Azərbaycan teatr və kino sənətində bənzərsiz yaradıcılığı ilə yadda qalan, milli kinomuzun simasına çevrilən Xalq artisti, görkəmli aktyor Yusif Vəliyevin anadan olmasından (22.03.1917-18.03.1980) 107 il ötür. Ömrü boyu sənətin keşiyində duran, teatr və kino obrazlarını ali səviyyədə təqdim edən sənətkarın xatirəsi sənətsevərlər üçün həmişə əzizdir.
Yusif Vəliyevin yaradıcılıq bioqrafiyasına 60-a yaxın film daxildir. Bunların içərisində çəkildiyi və səsləndirdiyi rollar var. Aktyorun kino yaradıcılığını xatırlayanda ustalıqla oynadığı ekran personajları ilə yanaşı, dublyaj fəaliyyəti də yada düşür. Aydın tələffüzü, amiranə səs tembri, qüsursuz diksiyası ilə 30-dan artıq yerli filmlərimizdəki personajları uğurla səsləndirən aktyor, Azərbaycan kinosunda çəkilən əcnəbi aktyorların ifasını da dolğun, məzmunlu, ifadəli çatdırıb. Dublyaj sənətinin vacib keyfiyyətlərini diqqətə çatdırmaqla, ekran qəhrəmanlarının fərdi cizgilərini daha yaxından tanıdıb. Azərbaycan dilinin qüsursuz təqdimatına, yadelli aktyorların ifasının daha məntiqli, məzmunlu çatdırılmasına səbəb olub. Buna görə də kino və dublyaj rejissorları Yusif Vəliyevi xüsusi olaraq filmlərindəki obrazları səsləndirməyə dəvət edir, mogikan sənətkarın məxməri səsindən yeri gəldikcə daha çox bəhrələnməyə çalışırdılar.
Görkəmli kinorejissor Ağarza Quliyevin quruluş verdiyi “Qara daşlar” filmində ilk dəfə rus nefçi rolunu səsləndirən aktyor bundan sonra “Azərbaycanfilm” kinostudiyasında istehsal olunan bir sıra ekran əsərində, o cümlədən, “Bizim küçə” filmində Lars, “Sehrli xalat”da İo-Kio, “Uzaq sahillərdə” müharibə dramında Tinti, “Yenilməz batalyon” tarixi-inqilabi filmində Kolpakov, “Dədə Qorqud” film-dastanında Bayandır xan, “Skripkanın sərgüzəşti”ndə Besfamilnı və digər personajlara səsi ilə bir daha baxımlılıq qazandırıb. Müəlliflərin ideyasını, istək və məqsədini ahəngdar səs tembrində sənət biliciliyi səviyyəsində təqdim edib. O cümlədən “Azərbaycanfilm” kinostudiyasında istehsal olunan bir çox filmdə, eyni zamanda, “Dağlarda döyüş” kinodramında Sərxan (aktyor Rza Əfqanlı), “Axırıncı aşırım”da Kərbəlayi İsmayıl (aktyor Adil İsgəndərov), “Dərviş Parisi partladır” kinokomediyasında Dərviş (aktyor Mirzə Babayev), “Həyat bizi sınayır” filmində Sadıq (aktyor Sadıq Həsənzadə), “Ən vacib müsahibə” dramında Cəbrayıl (aktyor Rza Təhmasib), “Yeddi oğul istərəm” filmində Kərəm (aktyor Məmmədrza Şeyxzamanov) və digər maraqlı obrazlar sənət bilicisinin ahəngdar səsində, yaddaqalımlı ifada çatdırılıb.
Cəmiyyətin düşüncə tərzinin formalaşmasında, həyat, məişət problemlərinə olan münasibətlərinin dəqiqləşməsində, doğru qərarlar verməsində incəsənətin və sənət adamlarının rolu misilsizdir. Yusif Vəliyev də yaradıcılıq qismətinə düşən ekran personajlarının təfsirində pislə yaxşını müqayisələndirərək personajların fərdi cəhətlərini kamil sənətkar kimi məntiqli şərhlə təqdim edib, mövqeyini, münasibətini həyat məktəbinə çevirib, aktyor sənətinin üstünlüyünü uğurlarının sayında, sənət zirvəsinə istiqamətlənən təqdimatlarında təsdiqləyib.
Milli kinomuzda aktyorun 10-dan artıq filmdə forma və məzmun baxımından fərqli canlandırdığı ekran personajlarından Fəttah; Qurd Cəbrayıl (“Arxadan vurulan zərbə”), Fərəməz (“Cazibə qüvvəsi” kinoalmanaxına daxil olan “Zirvə” novellası), Əmir Teymur (“Nəsimi”), Qılınc Qurban (“Tütək səsi”), böyük iş icraçısı (“Uşaqlığın son gecəsi”) və digər rolları ekran əsərlərinin ümumi vəziyyətinə, məzmun tamlığına xidmət edib, müəllif ideyasını dolğunluqla tamamlayıb.
Aktyorun maraqlı, diqqət çəkən kino personajlarından biri də “Bir cənub şəhərində” kinodramındakı Səfərəli roludur. Həbsdə olan Ağabalanın arvadı ilə evlənməklə məhəllə qanunlarına zidd gedən Səfərəlini filmin başlanğıc kadrlarında görsək də yaşam tərzi, məhəllədəki mövqeyi, ətrafındakıların ona olan münasibəti haqqında ətraflı məlumat əldə edə bilirik.
Kiçik mağazasında içki yeşiklərini yerbəyer edən Səfərəli narahat və nigarandır. O, tezliklə həyatında baş verəcək dram səhnəsinin baş rol iştirakçısına (Ağabalanın qurbanına) çevriləcək. Rəqibinin məramını, məhəllə adətlərinə uyğunsuz davrandığını yaxşı bildiyindən təlaşlıdır, həyəcanlıdır. Bununla belə, heç bir yerə getməyən, qonşularının gözü qarşısında, həyəcan içində ölümünü gözləyən Səfərəli bir neçə dəqiqə sonra baş verəcək qətlə sanki bilərəkdən səbəb yaradır, nəfsinə hakim olmamağın aqibətini (Ağabalanın əli ilə) göstərir. Faciəli ölümü ilə də dövrünün, mühitinin ab-havasını, ictimai qanunlarını, əhval-ruhiyyəsini çatdırır. Aktyorun özünəməxsus çalarlarla obrazın həyat mövqeyini, xarakterini dolğun təqdim etməsi filmin əsas qüvvəsi kimi finaladək xatırlanmasına, yadda qalmasına imkan yaradır.
Ümumiyyətlə, unudulmaz sənətkar Yusif Vəliyevin filmlərin məzmununu şərh edən bənzərsiz yaradıcılığı bu və ya digər ekran obrazlarının təfsirində ustalıqla həllini tapır, düşündürür, kinonun bütün dövrlər üçün vacib olduğunu dönə-dönə təsdiqləyir. Məhz bu mənada Azərbaycan kinosunda bənzərsiz obrazlar yaradan sənətkarın hər bir imzası nəsillərin yaddaşında hər ötən il əbədiləşir, milyonların sevimlisinə çevrilir.
Dövlət Film Fondu