Sənətin ümdə vəzifəsi həyat məsələlərinin həlli üçün mühüm olanları cəmiyyətə təqdim etməkdir, maarifləndirməkdir. Teatr, kino sənətinə dolğunluq, kolorit, baxımlılıq gətirən peşəkar aktyorların dəqiq mizanlanmış oyunları isə insanları düşündürməyə, kamilləşdirməyə, xeyirxahlığa meyilləndirir, dostluq münasibətlərinə zəmin yaradır. Əməkdar artist Ömür Nağıyev də fərqli, xarakterik kino obrazlarını dəqiqliklə təhlil edib, müxtəlif dövr müasirlərinin xarakterlərinə, düşüncə və münasibətlərinə aydınlıq gətirib, yaradıcı heyətin məqsədini, məramını rollarının təfsirində inandırıcı çatdırmağa nail olub.
Ömür Nağıyev (01.06.1953-31.12.2013) hələ kiçik yaşlarından kinonun vurğunu olub. Orta məktəbi bitirdikdən sonra “Azərbaycanfilm” kinostudiyasında çalışmağa başlayıb. Ali kino təhsili almaq məqsədi ilə Moskvaya gedib, sənədlərini Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutuna verib. İnstitutun kino və televiziya rejissorluğu fakültəsinə daxil olub (1975-1979), sovet aktyoru və pedaqoqu Yevgeni Matveyevin, Rusiya aktyoru və rejissoru Aleksey Batalovun kursunda təhsil alıb. Mənbələrin birində kinoşünas Aydın Dadaşovun qeydlərinə rast gəlirik: “Yevgeni Matveyevin Ömür Nağıyevə xüsusi münasibəti vardı. Çünki o, azad bir adam, parlaq aktyor idi. Yaşlı aktyorlarla da, cavanlarla da, yaşıdları ilə də dostluq edirdi”.
Ömür Nağıyevin mülayim, ünsiyyətcil xüsusiyyəti ona ətrafdakıların, dost və həmkarlarının hörmətini qazanmağa imkan verirdi. Əməkdar artist Elşən Rüstəmovun fikirləri yerinə düşür: “Ömür Nağıyevlə birlikdə “Nə gözəldir bu dünya…” və “İstanbul reysi” filmlərində çəkilmişəm. O, Eldar müəllimin çox sevdiyi aktyor idi. Eldar müəllim onu filmlərinin çoxunda çəkmişdi.
“Nə gözəldir bu dünya…” filmində Ömür Nağıyevin rolu kiçikplanlı olsa da, yaddaqalan idi. Filmdə o, bacısını qoruyan, təəssübünü çəkən qardaş rolunu oynayırdı. Həmin qardaşların məni döydüyü bir səhnə var. Hətta o səhnədəki rolun səmimi davranışına görə belə təəssürat yaranır ki, onunla danışmaqla da məsələni həll etmək olardı. Yəni Ömür Nağıyev o qədər səmimi aktyor idi ki, personajın xarakterini həssaslıqla çatdırmağa nail olurdu. Səmimiyyətinə görə də rolları inandırıcı alınırdı. Bu səmimiyyətin içində xoş, cəlbedici bir gülüşü də vardı. Pozitiv insan idi. Şən zarafatlarını, söylədiyi lətifələri hərdən xatırlayıram. Çəkiliş meydançasında onunla işləmək, tərəf-müqabili olmaq mənim üçün xoş idi.
Son günlərdə xəstə idi. Ancaq bunu heç vaxt bildirmirdi. O, sədaqətli dost, istedadlı tərəfmüqabili idi”.
Ömür Nağıyev kinoda daha çox ikinci, üçüncü planlı rolları canlandırıb. Görkəmli kinorejissorların diqqətindən kənarda qalmadığı üçün onu bəxti gətirən aktyor adlandırmaq olar. Potensialını kinoda təsdiqləmək imkanı əldə edən aktyor ona verilən hər bir şansdan bacarıqla yararlanıb, müxtəlif xarakterli rolları filmin aparıcı qüvvəsi kimi təqdim edib.
Aktyor kinoda debüt rolunu “Dəli Kür” (1969) kinodramında oynayıb, tələbə rolunda çəkilib. Bir il sonra kinorejissor Tofiq Tağızadənin quruluş verdiyi “Yeddi oğul istərəm” (1970) filmində kənd sakinlərindən birini canlandırıb. Obrazı duyma, tanıma, kamera qarşısında sərbəst şəkildə xarakter və psixologiyasını çatdırma keyfiyyətlərinə, potensial və yaradıcılıq imkanlarına görə ardıcıl olaraq bədii filmlərə və “Mozalan” satirik süjetlərinə dəvət alıb, 40-a yaxın filmdə irili-xırdalı obraz yaradıb, filmin süjet və məzmununu, personajın kimliyini aydınlıqla çatdırmağa nail olub.
Aktyorun maraqlı, orijinal ştrixlərlə təqdim etdiyi ekran personajlarından Kalış (“Qanlı zəmi”), ofisiant (“İmtahan”), bolşevik (“İşarəni dənizdən gözləyin”), Rasim (“Bizim küçənin oğlanları”), Bağbanoğlu (“Doğma sahillər”) və digər obrazları xarakterik cizgilərinə, fərqli jest və tərzinə görə yaddaqalandır, baxımlıdır.
Kino fəaliyyətinin ilkin mərhələsində yaradıcılıq kredosunu təsdiqləyən aktyor 1972-ci ildə iki filmdə, “Həyat bizi sınayır” poetik kinodramında Fərəc, “Var olun, qızlar…” kinodramında Rüstəm rollarına çəkilib. Müxtəlif xarakterli rolların fərqli cəhətlərini, müasirlərinə olan münasibətləri səmimi, inandırıcı jestlərlə təqdim edib.
Ümumiyyətlə, 70-80-ci illəri Ömür Nağıyevin kino fəaliyyətinin uğurlu dövrü hesab etmək olar. Azərbaycan kinosunda müxtəlif xarakterli rolları canlandıran aktyor 1975-ci ildə Tacikistan, Özbəkistan, Hindistan kinematoqrafçılarının birgə istehsalı olan “Qanq üzərində zühur” filmində çəkilib, Nikxələş rolunu oynayıb.
Ömür Nağıyev aktyorluq fəaliyyəti ilə yanaşı, rejissor kimi də çalışıb, kinostudiyada (“Azərbaycanın dəniz qapısı”, “Onun taleyi” və s.) və Azərbaycan televiziyasında (“Abşeron gizlinləri” və s.) bir neçə sənədli film çəkib.
Bədii kinoda rejissor debütünü 1990-cı ildə edib. Yazıçı Yuri Kazakovun “Trallivalli” hekayəsinin motivləri əsasında “Bəxtəvər” qısametrajlı bədii filmini ekranlaşdırıb, uğursuz adamın taleyindən bəhs edən niskilli hekayəni poetik üslubda təqdim edib.
Ömür Nağıyevin teatral fəaliyyəti də uğurlu olub. Aktyor 1995-1997-ci illərdə Bakı Bələdiyyə Teatrında, 2005-ci ildən ömrünün sonuna qədər Azərbaycan Dövlət Rus Dram Teatrında çalışıb.
Dövlət Film Fondu