Realist üslubda bənzərsiz, yaddaqalan ekran obrazlarına xarakterik cizgilər verən görkəmli aktyor, Xalq artisti Ağahüseyn Cavadov (1894-1981) məsləyində kamil sənət anlayışı yaradan sənətkarlarımızdandır. Aktyorun böyük sevgi və şövqlə yaratdığı ekran obrazlarını xatırlayarkən ilk növbədə çöhrələrə təbəssüm qonur, komik, duzlu-məzəli rolları yada düşür. Bu isə aktyorun peşəsinə olan hörmətinin, sevgisinin təzahürüdür. Məhz bu mənada aktyorun rol aldığı filmlər bu gün də uğurlu ekran taleyini yaşamaqdadır.
Ömrünün böyük bir hissəsini sənətə həsr edən aktyor səhnəyə çıxanda bəlkə də gülüş ustası olacağını ağlına belə gətirməmişdi. Ancaq dövrünün tamaşaçısının gülüşə, ələlxüsus da qrotesk gülüşə ehtiyac duyduğunu dəqiq bilirdi. Buna görə də zəngin və məntiqli yaradıcılığı fonunda minlərlə insana mənalı gülüş bəxş edirdi. Elə bir gülüş ki, çöhrələrdə yaranan təbəssümlər, ucalan qəhqəhələr qeyri-normal xüsusiyyətləri qınayır, ictimai davranışları tənzimləyirdi. Aktyorun teatrda və kinoda oynadığı komik obrazlar yüksək mənəvi davranış qaydalarının zəruriliyini vurğulayan personajlardır.
Ağahüseyn Xəlil oğlu Cavadov 1894-cü il aprelin 22-də Bakıda anadan olub. Əvvəl mollaxanada oxuyub, 1919-cu ildə isə “Səadət” məktəbini bitirib. Gənclik illərindən sənətə maraq göstərib, müxtəlif tamaşalarda sözsüz və epizodik rollar oynayıb. Onun peşəkar səhnə fəaliyyəti 1920-ci ildən başlayıb. Həmin ildə Azərbaycan Hərbi Komissarlığının Siyasi İdarəsi tərəfindən təşkil edilən teatr bölməsinə daxil olan A.Cavadov 1921-ci ildə Bakı Türk Azad Tənqid-Təbliğ Teatrına dəvət olunub. 1925-ci ildə bu kollektiv “Türk İşçi Kəndli Teatrı”, 1927-ci ildən isə “Türk İşçi Teatrı” adlandırılıb. 1932-ci ildə Gəncəyə köçürülən teatr Dövlət İşçi Dram Teatrı kimi fəaliyyətini davam etdirib. A.Cavadov bu truppanın tərkibində maraqlı rollarda çıxış edib. 1938-ci ildə Musiqili Komediya Teatrına dəvət alıb, 1942-ci ildən Akademik Dram Teatrının truppasına qatılıb, ömrünün sonunadək bu teatrda çalışıb.
Sənət yollarını zəngin mütaliəsi və çalışqanlığı ilə işıqlandıran aktyor hələ yaradıcılığının ilkin mərhələsindən komik rollarda çıxış edib. Obrazlara dolğun, yaddaqalımlı mizan verdiyindən orijinal təqdimatı kinorejissorların da diqqətindən yayınmayıb. Sənətkara 10-dan artıq filmdə irili-xırdalı rol həvalə olunub. Bu filmlər içərisində yaddaşlara yazdığı obrazlardan Rza (“Bəxtiyar”), Əbülfəz (“Görüş”), Pirioğlu (“Qızmar günəş altında”), falçı (“Bir qalanın sirri”), Əhməd (“Əhməd haradadır?”), baş vəzir (“Sehrli xalat”), Qaraşad (“Qərib cinlər diyarında”), İsmayıl baba (“Şərikli çörək”) və digərləri çoxlarımıza yaxşı tanışdır.
Dramatik və komik rolların mahir ifaçısı olan aktyor üçün kino obrazlarına xarakterik cizgilər tapmaq o qədər də çətin olmadı. Çünki o, kamera qarşısında olduqca rahat və səmimi olur, rolların həyat mövqeyi və düşüncə tərzinə istinadən davranış qaydalarını dəqiq nizamlayırdı. Buna görə də vəziyyət və şəraitlə uzlaşan dolğun, real kino personajları ərsəyə gətirirdi. Məsələn, “Bəxtiyar” filmindəki Rza obrazı ilk görünüşdə sadə və avam təsiri bağışlasa da, aktyorun dəqiq ünvanlanmış bir neçə jesti onun hiyləgər və ətrafındakılara biganə xüsusiyyətini anons edir. Rza pianinoda ifa edərkən notların yerini səhv salır və səhnədə çıxış edən artistləri nəzərə almadan, narahatlıq keçirmədən ifasını qaldığı yerdən davam etdirir. Bununla da Rzanın heç də saf və sadə prototip olmadığını, işindəki səriştəsizliyini və qohumu, klub müdiri Ağabalanın himayəsinə sığınan bacarıqsız, meşşan biri kimi görürük. Beləliklə də mənfi xarakterli obrazların təfsirində cəmiyyətin tərəqqisini ləngidən personajlar gülüş və qınaq obyekti olaraq filmin leytmotivinə çevrilir.
