Sənət, yaradıcılıq intuisiyadır, həyata fərqli baxış və diqqətin, insanlara olan həddən artıq sevginin təzahürüdür. Azərbaycan kino sənətinə çoxşaxəli yaradıcılığı ilə uğur gətirən, rəssam, operator, rejissor kimi quruluş verdiyi filmlərdə peşəkarlıq nümayiş etdirən görkəmli kinorejissor Əlisəttar Atakişiyev də çoxşaxəli yaradıcılığında insanlara olan ürək sözünü, düşüncələrini, qəlbinin gözəlliyini çatdırıb, yüksək mənəvi dəyərləri təlqin edən, həyat üçün vacib olan nüansları yaradıcılığında qabardıb. Görkəmli kino xadiminin anadan olmasının 117 illiyində dərin hörmət və ehtiramla yad edir, yaradıcılıq yoluna qısa nəzər salırıq.
Əlisəttar Ələsgər oğlu Atakişiyev 1906-cı il dekabrın 25-də Bakıda, kustar-xarrat ailəsində dünyaya göz açıb. Onun səkkiz yaşı olanda valideynləri dünyasını dəyişib. Böyük qardaşı Əlipaşanın himayəsində böyüyən Əlisəttar Atakişiyev orta məktəbi bitirdikdən sonra (1924) “Şərq qadını” və “Həmkarlar İttifaqı” jurnalları redaksiyalarında rəssam-illüstrator işləyib. İki il sonra Moskvaya gedərək SSRİ Xalq Komissarları Sovetinin İşlər İdarəsində (Azərbaycan-rus dili üzrə) tərcüməçi vəzifəsində çalışıb. Həmçinin Moskva Ali Rəssamlıq Texniki məktəbinin rəngkarlıq fakültəsində oxuyub. Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun operatorluq fakültəsində təhsil alıb (1931-1936). İnstitutu bitirdikdən sonra “Mosfilm” kinostudiyasında çalışıb, çox sayda eksperimental xarakterli çəkilişlər aparıb. Həmçinin kinorejissorlardan Qriqori Aleksandrov və Aleksandr Medvedkinin rəhbərliyi altında Moskvada Qırmızı meydanda bədən tərbiyəsi paradı haqqında iki rəngli qısametrajlı filmin çəkilişlərində operator briqadası tərkibində iştirak edib. 1940-cı ildə Yalta kinostudiyasında istehsal olunan “Göy quş” bədii filminə (kinooperator S.Prolovla birgə) quruluş verib.
Bakı kinostudiyası ilə əlaqəsini kəsməyən Əlisəttar müəllim 1943-cü ildə “Bir ailə” filminin çəkilişlərində (kinooperatorlar Timofey Lebeşev və Əsgər İsmayılovla birgə) çalışıb. 1945-ci ildə dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin məşhur “Arşın mal alan” operettası əsasında çəkilən kinokomediyada peşəkarlığını bir daha (kinooperator Muxtar Dadaşovla birgə) təsdiqləyib. Uğuru böyük sənət bayramına çevrilən sözügedən filmdən sonra istedadını hər bir imza atdığı işi ilə sübut edən operatora “Fətəli xan” (1947) tarixi-bioqrafik filminə quruluş (operator kimi) vermək tapşırılıb. İrihəcmli filmin çəkilişləri zamanı yaranan çətinliklərin olmasına baxmayaraq, kino bilicisi bütün çətinliklərin öhdəsindən bacarıqla gəlib, filmin çəkilişlərini ustalıqla yekunlaşdırıb.
Yaradıcılıq filmoqrafiyasında iyirmi bir film olan Əlisəttar Atakişiyevin çoxşaxəli fəaliyyətində rejissor-operator kimi quruluş verdiyi beş sənədli, rəssam kimi işlədiyi iki (“Mahnı belə yaranır”-geyim rəssamı, “Sovqat”-quruluşçu rəssamı) bədii, operator kimi quruluş verdiyi yeddi bədii və rejissor kimi quruluş verdiyi beş bədii film var. Görkəmli sənətkarın operator kimi (Muxtar Dadaşov, Cavanşir Məmmədov, Vladimir Zbudski, A.Şafranla birgə) quruluş verdiyi “Sovet Azərbaycanı” (1950) filmi 1951-ci ildə Kannda (Fransa) keçirilən IV Beynəlxalq Kinofestivalda nümayiş etdirilib, kinolent elmi-kütləvi və pedaqoji filmlərə görə münsiflər heyətinin Xüsusi mükafatını alıb.
Rejissorluq fəaliyyətinə 1959-cu ildə ekranlaşdırdığı “Bir qalanın sirri” macəra-uşaq filmi ilə başlayan Əlisəttar Atakişiyev sözügedən nağıl filmindən sonra müxtəlif janrlı ekran əsərlərinə quruluş verməklə (“Bizim küçə”, “Sehrli xalat”, “İstintaq davam edir”, “Qərib cinlər diyarında”) fərqli dövrlərin həyat hekayələrini fərdi düşüncəsi, fantaziyası, rejissor konsepsiyası baxımından maraqlı quruluşları çərçivəsində ekrana gətirib, ailə filmi olaraq seyrçilərini sevdirib, izləyiciləri kinonun cazibədar qüvvəsinin sehrində saxlayıb.
