Kino xarakterləri sevir. Ekran obrazlarını milyonlara sevdirənləri də mütləq şəkildə məşhurlaşdırır, sevdirir. Azərbaycan kinosunda özünəməxsus yaradıcılıq tərzinə, koloritli, dolğun rollarına görə seçilən, kinosevərlərin rəğbətini qazanan aktyorlarımızdan biri də Xalq artisti, kinoaktyor Tofiq Mirzəyevdir (16.06.1932). İstedad və bacarığı ilə maraqlı ekran obrazları yaradan, hər bir rolun mənəvi keyfiyyətini, daxili dünyasını, fikir və düşüncəsini aydınlıqla xarakterizə edən aktyorun yaradıcılıq bioqrafiyasına 40-a yaxın film daxildir. “Mosfilm”, Dovjenko adına studiyalarda istehsal olunan filmlərdə müxtəlif xarakterli rollar canlandıran, “Azərbaycanfilm” kinostudiyasında 27 filmdə yaddaqalan personajları filmlərin aparıcı qüvvəsi olaraq təqdim edən, 10-dan artıq sənədli-televiziya filminin ssenari müəllifi və rejissoru, 1 animasiya filminin ssenari müəllifi olan Tofiq Mirzəyevin anadan olmasından 92 il ötür.
İstadadlı doğulmaq şansdırsa, onu məhsuldar iş əmsalına çevirmək ikiqat xoşbəxtlikdir. Yaddaşımızda dramatik rollar ifaçısı kimi iz salan Tofiq Mirzəyev sevib-seçdiyi musiqi sənətini yarımçıq qoymağa məcbur olsa da, aktyorluq fəaliyyəti dövründə taleyinə yazılan məşhurluq məsuliyyətini yaşamağa, sənət uğurunu tamamlamağa nail oldu.
Azərbaycan Konservatoriyasının klarnet sinfini bitirən Tofiq Mirzəyev klarnet ifaçısı kimi tanınaraq məşhur dirijor və bəstəkar Niyazinin rəhbərliyi altında Dövlət simfonik orkestrinin tərkibində Azərbaycan və dünya simfonik musiqilərini ifa edib. Rus və Avropa bəstəkarlarının klassik musiqilərinə dərindən bələd olub. Hələ gənc yaşlarından klassik musiqi ilə yanaşı, cazla da maraqlanıb. Azərbaycanın məşhur cazmenləri ilə caz musiqiləri ifa edib, onlarla birlikdə bir sıra ölkələrdə qastrol səfərlərində olub. Ağciyəri fəsadlar verdiyinə görə həkimlər ona musiqidən ayrılmağı məsləhət görüblər. Belə olan halda əmək fəaliyyətini incəsənətdən ayrılmamaq şərti ilə davam etdirib, kinoda çalışıb, tanınıb, məşhurlaşıb.
Tofiq Mirzəyev Moskvada Mərkəzi Televiziyanın rejissorluq kurslarını bitirdikdən sonra rejissor peşəsinə yiyələnib. Bakıya qayıdaraq Azərbaycan Televiziyasında bir sıra portret filmləri çəkib, həmçinin bir sıra görkəmli kinorejissorların quruluş verdiyi filmlərdə (əcnəbi müğənni-“Ən vacib müsahibə”, Teymur-“İstintaq”, Laçın-“Bizi dağlarda axtarın”, Cəlal-“Dörd bazar günü”, alman zabiti-“Dvorjakın melodiyası”, aparıcı-“Üzeyir ömrü”, Tahirov-“Mezozoy əhvalatı”, baba-“Əlvida, cənub şəhəri” və s.) xarakterik rollar yaradıb.
Göründüyü kimi mövzu və janr etibarilə fərqli filmlərdə çəkilən aktyor ekran personajlarının xarakter və mövqelərini dəqiq çatdırmağa, obrazların şəxsiyyətini, düşüncə tərzini, məqsəd və məramını inandırıcı şəkildə təqdim etməyə nail olub. Bu isə sənətə həddən artıq dəyər verən, məsləyini yüksək səviyyədə təqdim etməyi yaradıcılıq kredosuna çevirən aktyorun məsləyinə olan böyük sevgisinin və məsuliyyətlə yanaşmasının təzahürüdür.
Əməkdar mədəniyyət işçisi, kinorejissor Akif Rüstəmovun xatirələrindən: “Tofiq Mirzəyevin kinoda debüt rolu görkəmli kinorejissor Arif Babayevin quruluş verdiyi “Uşaqlığın son gecəsi” (1968) filmindəki Rüfət obrazıdır. Ariflə Tofiq yaxın dost idilər. Həmin vaxtlarda da Tofiq musiqiçi kimi çox tanınırdı, əsl incəsənət adamı idi. Ziyalılığına, istedadına görə şəhərin sayılıb-seçilənləri sırasında idi. Etiraf edim ki, ilk dəfə onu görəndə qürurlu davranışı, xarici aktyorlara bənzəyən siması mənə çox xoş təsir bağışladı. Özünəməxsus bəy duruşu, mədəni davranışı onu digərlərindən fərqləndirirdi. Həmin illərdə çəkilən filmlərdə peşəkar aktyorlarla yanaşı, mövzuya uyğun gələn insanları da çəkirdilər. Arif müəllim də bu kimi priyomlardan istifadə edirdi. Məsələn, Xosrov Abdullayevi “Uşaqlığın son gecəsi” filmində Məcnun roluna çəkmək üçün Moskvadan (aktyor Siyavuş Şəfiyevin məsləhəti ilə) dəvət etdi. O, həmin vaxtlarda Moskva Dövlət Sirkində jonqlyor, illüziyaçı işləyirdi, Siyavuş Şəfiyev isə Bakı Sirkində fəaliyyət göstərirdi. Sürücü rolunu canlandıran Rafiq Tağıyev mağaza müdiri, Tofiq Mirzəyev isə tanınmış musiqiçi idi. Beləliklə də, fərqli peşə sahiblərinin və Tofiq Mirzəyevin inandırıcı ifası filmin uğuruna uğur qatdı.
Tale elə gətirdi ki, Tofiq Mirzəyevlə “Nəsimi” filminin çəkilişləri zamanı görüşdük. Görkəmli kinorejissor Həsən Seyidbəyli Tofiq Mirzəyevi filmlərdən tanıyırdı və Dövlət bəy roluna onu sınaq çəkilişi etmədən təsdiqləmişdi. Filmin çəkilişlərinə hazırlıq dövründə Tofiq müəllimlə iki ay məşq etdi. Çəkilişlərdən əvvəl həyəcan keçirdiyi hiss olunurdu, amma bunu kamera qarşısında göstərmirdi. İşinə məsuliyyətlə yanaşdığından Həsən müəllim rol üçün nə lazım idisə Tofiq müəllimdən alırdı, həmişə də ondan razı qalırdı”.
İstedad və bacarığı, sənət biliciliyi sayəsində məhz sənət üçün doğulduğunu, aid olduğu yerdə (kinoda) olduğunu hər bir rolu ilə təsdiqləyən Tofiq Mirzəyev şəxsiyyəti kinomuz üçün bir tapıntı idi. Aktyor özü də hər bir ekran personajı ilə sənətə vurğunluğunu dönə-dönə təsdiqlədi, yaradıcılıq axtarışlarının uğurlu nəticəsi olan yaddaqalan obrazlar ərsəyə gətirdi.
Dövlət Film Fondu