Ömür illərlə yox, əməllərlə ölçülür. İnsan əməyi, zəhməti sayəsində tanınır, müsbət fərdi cəhətlərinə görə də sevilir. Azərbaycan kinosunda özünəməxsus dəst-xəttinə görə seçilən Əlihüseyn Hüseynov da insani keyfiyyətlərinə görə ətrafındakıların rəğbətini, peşəkar yaradıcılığına görə də kinosevərlərin sevgisini qazanıb, tanınıb. Tanınmış kinooperatorun anadan olmasının 101-ci ildönümündə həyat və yaradıcılığına qısa nəzər salırıq.
Əlihüseyn Ələkbər oğlu Hüseynov 1922-ci il dekabrın 10-da Qubada anadan olub. Kinoya, fotoqrafiya sənətinə hələ orta məktəbdə oxuyarkən maraq göstərib. Ali kino təhsili almağı arzu etsə də, İkinci Dünya müharibəsinin başlanması dövrünün gəncləri kimi onun da arzusunu ürəyində qoyub, istəklərini reallaşdırmağa imkan verməyib. Belə ki, orta təhsilini bitirdikdən sonra o, könüllü olaraq cəbhəyə yollanıb. 47-ci mühəndis istehkamçı batalyonunda qısa vaxt ərzində atıcılığı öyrənib. Birinci Ukrayna cəbhəsində gedən döyüşlərdə iştirak edib, 1943-cü ildə döyüşlərin birində ağır yaralanıb. Uzun müalicədən sonra 1945-ci ildə ordudan tərxis olunub. Vətənə qayıdandan sonra Qubada Sənaye Kombinatında fotoqraf işləyib. Sevdiyi peşə ilə məşğul olmasına baxmayaraq, kinoda çalışmaq istəyi onu heç vaxt rahat buraxmayıb. Məqsədinə çatmaq arzusu ilə 1948-ci ildə Moskvaya üz tutub, Ümumittifaq Kinematoqrafiya İnstitutunun kinooperatorluq fakültəsinə daxil olub.
Arzu ilə məqsəd üst-üstə düşəndə, iradə və əzmkarlıq istəklərini gerçəkləşdirməyə təkan verir, istedad qabarıq şəkildə üzə çıxır. Əlihüseyn Hüseynov da ali kino məktəbini bitirdikdən sonra 1954-cü ildə Bakıya qayıdıb, Bakı kinostudiyasında böyük həvəslə işə başlayıb. Kinooperator assistenti vəzifəsində çalışaraq görkəmli kino xadimlərindən sənətin sirlərini daha dərindən öyrənib. İlk dəfə görkəmli kinorejissor Tofiq Tağızadənin quruluş verdiyi “Görüş” kinokomediyasında (1955) kinooperatorlardan Teyyub Axundov və Cavanşir Məmmədovun assistenti işləyib. Bir il sonra kinorejissor Ağarza Quliyevin çəkdiyi “Qara daşlar” kinodramında (1956, quruluşçu operatorlar Xan Babayev, Əsgər İsmayılov) ikinci operator kimi çalışıb, peşəsini daha da püxtələşdirib. Sözügedən filmlərdən də göründüyü kimi görkəmli kino xadimləri ilə çiyin-çiyinə işləməsi Əlihüseyn Hüseynovun peşə təcrübəsini artırıb, müxtəlif mövzularda sərbəst işləməsinə imkan yaradıb.
Bakı kinostudiyası ilə paralel olaraq Azərbaycan Televiziyasında çalışan Əlihüseyn Hüseynov orada “Mahnı qanadlarında” (1959, rejissor, operator), “Bizim opera” (1960, rejissor, ssenarist, operator), “Süd kombinatında” (1960, rejissor, ssenarist, operator), “Əminə Dilbazinin rəqsləri” (1961, rejissor, operator), “Konsert” (1961, operator), kinostudiyada “Pambığın suvarılması texnikası” (1960, rejissor, operator), “Çobanlar” (1961, rejissor, operator), “Bacarıqlı əllər” (1963, rejissor, operator) və digər sənədli filmlər çəkib.
