İyunun 2-də Azərbaycan Dövlət Film Fondunda tanınmış kinoaktyor, film direktoru Tələt Rəhmanovun xatirə gecəsi keçirildi.
Xatirə gecəsini giriş sözü ilə Azərbaycan Dövlət Film Fondunun direktoru, Əməkdar incəsənət xadimi Cəmil Quliyev açaraq, Tələt Rəhmanovun mənsub olduğu ziyalı ailə haqqında müxtəlif faktları səsləndirdi və bu ailənin əksər üzvlərinin vaxtilə repressiya qurbanı olduqlarını qeyd etdi, aktyorun Bakı kinostudiyasında fəaliyyətə başlamasının tarixçəsini və bərabər çalışdıqları filmlərdə baş vermiş xatirələri danışdı. Sonra Xalq artisti, kinoaktyor Rasim Balayev “Babək” filminin ağır çəkilişlərinin həyata keçirilməsində Tələt Rəhmanovun xüsusi xidmətlərindən və çəkiliş əsnasında baş verən maraqlı hadisələrdən bəhs etdi. Əməkdar mədəniyyət işçisi Yusif Şeyxov aktyorla “Sehrli xalat” filminin çəkilişlərində tanış olduğunu və əməkdaşlıqlarının sonralar da davam etdiyini vurğuladı.
Tədbir boyu Tələt Rəhmanovun çəkildiyi filmlərdən fraqmentlər tamaşaçılara təqdim olundu.