Nizami Kino Mərkəzində Tacik Kinosu Günlərinin bağlanış mərasimi keçirilib.
Tədbirdə çıxış edən Azərbaycan Dövlət Film Fondunun direktoru, Əməkdar incəsənət xadimi Cəmil Quliyev iki ölkənin kinematoqrafçıları arasında həmişə sıx münasibətlərin olduğunu qeyd edib.
Tacik mədəniyyətinin həyatında əhəmiyyətli rol oynadığını diqqətə çatdıran Əməkdar incəsənət xadimi, kinoşünas Ayaz Salayev deyib: “Mən Moskvada Kinematoqrafiya İnstitutunda oxuyarkən onlarla yaxşı əlaqələr qurmuşdum. “Yarasa” filmimdə əsas rollardan birində tacik dostum və rejissor Talıb Həmidov çəkilib. Bu mənim üçün çox vacib idi. Düşünürəm ki, mədəniyyətlərimiz arasında əlaqələr daha sıx qurulmalıdır”.
Tacikistan Kinematoqrafçılar İttifaqının sədri Səfər Hakdodov iki qardaş ölkə arasında əməkdaşlığın gələcəkdə də yüksələn xətlə inkişaf edəcəyinə ümidvar olduğunu bildirib.
“Tacikfilm”in baş direktoru Məhmədsəid Şahiyon söyləyib ki, müstəqillik illərində Tacikistan və Azərbaycan arasında diplomatik münasibətlər dinamik inkişaf edib. “Tacikistan Prezidenti Emoməli Rəhmon və Azərbaycan Prezidenti İlham Əliyev arasındakı yüksək səviyyəli, möhkəm və etibarlı təmaslar buna böyük töhfə verib”, – deyə baş direktor vurğulayıb.
Rejissor Nəsir Səidov vurğulayıb ki, “Əks etdirməyən güzgü” filmi psixoloji dram janrında çəkilib.
Sonda “Əks etdirməyən güzgü” filmi nümayiş olunub.