1960-cı ildə “Aygün” bədii televiziya filminə müstəqil operator kimi quruluş verib, fərdi yaradıcılıq üslubunu daha qabarıq şəkildə göstərib. Bu filmdən sonra “Cazibə qüvvəsi” (1964) kinoalmanaxına daxil olan “Zirvə” novellasında quruluşçu operator kimi çalışıb.
Operatorun kinodakı gərəkli mövqeyini hər bir yaradıcılığında təsdiqləyən Əlihüseyn Hüseynov “Qaraca qız” kinoalmanaxında (1966) “Liftçi qız” novellasında müxtəlif rakurslu çəkilişləri ilə diqqət çəkib. Hadisələri dinamik, məzmunlu müşayiət edib, obrazların daxili aləmini, düşüncə və hərəkətini, psixologiyasını həssaslıqla çatdırmağa nail olub.
Görkəmli kinorejissor Əlisəttar Atakişiyevin quruluş verdiyi “İstintaq davam edir” (1966) macəra filmində Əlihüseyn Hüseynov quruluşçu operator kimi işləyib. Filmin natura çəkilişləri, şəhər mənzərələri, dənizin, bulvarın gözəllikləri mövzunun axıcılığına rəvac verir, rejissor fikrini dolğun əks etdirir, təsdiqləyir. Bundan başqa operatorun müxtəlif rakurslu planlardan, çəkiliş metodundan bacarıqla istifadə etməsi hadisələrin məzmununu diktə edir, filmin ideyasının çatdırılmasına kömək edir, yaradıcılıq üslubunun zənginliyini göstərir.
Görkəmli kinorejissor Muxtar Dadaşov tərəfindən ektranlaşdırılan “Qanun naminə” kinodramında hiss və həyəcan dolu kadrlar kameranın müşayiətində dolğun ifadə vasitələri kimi qəbul olunur. Personajların həyat mövqeyini, düşüncə və davranışlarını təsdiqləyən hərəkət və jestlər dəqiq prizmadan lentə alınır, prototiplərin mimika cizgiləri həssaslıqla işlənilir, kadrların daxili dinamikası ustalıqla təmin edilir.
Bu filmdən sonra Əlihüseyn Hüseynov bədii kino ilə vidalaşır, sənədli filmlər çəkməyə başlayır. “Azərbaycanfilm” kinostudiyasında rejissor kimi 10-a yaxın sənədli film (“Qədim diyarın gəncliyi” (1974, “Azərbaycantelefilm”, həm də operator), “Mənim iki beşilliyim” (1975), “Naxçıvan-50” (1975), “Min bir xəzinə” (1976), “Bakı Sovet Azərbaycanının paytaxtıdır” (1977), “Komissarın ürəyi” (1978 və s.) çəkir. 1979-cu ildə quraşdırma çəkilişləri sexində kinooperator vəzifəsində çalışır. Lakin səhhətində yaranan problemlərə görə 1982-ci ildə kinodan birdəfəlik uzaqlaşır.
Həmkarları və yaxınları Əlihüseyn Hüseynovun mehriban xüsusiyyətləri, yüksək sənətkarlıq keyfiyyətləri haqqında nə qədər şövqlə danışsalar da, sənətini daha ciddi şəkildə davam etdirməməsinə görə bir o qədər təəssüfləndiklərini bildirirlər. Bu da təsadüfi deyil. Çünki yaradıcılıq qismətinə düşən hər bir ekran əsərini yüksək sənətkarlıq keyfiyyəti ilə nümayiş etdirən operatorun çəkdiyi əsərlər operatorluq peşəsinin davamçıları üçün bir məktəbdir desək, yanılamarıq. Sənəti şəxsiyyətini xatırladan peşəkar kino xaimi uzun sürən xəstəlikdən sonra 1987-ci il iyunun 4-də Bakıda vəfat edib. Əməyini, bilik və bacarığını təsdiqləyən, müxtəlif həyat hekayələrini yüksək peşəkarlıqla əks etdirdiyi filmləri isə nəsillərə yadigar qalıb.
Dövlət Film Fondu