Şamil Mahmudbəyov – 100

Görkəmli kinorejissor Şamil Mahmudbəyovun 100 illik yubileyidir.

Taleyinə yazılan 73 illik ömür payının 50 ildən çoxunu milli kinomuzun inkişafına həsr edən rejissor ekranlaşdırdığı sənədli, bədii filmlərdə mühüm mövzulara toxunub, müxtəlif həyat hekayələrini yaradıcılığı fonunda təhlil obyektinə çevirib. Kinoda daim yüksək sənətkarlıq nümayiş etdirən Şamil Mahmudbəyov müsbət xarakterli insan kimi də həmkarları, dostları arasında hörmət qazanıb, yüksək mənəvi keyfiyyətlərindən yaradıcılığına pay bölüb, gözəllik, humanistlik, nəciblik hissinin vacibliyini çatdırıb. Daim yaradıcılıq axtarışında olan rejissor, zəngin dünyagörüşünün, həyat müşahidəsinin nəticəsi kimi yüksək ideyaları təbliğ edən filmlər ərsəyə gətirib, kinosevərlərin yaddaşında əbədi iz qoyub.

Şamil Mahmudbəyov 1924-cü il fevralın 6-da Qərbi Azərbaycanın Böyük Vedi kəndində qulluqçu ailəsində anadan olub. Atası Fərəməz Mahmudbəyov Xalq  Torpaq Komissarı vəzifəsində işləyib. 1925-ci ildə  Naxçıvanın digər hökumət üzvləri ilə birgə qanunsuz olaraq repressiyaya məruz qalıb, ölümündən sonra ona bəraət verilib (1956). Ailənin bütün yükü həyat yoldaşı Şövkət xanımın üzərinə düşüb. O, himayəsində qalan dörd uşağını böyütmək üçün (iki qız və iki oğlan) həm texnikumda, həm də orta məktəblərdə rus dili fənnindən dərs deyib, övladlarının təlim-tərbiyəsi ilə məşğul olub.

1932-ci ildə Mahmudbəyovlar ailəsi Bakıya köçüb. 1942-ci ildə Şamil Mahmudbəyov orta məktəbi bitirib. Bakı kinostudiyasına rejissor köməkçisi vəzifəsinə işə qəbul olunub. Həmin vaxt kinorejissor Qriqori Aleksandrovun quruluş verdiyi “Bir ailə” kinoalmanaxının çəkilişlərində iştirak edib. Paralel olaraq Dəmiryol Texnikumunda oxuyub. İkinci Dünya müharibəsi həmyaşıdları kimi onun da gəncliyini əlindən alıb, erkən yaşlarından ağlagəlməz faciələrlə, gərgin hadisələrlə qarşılaşmasına səbəb yaradıb. 1943-cü ilin aprel ayında o, texnikumu yarımçıq qoyub könüllü olaraq ön cəbhəyə yollanıb. 1944-cü ildə Qroznı piyada məktəbini leytenant rütbəsində bitirib, I Ukrayna cəbhəsinə göndərilib. Ukrayna, Polşa və Çexoslovakiyanın azad olunması uğrunda gedən   döyüşlərdə iştirak edib. Oder çayını keçərkən ağır yaralanıb, kontuziya alıb, müalicədən sonra yenidən cəbhəyə yollanıb. 1947-ci ildə hərbi xidmətini başa vurub, Bakıya qayıdıb. Həmin ərəfədə kinostudiyada istehsal olunan “Fətəli xan” tarixi-bioqrafik filmində rejissor köməkçisi işləyib. 1948-ci ilin iyul ayına kimi Bakı kinostudiyasında fəaliyyətini davam etdirib.

Sənətini püxtələşdirməyə, daha böyük nailiyyətlər əldə etməyə can atan gənc həmin ildə Azərbaycan Kinematoqrafiya Nazirliyinin göndərişi ilə Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun rejissorluq fakültəsində təhsil alıb (1948-1954). Ali kino təhsilini bitirdikdən sonra, 1954-cü il avqustun 30-dan Bakı kinostudiyasında dörd il rejissor assistenti, daha sonra quruluşçu rejissor işləyib. Bir müddət Moskvanın “Novosti dnya” kinojurnalı üçün kinosüjetlər çəkib, paralel olaraq dublyaj rejissoru kimi fəaliyyət göstərib. Sovet filmlərinin Azərbaycan dilinə dublyajı ilə məşğul olub.

Şamil Mahmudbəyovun görkəmli kinorejissorlarla çiyin-çiyinə işləməsi, onlardan sənət istiqaməti alması yaradıcılıq düşüncələrini daha da zənginləşdirib, imkanlarını genişləndirib. 1955-ci ildə kinorejissor Tofiq Tağızadənin quruluş verdiyi “Görüş” kinokomediyasının hazırlıq mərhələsində və çəkiliş dövrünün başlanğıcında rejissor assistenti işləyib. 1956-cı ildə kinorejissor Ağarza Quliyevin lentə aldığı “Qara daşlar” bədii filmində ikinci rejissor kimi çalışıb. Bundan sonra “Kitab poçtla”nın xidmətlərindən istifadə edin”, “Onun 150 yaşı var” (1958), “Naxçıvan MSSR” (1959), “Leytenant Şmidt adına zavodda əməyin təhlükəsizliyi” (1961) sənədli filmlərini, “Mozalan” satirik kinojurnalı üçün kinosüjetlər çəkib.

