Kinorejissor Şamil Mahmudbəyovun 100 illik yubileyində xatirəsi məzarı başında anıldı

Əməkdar incəsənət xadimi, kinorejissor Şamil Mahmudbəyovun 100 illik yubileyi münasibətilə məzarı ziyarət olunub.

Fevralın 6-da Azərbaycan kino sənətinin görkəmli nümayəndəsi, tanınmış kinorejissor, Dövlət mükafatı laureatı, Əməkdar incəsənət xadimi Şamil Mahmudbəyovun (1924-1997) anadan olmasının 100-cü ildönümü tamam oldu.

Anım tədbirini giriş sözü ilə Azərbaycan Dövlət Film Fondunun direktoru, Əməkdar incəsənət xadimi Cəmil Quliyev açaraq, Azərbaycan kinosunun inkişafında Şamil Mahmudbəyovun xüsusi rolunu qeyd etdi.

Tədbirdə çıxış edən mədəniyyət nazirinin müavini Murad Hüseynov və ARKA-nın baş direktoru vəzifəsini icra edən Orxan Fikrətoğlu görkəmli sənətkar haqqında fikirlərini çatdırdılar. Sonra Xalq artistləri Oqtay Mirqasımov, Şəfiqə Məmmədova, Xamis Muradov və prodüser Rasim Həsənov görkəmli rejissor haqqında xatirələrini bölüşdülər.

Nazirliyin məsul əməkdaşları, tanınmış mədəniyyət və incəsənət xadimləri sənətkarın məzarını ziyarət edib, üzərinə tər çiçəklər düzdülər.

Qeyd edək ki, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Kino Agentliyinin dəstəyi ilə 100 illik yubileyi ərəfəsində kinorejissor Şamil Mahmudbəyovun baxımsız vəziyyətdə olan məzarı yenilənmişdir.