinin məzmununu tamamlayır, mahiyyətini çatdırır.
“Yeddi oğul istərəm…” filmindəki Zalımoğlu obrazı da digər personajlar qədər diqqətçəkən, filmin aparıcı qüvvəsi kimi qəbul edilən personajdır. Kiçikplanlı rolun filmin aparıcı qüvvəsinə çevrilməsinə şərait yaradan isə aktyorun rola fərdi münasibətidir, yanaşma tərzidir. Yaxın-uzaq keçmişi özündə əks etdirən inqilabi-tarixi hadisələrdən bəhs edən filmdə yeddi oğuldan biri olan Zalımoğlunun daim narahat, düşüncəli davranışı, məntiqli sualları tamaşaçı diqqətini hadisələrin məğzinə yönəldir. Siyasi-ideoloji mübarizədə məzlumların, günahsız insanların bir-birinin qanına bais olması, qardaş qanının (vətəndaş müharibəsi zəmnində) nahaqdan axıdılması vurğulanır. XX əsrin əvvəllərində ölkədə baş verən gərgin hadisələrdə Zalımoğlu kimi gənclərin puç olmuş həyat hekayəsi məntiqli nüanslarla şərh edilir, filmin ümumi ideyası ətraflı şəkildə təsdiqini tapır.
Ələsgər İbrahimovun realist yaradıcılığı ilə yanaşı romantik aktyor məktəbinə aid xüsusiyyətləri kinorejissor Nazim Abbasın quruluş verdiyi iki filmdə (“Bizi dağlarda axtarın”, “Dvorjakın melodiyası”) təsdiqini tapır. Hər iki filmdə azsözlü personajın xarakterik cizgiləri, fərdi cəhətləri, həyat mövqeyi mövcud vəziyyətə uyğunlaşmış şəkildə, səmimi ifada təqdim edilir.
İstər İkinci Dünya müharibəsi illərində yaralı azərbaycanlı əsgərin başına gələn hadisələr, istərsə də Daşkəsən dağlarında geoloq Leyla ilə təsadüfən rastlaşan ovçunun həyat hekayəsi aktyorun tərəf-müqabilləri ilə olan yaradıcılıq həmrəyliyi, doğru mizanlanmış təqdimatı fonunda bitkin fikir və mesaj olaraq qəbul edilir, izlənilir, sevilir. Məhz bu mənada aktyorun rejissorlar və tərəf-müqabilləri ilə olan yaradıcılıq dostluğunun sübutu olan rolları kinoya daxilən bağlılığını, sənətə intuitiv yanaşmasını bir daha təsdiqləyir.
Ələsgər İbrahimovun müsbət fərdi keyfiyyətləri və rollarını sevərək yaratması onu həmkarlarının və tamaşaçıların sevimlisinə çevirir. Aktyorunku bir də onda gətirir ki, filmlərdə canlandırdığı ekran personajlarının səsini Həsənağa Turabov (Ramiz), Kamal Xudaverdiyev (Cabbarov), Həsən Əbluc (Kamil), Əlabbas Qədirov (bolşevik) kimi görkəmli sənətkarlar səsləndirirlər, aktyorun sevgi ilə yaratdığı rolları ikiqat sevdirirlər.
Kinoda az çəkilməsi təəssüf doğuran Ələsgər İbrahimov digər filmlərdə çəkilməsəydi belə, təkcə Ramiz Ağayev roluna görə yenə də yaddaşlarda yaşayacaq, kinomuzun unudulmaz siması kimi xatırlanacaqdı. 37 illik ömür payının 13 ili kinoda keçən aktyora 8 filmdə irili-xırdalı rol həvalə edən rejissorların onun istedadından zamanında istifadə etdikləri, kinoda qalmasına kömək etdikləri təsdiqini tapır. Kino istedadları sevir, yaddaşlarda yaşadır. Ələsgər İbrahimovun ustalıqla yaratdığı irili-xırdalı rolları da kinolentlərin yaddaşında, kinosevərlərin qəlbində yaşamaqdadır, xatırlanmaqdadır.
Dövlət Film Fondu