Ətraf mühitə rəng qatan, işıqlandıran incəsənət aləmini ucu-bucağı görünməyən ümmana bənzətmək olar. Hər bir istedad sahibi də öz gəlişi ilə sənət dəryasını bir qədər zənginləşdirir, gözəlləşdirir. Nəcibə Behbudova da teatral rolları, kino obrazları fonunda fərdi bacarığını təsdiqləməyə, məzmunlu yaradıcılığı ilə qəlblərdə iz salmağa müvəffəq oldu, düşüncələrdə, qəlblərdə yaşadı.
Əməkdar artist, unudulmaz aktrisa Nəcibə Behbudova uzun illər Azərbaycan Dövlət Musiqili Komediya Teatrının səhnəsindən ictimai həyatın qaynağından yararlandığı hadisələri sənətsevərlərə məntiqli formada, özünəməxsus ştrixlərlə çatdırdı, güldürdükcə düşündürdü, düşündürdükcə də həyata olan baxışlarımızı doğru səmtə istiqamətləndirdi.
Öz dövrünün müəyyən qadağalarına görə ailələrdə qızların sənətə gəlmələrinə icazə verilmədiyini nəzərə alsaq, Nəcibə xanımı Behbudovlar ailəsində doğulduğu üçün xoşbəxt adlandırmaq olar. 1914-cü ilin 6 yanvar tarixində Tiflisdə dünyaya göz açan, əslən qarabağlı olan Nəcibə Behbudovanın atası Məcid Behbudov məşhur xanəndə kimi tanınıb, anası Firuzə Vəkilova isə Qazax rayonunun Yuxarı Salahlı kəndinin Vəkilovlar nəslinə mənsub olub və müəllimə işləyib. Behbudovlar ailəsində böyüyən övladların ilki Ənvər Behbudov, ortancılı Nəcibə Behbudova, evin kiçiyi isə Rəşid Behbudov olub.
Azərbaycanın görkəmli sənətkarı, dünyaca məşhur müğənni Rəşid Behbudovun bacısı olduğunu, xanəndə ailəsində doğulduğunu bilmək kifayət edir ki, gələcəyin tanınmış aktrisasının sənət sevgisinin qaynağı bəlli olsun.
Altı yaşında Tiflisdəki əmək məktəbinə gedən Nəcibə Behbudova orta məktəbdə oxuduğu illərdə Nəriman Nərimanov adına klubun dram və rəqs dərnəklərində çıxış edib. Burada böyük həvəslə çıxışlar edən, sənətə daha çox meyil göstərməyə başlayan gənc qız məktəbi bitirdikdən sonra (1931) Bakıya gəlib, burada Hidrologiya Texnikumuna daxil olub. Həmçinin Azərbaycan peşəkar vokal sənətinin banisi, professor Bülbülün Konservatoriyadakı sinifinə gedib, vokal ifaçılığının müəyyən peşəkarlıq xüsusiyyətlərinə yiyələnib, konsertlərdə müğənni kimi çıxış edib.
1933-cü ildə Tiflisə qayıdan Nəcibə xanım Mirzə Fətəli Axundzadə adına Tiflis Azərbaycan Teatrının truppasına daxil olub, burada iki il fəaliyyət göstərib. Bir müddət Gürcüstanın Adıgün rayonundakı Kolxoz Teatrında çalışıb, sonra yenidən Tiflis teatrına dəvət edilib. 1941-1945-ci illərdə teatrda hazırlanan tamaşalarda maraqlı rollar canlandırıb, həmçinin bir sıra mədəni-maarif müəssisəslərində yeniyetmələrin incəsənətə yiyələnmələri sahəsində səmərəli işlər görüb. 1947-ci ildə Tiflis Dövlət Azərbaycan Teatrı bağlandığından Bakıya gəlib. Azərbaycan Dövlət Musiqili Komediya Teatrının truppasına qəbul edilib, ömrünün sonuna kimi burada çalışıb. Tipik məişət personajlarını xüsusi şövqlə oynayan Nəcibə Behbudovanın teatral fəaliyyəti zəngin, rolları rəngarəng olub. Aktrisanın fərqli xarakterli rolları ifa dəyişikliyinə, forma və məzmun fərqliliyinə görə diqqət çəkib, tamaşaçıların böyük rəğbətini qazanıb. Personajların həyat prinsiplərini, düşüncə və mövqelərini dəqiq prizmadan çatdırma qabiliyyətinə görə teatrın aparıcı qüvvəsi, xarakterik rollar ifaçısı kimi tanınıb. Sənətdə göstərdiyi xidmətlərə görə, 1974-cü ildə Əməkdar artist fəxri adına layiq görülüb.
