Elə sənətkarlar var ki, məsləklərini mühüm missiyaya çevirərək həyata olan fərqli baxışlarını, insanlara olan ürək sözlərini yaradıcılıqlarının fövqündə cəmiyyətə ünvanlamağı özlərinə borc biliblər. İstedad və bacarıqları ilə insanların həyat yolunda mayaka çevriliblər. Bu kimi sənət xadimlərinin yüksək təfəkkürü, mənəvi zənginliyi bilavasitə cəmiyyətin dirçəlişinə, maariflənməsinə, dünyagörüşünün formalaşmasına xidmət edib. Xalq artisti, görkəmli sənətkar Adil İsgəndərov da sənətinə, xalqına olan sevgisini əməlində, peşəsində ömrü boyu təsdiqləyib, sənətin zirvəsini, milyonların qəlbini fəth edib.
Azərbaycan teatr, kino sənətinin inkişafında mühüm rolu olan, böyük bir aktyor nəslinin yetişməsində əvəzsiz xidmətlər göstərən, adı bu gün də dillərdən düşməyən, sənəti və şəxsiyyəti dərin minnətdarlıq hissi ilə yad edilən Adil İsgəndərov 1910-cu il mayın 5-də Gəncədə dünyaya göz açıb. İncəsənətə hələ kiçik yaşlarından həvəs göstərib. Dövrünün, mühitinin bəzi xoşagəlməyən cəhətlərini dəyişmək, insanların avamlığının qarşısı almaq, cəmiyyəti maarifləndirmək, işıqlı, nurlu sabahlara aparmaq niyyəti ilə də sənətdə olmağı qərara alıb.
Bakıda Teatr Texnikumuna daxil olan gənc sənətsevər buranı bitirdikdən sonra A.V.Lunaçarski adına Moskva Dövlət Teatr Sənəti İnstitutunda təhsil alıb. Moskva Bədaye Teatrında, Y.Vaxtanqov adına Akademik Teatrda sənət təcrübəsi keçib. 1936-cı ildə Azərbaycan Dövlət Dram Teatrının səhnəsində “Polad qartal” (A.Korneyçuk) tamaşası ilə debüt edib və ilk sənət uğurunu qazanıb. Daha sonra müxtəlif mövzulu tamaşalara yüksək sənətkarlıqla quruluş verib, səhnə tariximizin parlaq səhifələrini təşkil edən “Aydın”, “Fərhad və Şirin”, “Otello” və digər tamaşaları hazırlayıb.
Kinoda rejissor debütünü 1943-cü ildə edib, “Fətəli xan” filminə quruluş verib, lakin film gözlənilmədən ondan alınıb. Aktyor kimi ilk dəfə 1956-cı ildə “O olmasın, bu olsun” filmində qoçu roluna çəkilib. Kiçikplanlı rolun xarakterik cizgilərini dəqiq və peşəkarlıqla çatdıran sənət bilicisi bu filmdən sonra ardıcıl olaraq müxtəlif janrlı filmlərə dəvət alıb. “Uzaq sahillərdə” müharibə dramında Rosselini, “Qara daşlar” kinodramında Xəlilov, “Qanun naminə” filmində prokuror Kamilov, “Arxadan vurulan zərbə”də Dadaşlı, “Məhəbbətim mənim, kədərim mənim”də qoca usta rollarına çəkilib.
Forma və məzmun etibarilə bir-birindən fərqlənən obrazlar üçün maraqlı jestlər, yaddaqalan cizgilər axtarıb tapan sənətkar hər bir ekran personajını həyat mövqeyinə uyğun təbii boyalarla təqdim edib, rolun təfsirində müəyyən həyat hadisələrinin təsvir həllinin mahiyyətinin açılmasına nail olub.
Müxtəlif illərdə Tofiq Tağızadə, Lətif Səfərov, Şamil Mahmudbəyov, Kamil Rüstəmbəyov, Muxtar Dadaşov, Arif Babayev və digər peşəkar kinorejissorların filmlərinə dəvət alan xarakterlər ustası ona göstərilən etimaddan bacarıqla istifadə edib, fərqli dövrlərə aid personajların psixologiya və davranışlarını, həyat amalını ətraflı şəkildə göstərməyə nail olub. Maraqlı və məzmunlu oyunu ilə (yaradıcı heyətlə birgə) filmərin uğur qazanmasında mühüm rol oynayıb.
