Görkəmli aktyor Ağasadıq Gəraybəylinin doğum günüdür

Azərbaycan teatr və kino sənətində özünəməxsus dəst-xətti ilə yaddaşlarda iz salan, qəlblərdə yaşayan unudulmaz sənətkarlarımızdan biri də Respublikanın Xalq artisti Ağasadıq Gəraybəylidir. İstedadlı sənətkarın adı Azərbaycan teatr və kinosunun inkişaf  tarixi ilə bağlıdır. Belə ki, aktyor sevib-seçdiyi məsləyini sənət prinsiplərinə əsaslanaraq yaşarı, inandırıcı, yüksək səviyyədə təqdim edib. 91 illik ömrünün 80 ilini sənətə həsr edən, realizm prinsiplərindən bəhrələnən unudulmaz sənətkarın anadan olmasının 126 illiyində (15.03.1897- 05.12.1988) Azərbaycan kino sənətinə gətirdiyi uğurlardan bəhs edəcək, ömür kitabının səhifələrini vərəqləyəcəyik.

Ağasadıq Gəraybəyli 1897-ci ilin bir yaz günündə, martın 15-də Şamaxıda dünyaya göz açıb. Körpə yaşlarından ailəsi Bakıya köçüb. 1916-cı ildə Politexnik məktəbinə daxil olub. Burada yazıçı, dramaturq Cəfər Cabbarlı ilə olan dostluğunun təməli qoyulub. Tələbəlik illərində “Nicat”, “Səfa” cəmiyyətlərinin teatr truppalarında epizod rollar oynayıb. 1920-ci ildə Milli Dram Teatrının yeni təşkil olunan truppasına işə götürülüb. Müəyyən fasilələrlə (1921-1932) Bakı Türk Azad Tənqid və Təbliğ Teatrında işləyib. Bu teatr 1925-ci ildə Bakı Türk İşçi və Kəndli Teatrı, 1927-ci ildən Türk İşçi Teatrı adlandırılıb. 1933-cü ildə kollektiv Gəncəyə köçüb. Gəraybəyli bir müddət Gəncədə qaldıqdan sonra yenidən Akademik Teatra qayıdıb. Ömrünün sonunadək orada çalışıb.

Teatr və kino obrazlarının həyat mövqeyi, amalı, düşüncəsi yaradıcılığının təfsirində xırdalığına qədər cilalanan aktyor 17 bədii filmdə müxtəlif xarakterli rollar yaradıb. Kinoda debütü “Qız qalası” (1924) filmindəki həkim rolu olub. 1929-cu ildə Cəfər Cabbarlının ssenarisi əsasında çəkilən “Sevil” filmində baş rol olan Balaş obrazını oynayıb. Aktyorun uzun illər teatr səhnəsində C.Cabbarlı əsərlərinə nəfəs, can verməsi (“Ədirnə fəthi”də Nazim paşa, “Aydın”da Dövlət bəy, “1905-ci ildə”də Salamov, general-qubernator və s.) kino obrazının da inandırıcı alınmasına imkan yaradıb.

Aktyorun “Fətəli xan” (1947) tarixi-bioqrafik filmində oynadığı Sərdarın elçisi rolu kiçkplanlı olsa da yaddaqalandır. Personajın hiyləgər, kinli xüsusiyyətlərini dəqiq xarakterizə edən sənətkar kiçik bir kadrda rolun mövqeyini açmağı bacarıb. Kiçikplanlı ekran obrazlarının xüsusiyyətlərini incə ştrixlərinə qədər cilalayıb, potensial çoxluğunu, daha genişplanlı, hətta aparıcı rolları məharətlə ifa etmə bacarığını anons edib.

Ağasadıq Gəraybəylinin kinoda ilk böyük rolu “Bəxtiyar” kinokomediyasındakı Ağabala surətidir. Bu obraz tamaşaçıların gülümsəyərək xatırladığı bir personajdır. Aktyor filmdəki komik nüansları vəziyyət komediyasına çevirib, mənfi prototipin qeyri-normal, fərdi cəhətini hadisələrin gedişatı zəminində təbii boyalarla, incə yumorla tənqid atəşinə tutub. Mənfi roluna qarşı olan tənqidi münasibətini ifasında göstərib, mimika cizgiləri, jestləri vasitəsilə personaja olan mövqeyini incə ştrixlərlə təhlil edib.