Musiqili Komediya Teatrının bünövrəsini qoyan Xalq artistləri Nəsibə Zeynalova, Lütfəli Abdullayev və digər sənətkarlarla çiyin-çiyinə çalışan, tez bir zamanda məşhurlaşan aktrisa “Azərbaycanfilm” kinostudiyasında istehsal olunan bir neçə filmdə oynadığı rollarla da kinosevərlərin qəlbini fəth edib. Belə ki, “Bəyin oğurlanması” kinokomediyasında Bibixanım, “Sahilsiz gecə” kinodramında Ağabacı, “Ulduz” kinokomediyasıında Tamam və başqa rolları ilə yaradıcılıq potensialını bir daha təsdiqləyib, ekran personajlarını uğurla təqdim edib.
Aktrisanın təkcə “Bəyin oğurlanması” filmindəki Bibixanım rolunu xatırlamaq, personajın xarakterik cizgilərini yada salmaq kifayət edir ki, rola fərdi yanaşma xüsusiyyətini görəsən, potensial imkanlarını, tərəf-müqabillə yaradıcılıq sazişi qurma imkanına heyran olasan.
Sadə, səmimi xarakterli Bibixanım ailə-məişət qayğıları ilə məşğul olan evdar qadındır. Kənddə baş verən hadisələri yalnız evdəkilər vasitəsilə öyrənir, ictimaiyyətlə heç bir əlaqəsi yoxdur. Onun əsas vəzifəsi ailənin rahatlığını təmin etmək, evini qorumaq, qonaq-qaranı qarşılayıb, yola salmaqdır. Bibixanımın ailədaxili hadisələri neytral mövqedən izləməsi, baş verənlərə soyuqqanlı yanaşması, bəzi ziddiyyətli məqamlara (Yasəmənin evdən getməsi, atası ilə soyuq davranması, elçilərin gəlməsi və s.) avam münasibət bildirməsi, İsrafillə qızı arasında sərhəd olması, qayğıkeş, diqqətcil cəhəti ilə (İsrafili sakitləşdirməsi) vəziyyəti yumşaltması janrın (komediya) xüsusiyyətinə xidmət edir.
İsrafilin hər bir hərəkət və jestindən hiss və duyğularını, düşüncələrini anlayan Bibixanım ailədaxili sabitliyi saxlayır, vəziyyəti dramatiklikdən kənarlaşdırır. Vəziyyətdən və münasibətlərdən yaranan komizmin ön plana çıxmasına zəmin yaradır, tamaşaçını baş verən situasiyaları təmkin və təbəssümlə izləməyə dəvət edir. Aktrisanın bu və ya digər həssaslıqla oynadığı ekran personajları kiçikplanlı olsa belə, filmlərin aparıcı qüvvəsinə çevrilir, ümumilikdə rejissor ideyasının aydınlıqla izahına imkan verir. Özünəməxsus təqdimatı ekran personajlarını yaddaşlara yazmağa, şəxsiyyətini unutdurmamağa, əziz xatirəsini ehtiramla anmağa imkan yaradır.
Dövlət Film Fondu