Görkəmli kinorejissor, Əməkdar incəsənət xadimi Mikayıl Mikayılovun 120 illik yubileyidir. Azərbaycan kinosunun inkişaf mərhələsində dövrünün aktual mövzularını yaradıcılığının qayəsinə çevirən Mikayıl Mikayılov məzmunlu filmləri ilə cəmiyyətin maariflənməsi, təfəkkürünün formalaşması istiqamətində mühüm işlər görüb, ömrü boyu milli kinomuzun təəssübünü çəkib, sənətinin keşiyində durub.
Mikayıl Mikayılov hələ uşaqlıqdan kinoya həvəs göstərib. Lakin valideynlərinin istəyinə görə Bakı Universitetinin tibb fakültəsinə daxil olub (1921). 1924-cü ildə tibb təhsilini yarımçıq qoyaraq Birinci Dövlət Kinofabrikinə işə düzəlib, 1925-ci ildə rejissor köməkçisi vəzifəsinə keçirilib. Gənc kinematoqrafçının sənətdə püxtələşməsində görkəmli sovet kino rejissoru Aleksandr Litvinovun böyük rolu olub. Mənbələrin birində Mikayılovun bu barədə qeydləri diqqətimizi çəkir: “Bədii filmlərin çəkilişində iştirak etdiyim dövrdə təcrübəli rejissor Aleksandr Litvinov sənədli filmlərin və kinojurnalların necə çəkildiyi, bu janrın xüsusiyyətləri, bədii və sənədli kinematoqrafın fərqi barədə öz bilik və təcrübəsini həvəslə mənə öyrədirdi. Sonralar studiyada sənədli kino sahəsində filmlər yaradarkən müəllimim Aleksandr Litvinovun zəngin təcrübəsi mənə çox kömək etdi…” Beləliklə, görkəmli kinorejissorlarla çiyin-çiyinə işləyən gənc kinematoqrafçı sənətini püxtələşdirir, peşəkar rejissor kimi maraqlı, məzmunlu filmlər ərsəyə gətirir.
Mikayıl Mikayılov kinoya elə bir zamanda gəlmişdi ki, həmin illərdə dramaturq Cəfər Cabbarlı başda olmaqla, görkəmli sənət xadimlərindən Abbas Mirzə Şərifzadə, Rza Təhmasib, Ağarza Quliyev, Mirzağa Əliyev, Məmməd Əlili və digərləri milli kinomuzun dirçəlişinə çalışır, böyük əzmkarlıqla bacarıqlarını, əməklərini səfərbər edirdilər. Mikayıl Mikayılov da bütün istedad və bacarığını kino sənətinin inkişafına sərf etməklə milli kinomuzun təşəkkülünə, dirçəlişinə təkan verdi, məzmunlu ekran əsərləri ilə cəmiyyətin maariflənməsi istiqamətində mühüm xidmətlər göstərdi.
Ümumiyyətlə, M.Mikayılovu əsasən dövrünün reallığı, müasirlərinin yaşam tərzi, mövcud güzəranı, həyat amalı, məqsədi, məramı narahat edirdi. Buna görə də filmlərində əsasən bu kimi mövzulara müraciət edir, ictimai qınağa səbəb olan, insanları narahat edən məsələlərə toxunur, cəmiyyətin inkişafına mane olan neqativ faktları təhlil obyektinə çevirir, aydınlıq gətirirdi. Fəaliyyəti dövründə o, rejissor, ssenarist, aktyor kimi 30-dan çox (bədii, sənədli) filmdə çalışdı, həmçinin bir neçə filminin ssenarisini yazdı. Özünəməxsus yaradıcılıq üslubu ilə yanaşdığı mövzulara baxımlılıq gətirdi, fərdi yaradıcılıq priyomuna, tərz və üslubuna görə milli kinomuzun təşəkkülünə, inkişafına təkan verdi.
Azərbaycan sənədli və elmi kinematoqrafiyasının inkişafında Mikayıl Mikayılovun xüsusi xidmətləri var. O, respublikamızda xronikal-sənədli filmlərin istehsalının əsasını qoyanlardan, studiyada təsis olunan “Ordenli Azərbaycan” kinojurnalının təşkilatçılarından biridir. Rejissorun kinoda ilk müstəqil işi 1927-ci ildə lentə aldığı “Oktyabrın on illiyi” tarixi-sənədli filmidir. Arxiv materialları əsasında çəkilmiş filmdə Sovet Azərbaycanının 10 ildə əldə etdiyi nailiyyətlərdən, təsərrüfatın bütün sahələrində gedən dəyişikliklərdən, qadın azadlığından, Əli Bayramov adına qadınlar klubunun işindən və digər məsələlərdən söhbət açılır. Həmçinin “Tütünçülük”, “I Azərbaycan spartakiadası”, “Cəfər Cabbarlının dəfni”, “İyirminci bahar”, “Sovet Azərbaycanı”, “Nizami” və digər sənədli, “Gözlərinizi qoruyun”, “Traxoma” və digər elmi-kütləvi filmlərini çəkib.
Filmlərin mövzularından da göründüyü kimi novator rejissoru müasirlərinin həyat tərzi həmişə narahat edib, ictimaiyyətin sağlam həyat tərzinin normallaşması üçün müəllif-rejissor olaraq daha çox maarifləndirici mövzulara üstünlük verib. Düşündürücü filmlərinə görə də əsasən sənədli kino ustası kimi tanınıb, sevilib, filmləri böyük maraqla izlənilib.
Rejissorun bədii kinodakı uğurları da böyükdür. Quruluş verdiyi müxtəlif janrlı “Lətif”, “İsmət”, “Altıncı hiss”, “Sovet pəhləvanı”, “Mahnı belə yaranır” (Rza Təhmasiblə birgə) filmləri forma və məzmun etibarı ilə vacib mövzuları əhatə edir, diqqət çəkir, izlənilir.
Aktyor kimi 5 filmdə çəkilən, kino rejissorlarının istəyini həssaslıqla yerinə yetirən Mikayıl Mikayılov ona həvalə olunan hər bir rolun öhdəsindən peşəkarlıqla gəlib, rolların məramını həssaslıqla çatdırmağa müvəffəq olub. Sənət bilicisi olan ustad rejissor özü də aktyorlarla peşəkarlıqla işləyib, onların potensialından, yaradıcılıq imkanlarından filmlərində bacarıqla istifadə edib. Mikayıl Mikayılovun təkcə “Lətif” filminin adını çəkmək kifayət edir ki, yaxın keçmişin müasirinə çevriləsən, 9 yaşlı Lətifin simasında XX əsrin əvvəllərində baş verən dramatik hadisələrin məğzindən, məzmun dərinliyindən, dövrün ab-havasından, insanların bir-birlərinə olan münasibətindən, yaşayış tərzindən xəbərdar olasan, kinonun əsl mahiyyətini anlayasan.
Dövlət Film Fondu