Aktyorun məzmunlu rollarından biri də “Görüş” kinokomediyasındakı Əbülfəz obrazıdır. Meşşan xarakterli tipajların prototipi olan Əbülfəz gününün çoxunu çayxanada keçirir, işinə məsuliyyətsiz yanaşır, özünü də haqlı sayır. O, dostluqda da sadiq deyil və həyat məsələlərinin həllində olduqca acizdir. Kamili qabaqcıl pambıqçı kimi göstərmək üçün ona pambıq yığmaqda kömək edən Şıxəli və Əbülfəz ifşa olunanda pambığı Kamil üçün yığdıqlarını etiraf edirlər, eyni zamanda Əbülfəz Şıxəlinin onu bu işə cəlb etdiyini deyir. Digər tərəfdən isə o, Kamilin əmək qabaqcılı olan Lala İzmayılovaya bəslədiyi sevgisini bildiyi halda, yenə də qıza olan yersiz hisslərini bildirməyə çalışır. Qeyri-normal həyat anlayışına, gülüşdoğuran davranışına görə ətrafdakıların tənqid hədəfinə çevrilən Əbülfəz cəmiyyət üçün yazıq simalı müftəxordur…
Aktyorun kino obrazları orijinallığına, koloritinə görə seçilir, baxılır. Buna görə də korifey kinorejissorlarımızdan Ə.Atakişiyev, Ş.Mahmudbəyov, T.Tağızadə, L.Səfərov və başqaları onu böyük sevgi ilə filmlərinə dəvət edirdilər. L.Səfərov aktyorun “Bəxtiyar” filmindəki uğurlu obrazından razı qaldığına görə onunla “Qızmar günəş altında” filmində bir daha işlədi. Həmin filmdəki Pirioğlu obrazını yaxşı xatırlayırıq. Kiçikplanlı bu obrazla Əbülfəz və Rzanın mənfi cəhətləri arasında müəyyən oxşarlıq olsa da, aktyor rolun xarakterik cizgilərini, hiyləgər xüsusiyyətlərini fərqli boyalarla daha qabarıq şəkildə təqdim edib. Pirioğlu kolxoz sədri Niyaz Sərdarov qədər yeniliyə qarşıdır. O, çay təsərrüfatı ilə məşğul olan əmək qabaqcıllarının yarışmasına, qalib olmasına, su anbarının tikilməsinə, kənd adamlarının həyat şəraitinin yaxşılaşmasına heç bir köməklik göstərmir. İkiüzlü, yaltaq və yalançıdır. Sərdarovun himayədarı adlandıra biləcəyimiz bu personaj mənfi xarakterli olmasına baxmayaraq, haqlı mövqedəymiş kimi çıxışlar edir. Hətta Sərdarovun adından istifadə edərək insanlara göstərişlər də (tibb məntəqəsinin boşaldılması) verir. Pirioğlunun gülüşdoğuran xarakteri fonunda cəmiyyət üçün təhlükəli olan və xoşagəlməz hadisələrə səbəb ola biləcək cəhətlər nümayiş olunur. Bu mənada aktyorun heyrətamiz yaradıcılığının təfsirində rolun mənfi cəhətləri, cahil xüsusiyyətləri ironik gülüşlə izlənilir, qınanılır.
Filmdə kolxozçuların iclasında Pirioğlunun Sərdarova yaltaqlanan çıxışını dinləyirik. Çıxışı anlamayan kolxoz sədri Pirioğlunun sözlərinin yanlış olduğuna əsəbiləşir və ona susub oturmasını əmr edir. Pirioğlu isə ani olaraq Sərdarovun öz səs tonunda əmrə müntəzir olduğunu yaltaqcasına təsdiqləyir. Kiçik planda təqdim olunan obraz filmin məzmununu və rejissor ideyasını tamamlayır. Aktyor peşəkar təqdimatla həyatın inkişafına təkan verən personajların (həkim Zeynalovun, Eldarın, Nərminənin və s.) həyat mövqelərini önə çəkir, dəqiq mizanladığı rolun təqdimatı fonunda pisi qınayır, yaxşıları alqışlayır. Məzmunlu, məntiqli yaradıcılığı fonunda da ziyalı sənətkar mövqeyi sevilir, alqışlanır.
Peşəkarlığına, sənətə olan sevgisinə görə Xalq artisti fəxri adına layiq görülən (1938) Ağahüseyn Cavadovun yaddaqalan kino obrazları haqqında çox danışmaq mümkündür. Aktyorun digər filmlərdə yaratdığı dramatik rolları da koloritinə və peşəkarlığına görə bütövlükdə filmlərin ümumi ideyasını təbliğ edir, sənətkar qüdrətini təsdiqləyir.
Dövlət Film Fondu