Azərbaycan kinematoqrafiyasının inkişafında görkəmli kinorejissor, Xalq artisti Tofiq Tağızadənin rolu böyükdür. Qəlbi daim sənət eşqi ilə çırpınan, imza atdığı hər işdə peşəkarlıq nümayiş etdirən, hər bir filmində çalışdığı heyətə böyük yaradıcılıq məktəbi keçən Tofiq Tağızadənin sevə-sevə ekranlaşdırdığı filmləri məktəbdir. Gənc nəsil rejissorlar üçün örnəkdir. Rejissorun quruluş verdiyi məzmunlu, mənalı ekran əsərləri nəsillərin sevərək izlədiyi dəyərli ekran nümunələridir. İstedad və bacarığı, çalışqanlığı, sənətə olan hədsiz sevgisi ilə yaddaşlarda iz salan rejissorun kino fəaliyyətinə qısa nəzər salır, əziz xatirəsini dərin ehtiramla yad edirik.
Tofiq Mehdiqulu oğlu Tağızadə 1919-cu il fevralın 7-də Bakıda müəllim ailəsində anadan olub. Valideynlərinin sənətə böyük həvəsi olduğundan ailə tez-tez teatra üz tutarmış. Özləri ilə bərabər balaca Tofiqi də apararmışlar. Deyilənlərə görə, Tofiq Tağızadənin anası Əli Bayramov adına qadınlar klubundakı dərnəyin fəal üzvü olub. Tamaşalarda yalnız qadınlar iştirak edərmiş. Kişiləri içəri buraxmazmışlar. Anası da əsasən kişi rollarını ifa edərmiş. Beləliklə, sənətə üz tutmağı, sevməyi ilk dəfə balaca Tofiqə elə anası sevdirib, sənət istiqaməti verib.
Tofiq Tağızadənin kinoya daha çox marağı olub. Kiçik yaşlarından dahi rejissor, aktyor Çarli Çaplinin filmlərinə saatlarla baxarmış. Orta məktəbi bitirdikdən sonra o, valideynlərinin məsləhəti ilə energetika texnikumuna daxil olub, həmçinin musiqi məktəbində təhsil alıb. 1938-ci ildə M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunun energetika fakültəsinə daxil olub və burada təhsilini davam etdirib.
Faşist Almaniyasının SSRİ-yə hücumu milyonlarla gənc kimi Tofiq Tağızadənin də arzusunu ürəyində qoyub. O, 1941-ci ildə, 3-cü kursda oxuyarkən könüllü olaraq cəbhəyə gedib. 1942-ci ilin axırlarında Rostov yaxınlığında döyüşlərin birində yaralanaraq hospitala düşüb. Ordudan tərxis olunduqdan sonra Bakıya qayıdıb. Bir müddət Respublika Komsomolunun Mərkəzi Komitəsində pioner düşərgələri və məktəblər şöbəsinin müdiri vəzifəsində çalışıb.
1946-cı ildə nəhayət ki, ən böyük arzusuna qovuşub. Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutuna daxil olub. İnstitutun caz-bandında trubada ifa edən Tofiq Tağızadə çaldığı melodiyalarla müəllim və tələbə heyətinin diqqətini çəkib, institutun fəalı kimi sayılıb, seçilib. Gənc tələbə institutu bitirdikdən sonra “Mosfilm” kinostudiyasında işləyib. Bir müddət sonra Bakıya qayıdıb, ömrünün sonuna kimi Azərbaycan kinosunun keşiyində durub.
1955-ci ildə ilk tammetrajlı bədii filmini – “Görüş” kinokomediyasını ekranlaşdırıb. Bundan sonra bir-birinin ardınca müxtəlif janrlı ekran əsəlrərinə, o cümlədən, “Uzaq sahillərdə”, “Əsl dost”, “Matteo Falkone”, “Əmək və qızılgül”, “Arşın mal alan” (1965), “Yeddi oğul istərəm”, “Qızıl qaz”, “Dədə Qorqud”, “Evin kişisi”, “Babamızın babasının babası”, “Bağ mövsümü”, “O dünyadan salam”, “Köpək” və digər filmlərə quruluş verib.