Görkəmli kinorejissor Hüseyn Seyidzadənin 1956-cı ildə quruluş verdiyi “O olmasın, bu olsun” kinokomediyasında aktyor baş rollardan biri Rüstəm bəyi canlandırıb. Obraz nə qədər iddialı, özündənrazı olsa da, filmin finalında Gülnazı yola salma səhnəsində onun kədərli, düşüncəli, eyni zamanda ironik, təəssüf dolu ifadə ilə xudahafizləşdiyini görürük. Aktyorun mövqeyindən obrazın doğru yaşam tərzinin olmadığı, qeyri-normal prinsiplərə köklədiyi həyat mövqenin cılızlığı, eləcə də cəmiyyətdə gülüş hədəfinə çevrildiyi təəssüf dolu baxışı ilə bildirilir. Sənət bilicisinin mənfi personajlarına olan tənqidi yanaşması nəticəsində də məntiqli gülüş komizm səviyyəsinə yüksəlir, keyfiyyətli komediya həyatın tipik inikasına çevrilir, şəxsi və ictimai qüsurlar tənqid edilir.

“Qızmar günəş altında” (1957, rej. L. Səfərov) filmindəki Niyaz Sərdarov obrazı qəliz və qəribə xarakterlidir. O, çay əkini zamanı quraqlıqla mübarizə aparmaqda, tarlaların suvarılması üçün lazım olan su anbarının tikilməsində, kanalın çəkilməsində, tibb məntəqəsinin bərpa olunmasında əmək adamlarına kömək etmək istəmir, hadisələrə birmənalı yanaşır. Bununla yanaşı, cəsarətsiz xüsusiyyətli Sərdarov Eldarın və həkim Aydın Zeynalovun mərd cəhətlərini də alqışlayır. O, cəsurluğun insana yaraşan xüsusiyyət olduğunu bilir, bəyənir, özü isə ətrafdakılara qarşı biganə yanaşır. Bununla da obrazın qüsurlu cəhətlərini ifşa edir.

Aktyorun teatral fəaliyyəti, səhnə plastikasının zənginliyi, kamera qarşısında mimika cizgilərindən məharətlə istifadə etmə bacarığı rolların mövqeyini dəqiq çatdırmasına, ədəbi əsərlərin məzmununun açılmasına imkan verir.

Ağasadıq Gəraybəyli kinoda əsasən, komik rollar yaratsa da, oynadığı personajları ciddi obrazlar kimi qəbul edirik. Çünki peşəkar ifası ilə rolların komizm xüsusiyyətlərini, həyat mövqeyini dəqiqliklə cilalayır, təhlil edir, gülüş hədəfinə çevirir.

Aktyor rol aldığı kinokomediyalarda komik surətlər yaratmağa yox, vəziyyətdən və xarakterdən yaranan ciddi gülüşü, məntiqli yumoru təqdim etməyə çalışıb, buna da nail olub. “Məşədi İbad-80, yaxud köhnə tanışlar”, “Nəvəmin nəvəsinin nəvəsi” “Mozalan” satirik kinosüjetlərində canlandırdığı obrazlara da koloritli ifası ilə baxımlılıq gətirib.

Hər hansı bir obraz vasitəsilə tamaşaçılarla həmsöhbət olmaq, dövr hadisələrinə olan münasibətini bildirmək əsl sənətkar qüdrətidir. Bu mənada yalnız peşəkar sənət biliciləri yaradıcılıqlarının fövqündə ibrətamiz nəsihətləri ilə həmsöhbətimiz, doğmamız olmağı bacarırılar. Ustad sənətkar, Respublikanın Xalq artisti Ağasadıq Gəraybəyli kimi…

Dövlət Film Fondu