Filmlərində yüksək mənəvi dəyərlərə, insani keyfiyyətlərin aşılanmasına, etik normaların təbliği prinsipinə üstünlük verən rejissor hər bir filmində yüksək sənət nümayiş etdirib, kinonun inkişafı üçün biliyini, potensialını əsirgəməyib. İstedad və bacarığını məhsuldar iş əmsalına çevirib, yeri gələndə rəssam, yeri gələndə operator, yeri gələndə isə rejissor kimi fərdi yaradıcılıq üslubunu təsdiqləyib.
Əlisəttar Atakişiyevin rejissor kimi növbəti quruluş verdiyi film “Bizim küçə” lirik-psixoloji dramıdır. İkinci Dünya müharibəsində itkin düşən Saranın acı taleyindən bəhs edən kinopovestdə rejissor yeniyetmə Saranın kədərli həyatı fonunda uşaqlıq və gənclik illəri müharibə dövrünə düşən, müxtəlif çətinliklərlə üz-üzə qalan milyonlarla insanın acı taleyini ekrana gətirib.
Görkəmli Azərbaycan teatr və kino aktyorlarının bir araya gəldiyi, yüksək peşəkarlıq nümayiş etdirdiyi filmdə obrazların fərdi cəhətləri, həyat mövqeləri fonunda uzaq-yaxın keçmişə səyahət edirik, çətin və ağır dövrün gərgin hadisələri ilə tanış oluruq.
1964-cü ildə tamamilə fərqli bir mövzuya müraciət edən rejissor komediya-macəra-fantastik janrlı “Sehrli xalat” müasir nağıl filmini ərsəyə gətirib. Məşhur illüziyaçı İo-Kionun köməyi ilə bir növ keçmişə və gələcəyə səyahət edən uşaqların macəra dolu həyatı kiçikyaşlı tamaşaçılarla yanaşı, böyükləri də ekran qarşısına toplamağı bacarıb, filmin texniki və yaradıcı heyətinə böyük şöhrət qazandırıb.
Filmlərində yüksək mənəvi keyfiyyətləri, vətənpərvərlik, ziyalılıq, cəmiyyətdə nümunəvi davranış kimi vacib xüsusiyyətləri aşılayan Əlisəttar Atakişiyev 1966-cı ildə vətənin təhlükəsizliyinin, əmin-amanlığının qorunmasında Azərbaycan çekistlərinin və milisinin fəaliyyətindən bəhs edən “İstintaq davam edir” detektiv filminə quruluş verib.
Rejissor komediya-macəra-fantastika janrında quruluş verdiyi “Qərib cinlər diyarında” filmi ilə kiçikyaşlı tamaşaçıları bir daha maraqlı və rəngarəng hadisələrlə qarşı-qarşıya qoyur, nağıl dili ilə pisi qınamağın, yaxşını alqışlamağın vacibliyini vurğulayır.
Çəkdiyi filmlərdə böyük bir aktyor nəsli yetişdirən Əlisəttar Atakişiyev görkəmli sənətkarlardan Ətayə Əliyeva, Ağadadaş Qurbanov, Ağahüseyn Cavadov, Nodar Şaşıqoğlu, Əli Zeynalov, Məmmədrza Şeyxzamanov, Məlik Dadaşov, Amaliya Pənahova, Muxtar Maniyev, Həsənağa Salayev, Kamal Xudaverdiyev, Gündüz Abbasov və başqalarına yaratdığı ekran əsərlərində doğru sənət istiqaməti verməklə potensialını filmlərində bir daha təsdiqləyib, kinosevərlərə sevdirib.
Ömrü boyu sənətinə sadiq qalan, fərdi dəst-xətti ilə bənzərsiz yaradıcılıq nümayiş etdirən, filmləri Azərbaycan və keçmiş ümumittifaq məkanda uğurla nümayiş etdirilən Əlisəttar Atakişiyevin filmləri ədəbi əsərlərin dramaturji mahiyyətinin məntiqli şəkildə çatdırılmasına, ekran əsərlərindəki ayrı-ayrı obrazların xarakterik cəhətlərini, hiss və düşüncələrini, psixologiyalarını, davranışlarını müəllif-rejissor-pedaqoq yanaşması ilə göstərdiyinə görə ekranlardan belə məktəb hesab oluna bilər. Daim yaradıcılıq axtarışında olan, önəmli fikirləri qabardan narahat ürəkli sənətkar sevgi ilə bağlandığı dünyayla 1990-cı ilin oktyabr ayının yeddisində vidalaşdı. Yüksək ideyaları ilə insanların yaşam tərzinə, düşüncəsinə müsbət təsir edən yaradıcılığına, milli kinomuza gətirdiyi uğurlara görə yoxluğunda belə unudulmadı, hörmətlə xatrılandı.
Dövlət Film Fondu