Tofiq Tağızadə yaradıcılığının maraqlı nümunələrindən biri də kinorejissorlar Ağarza Quliyev və Ramiz Əsgərovla birgə quruluş verdiyi “Mən ki gözəl deyildim” filmidir. Ekran əsərində İkinci Dünya müharibəsi illərində insanları bir-birlərinə bağlayan mənəvi dəyərlərdən, ümumi işin xeyrinə gecə-gündüz işləməyə hazır olmalarından bəhs olunur. Film 1969-cu ildə Kiyevdə Zaqafqaziya və Ukrayna respublikalarının III zona kinofestivalında mükafatlandırılıb, qadın rolunun ən yaxşı ifasına görə aktrisa Xuraman Qasımovaya diplom verilib.
1962-ci ildə ekranlaşdırdığı, görkəmli rəqqas Mahmud Esambayevin həyat və yaradıcılığına həsr etdiyi “Əmək və qızılgül” filmi isə geniş tamaşaçı auditoriyasının rəğbətini qazanıb. Tofiq Tağızadə və yaradıcı qrupun bir neçə üzvü 1964-cü ildə Çeçen-İnquş MSSR Əməkdar incəsənət xadimi fəxri adına layiq görülüb.
80-ci illərin sonunda ölkədə bir sıra özəl studiyalar yarandı. Tofiq Tağızadə də özünün “TMT” kinoşirkətini yaratdı. Bu kinoşirkətdə “Qayğı” cəmiyyətinin maliyyə dəstəyi ilə “O dünyadan salam” filmini çəkdi. Cəlil Məmmədquluzadənin “Ölülər” pyesinin motivləri əsasında çəkdiyi, görkəmli ədibin anadan olmasının 125 illiyinə ithaf etdiyi “O dünyadan salam” filmi 1992-ci ildə Aşqabadda keçirilən I Beynəlxalq milli kinematoqrafçıların “Gümüşü Aypara” regional kinofestivalında uğurla nümayiş etdirilib, sosial problemin komik həllinə görə münsiflər heyətinin mükafatını alıb.
Mövzu və məzmun etibarilə dəyərli ekran əsərlərinin müəllifi kimi tanınan rejissor aktyor kimi 10-a yaxın filmdə, epizodik rollarda çəkilib. “Matteo Falkone”, “Anlamaq istəyirəm”, “Onun böyük ürəyi”, “Qəribə adam”, “Qaladan tapılan mücrü”, “Zirzəmi”, “Bəxt üzüyü” və başqa filmlərdə fərqli rollar canlandırıb.
Respublikanın ictimai-siyasi həyatında fəal iştirak edən Tofiq Tağızadə Azərbaycan SSR Ali Sovetinin deputatı olub, uzun illər Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi işləyib, kino işinin təşkilində və milli kino kadrlarının hazırlanmasında gərgin əmək sərf edib. Tofiq Tağızadə “Oktyabr inqilabı” (1971), “Şərəf nişanı” (1959)ordenləri, “Qafqazın müdafiəsi uğrunda” (1946), “Böyük Vətən müharibəsində rəşadətli əməyə görə” (1946) medalları ilə təltif edilib.
“Mənim istirahətim də, həyatımın mənası da çəkdiyim əsərlərdir. Öz əlinlə, öz alın tərinlə yaratdığın filmə ekranda baxmağı heç bir şeylə müqayisə etmək mümkün deyil…”, – deyən, ömrü boyu sənətinin keşiyində duran, yorulmadan çalışan Tofiq Tağızadə 1998-ci il avqust ayının 27-də 79 yaşında dünyasını dəyişdi. Sevə-sevə, böyük yaradıcılıq eşqi ilə yaratdığı, mənəvi dəyərləri təbliğ edən mühüm fikirləri, nəsihətləri nəsillərə yadigar qaldı. İnsanlığı, mühüm dəyərləri aşılayan yaradıcılığına, yüksək sənətkarlıq keyfiyyətinə, əzmkarlığına görə unudulmadı, əziz xatirəsi daim hörmət və ehtiramla xatırlandı.
Dövlət Film Fondu