Azərbaycan kino sənətinin inkişaf mərhələsini müntəzəm izləyən, yaradıcı heyətlə daim ünsiyyətdə olan, kömək və qayğısını əsirgəməyən sənətkar 1963-cü ildə yazıçı, dramaturq Sabit Rəhmanın ssenarisi əsasında “Əhməd haradadır?” kinokomediyasını lentə alıb. Yüksək mənəvi keyfiyyətləri, adət-ənənələrə, ailə dəyərlərinə hörməti təlqin edən əsər tamaşaçıların sevimli ailə filminə çevrilib. Riyakar, tənbəl, işinin öhdəsindən gələ bilməyən bacarıqsız insanları tənqid hədəfinə çevirən, incə yumorla qınayan kinokomediyada həyat üçün vacib məqamlara toxunulub. Gənclərin doğru həyat istiqamətinin labüdlüyü, əmək qabaqcılı, təhsilli olması kimi ümdə məsələlər qabardılıb. Ailə dəyərlərini, insanpərvərliyi, zəhmətkeşliyi təbliğ edən film izləyicilərdə xoş ovqat yaradıb, təfəkkür tərzini formalaşdırıb. Bu gün də ekran ömrünü uğurla yaşayan, yüksək mənəvi dəyərləri təbliğ edən musiqili kinokomediya kinonun əhəmiyyətini, cəmiyyətdəki rolunu bir daha təqdiqləyib.
Kinostudiyadakı fəaliyyəti dövründə yaradıcı və texniki heyətin potensialına yaxından bələd olan Adil İsgəndərov 1966-cı ildə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasına rəhbər təyin edilib, 1974-cü ilə qədər bu vəzifədə çalışıb. Bu illər ərzində kinostudiyada yaradıcı istehsalat sahəsində böyük dönüş yaranıb, maddi-texniki baza əsaslı şəkildə yenilənib, milli, tarixi köklərdən bəhs edən filmlərin istehsalına başlanılıb. Bu isə milli kadrların – ssenaristlərin, aktyorların, rejissorların potensialının, sənət imkanlarının üzə çıxarılmasına imkan yaradıb. Həmin illərdə bir-birindən maraqlı, peşəkarlıq baxımından mütəxəssislərin diqqətini cəlb edən filmlər çəkilib, ümumittifaq ekranlarına buraxılıb.
“Bir cənub şəhərində”, “Bizim Cəbiş müəllim”, “Yeddi oğul istərəm”, “Nəsimi”, “Şərikli çörək”, “Axırıncı aşırım”, “Ulduzlar sönmür”, “Səmt küləyi” və digər dəyərli sənət əsərləri məhz Adil İsgəndərovun kinostudiyaya rəhbərlik etdiyi dövrdə yaradılıb.
Onun təşəbbüsü ilə açılan və rəhbərlik etdiyi kinoaktyor studiyası tez bir zamanda öz bəhrəsini verib. Burada təhsil alan gənc istedadlar filmlərə çəkilib, həmçinin kino istehsalının müxtəlif sahələrində çalışıblar.
Adil müəllimin sənət adamlarına göstərdiyi diqqət və qayğı haqqında müasirləri, sənət dostları bu gün də dərin sevgi ilə danışırlar. Rejissor, aktyor və kinostudiyanın rəhbəri olan Adil müəllimin həmkarları ilə olan səmimi münasibətinin, ünsiyyətcil xarakterinin, yüksək insani keyfiyyətlərinin nəticəsidir ki, bir çox sənət adamı kinostudiyanı özünə doğma məkanı, ikinci evi bildi, taleyini kinoya bağladı.
40 ilə yaxın milli teatrımızın, kinomuzun inkişafına xidmət edən Adil İsgəndərov uzun illər teatr və kino sənətinin inkişafı üçün çalışdı, pedaqoji fəaliyyəti və sənəti ilə gənclərə örnək oldu. Sənət adamlarının sosial şəraitinin yaxşılaşdırılması, yaradıcı fəaliyyətinin stimullaşması, milli-mənəvi dəyərlərimizin qorunması istiqamətində mühüm işlər gördü. Məhz bu mənada ustad sənətkarın ömür yolu örnək, yaradıcılığı məktəbdir.
Dövlət Film Fondu