Şamil Mahmudbəyovun bədii kinoda debütü 1960-cı ildə quruluş verdiyi “Əyri yolla qazanc” qısametrajlı bədii filmidir. Filmdə yol hərəkəti qaydalarını pozan sürücü haqqında danışılır, böyük sürətlə maşın sürməyin acı nəticələrindən bəhs edilir.

1963-cü ildə “Romeo mənim qonşumdur” operettasının motivləri əsasında eyniadlı musiqili kinokomediyaya quruluş verməklə ilk tammetrajlı bədii filmini çəkir. Kino istehsalatı qıtlığına görə üç ildən sonra “Qaraca qız” (1966) kinonovellasını ekranlaşdırır. Uğurlu aktyor seçimi, hadisələrin kinematoqrafik həlli rejissora geniş şöhrət gətirir. 1967-ci ildə Tbilisidə keçirilən Zaqafqaziya və Ukrayna respublikalarının I zona kinofestivalında kinoalmanaxa Gürcüstan LKGİ MK-nın diplom və mükafatı verilir.

Şamil Mahmudbəyovun kino fəaliyyətində müharibə mövzusu xüsusi yer tutur. Müharibə dəhşətlərini görən, yaşayan rejissor məqam düşdükcə insanların həyat rifahını, arzularını əlindən alan bəşəri bəlanın kədərli nüanslarını, həssas məqamlarını incə ştixlərlə cilalamağa, yaradıcılığı fonunda nəsillərə çatdırmağa çalışır. Buna görə də ona verilən növbəti şansdan istifadə edərək yaradıcılıq filmoqrafiyasına “Torpaq. Dəniz. Od. Səma” (1967) lirik-fəlsəfi filmini əlavə edir. Adından da göründüyü kimi film dörd novelladan ibarətdir. Novellaların adları rəmzi məna daşıyır. Hadisələr kiçik kənddə cərəyan edir. Bir-birini əvəz edən dörd nəslin müxtəlif dövrlərlə əlaqədar talelərinin rəmzi mənası psixoloji nüanslarla aydınlanır. Film 1968-ci ildə İrəvanda Zaqafqaziya və Ukrayna respublikalarının II zona kinofestivalında nümayiş etdirilib, rejissora uşaqlarla işə görə diplom verilib.

Şamil Mahmudbəyovun uğurlu ekran əsərlərindən biri də 1969-cu ildə quruluş verdiyi “Şərikli çörək” hərbi kinopovestidir. Filmdə müharibə illərinin ağrılı-acılı günləri, çətin vəziyyətə düşən insanların şəraiti əks etdirilir, uşaqların dostluğu incə ştrixlərlə göstərilir. Uşaqlarla, yeniyetmələrlə böyük səbir və təmkinlə işləyən rejissorun quruluş verdiyi “Skripkanın sərgüzəşti”, “Bayquş gələndə…” filmlərinin qəhrəmanları da müxtəlif dövr hadisələrinə bələdçilik edən, hadisələrin məzmununu açan personajlardır.

Rejissora uğur qazandıran növbəti ekran əsəri klassik Azərbaycan yazıçısı, dramaturqu, filosofu və mütəfəkkiri M.F.Axundzadənin əsəri əsasında çəkdiyi (rejissor K.Rüstəmbəyovla birgə) “Dərviş Parisi partladır” kinokomediyasıdır.        

Komediya dövrünün mövhumatçılığını, insanların avamlığını tənqid atəşinə tutur, Dərviş Məstəli şah kimi pula həris, fırıldaqçı möhtəkirləri gülüş hədəfinə çevirir. Dövrünün eybəcərlikləri, xurafatı, cəhaləti, geriliyi məsxərəyə qoyulur, ifşa edilir.

Bundan başqa “Həyat bizi sınayır”, “Dörd bazar günü”, “Od içində”, “Tənha narın nağılı” (H.Turabovla birgə) bədii filmlərinə quruluş verən, kino sənətinin incəliklərinə bələd olan rejissor aktyor kimi də potensialını təsdiqləməyə müvəffəq olub, özünəməxsus, orijinal cizgilərlə maraqlı ekran obrazları yaradıb. “Yenilməz batalyon” kinodramında Qaçaq Əlimərdan, “Fransız” bədii filmində dayı, “Fəryad” müharibə dramında Samvel rolları Şamil Mahmudbəyovun sənət biliciliyinin bariz nümunəsi, sənət sevgisinin təcəssümüdür.

Ürəyi daim yaradıcılıq eşqi ilə döyünən, potensialını kino sənətinin inkişafına yönəldən, kino ictimaiyyətinin sevgisini qazanan kino xadiminin sənəti dövlət tərəfindən də yüksək qiymətlənrilib, Azərbaycan Dövlət mükafatına (1970), Əməkdar incəsənət xadimi fəxri adına layiq görülüb (1976).

Dövlət Film Fondu