Xalq rəssamı, Azərbaycan Dövlət mükafatı laureatı Elbəy Rzaquliyevin anadan olmasından 98 il ötür. İstedad və bacarığı ilə milli kinomuza uğur qazandıran, 1953-cü ildən etibarən Bakı kinostudiyasında çalışan, yaradıcılığı əsasən iki istiqamətdə inkişaf edən görkəmli sənətkarın sənət nailiyyətlərini birlikdə yada salaq.
Elbəy Mirzəhəsən oğlu Rzaquliyev 1926-cı ildə Bakıda dünyaya göz açıb. Hələ məktəbdə oxuyarkən Bakı Pionerlər Evinin rəssamlıq studiyasında sənət sirlərini öyrənib. Gələcəyin məşhur rəssamının bəxti onda gətirib ki, hələ kiçik yaşlarından Azərbaycan karikatura sənətinin banisi, Xalq rəssamı Əzim Əzimzadə kimi sənət dahisinin yaradıcılığından bəhrələnib, əsərlərindən ilhamlanaraq rəssamlıq sənətini seçib, ömrü boyu məsləyinin keşiyində durub. Rəssamın uşaqlıq illəri ilə bağlı xatirələrindən: “Mən uşaq olanda bizim küçədə, Suraxanskidə (indiki Dilarə Əliyeva küçəsi) demək olar ki, evimizlə üzbəüz “Molla Nəsrəddin” jurnalının məşhur karikaturaçı rəssamı Əzim Əzimzadə yaşayırdı. Məhəlləmizdə rəssam olmaq istəyən uşaqlar çox idi. Əzim əminin qapısı bizim üçün həmişə açıq olurdı. Biz saatlarla dinməzcə oturub onun necə işləməsini izləyirdik. Rəssam başını qaldırmadan, ağır-ağır nəfəs alaraq, konturlar çəkir, sonra onları rəngləyir, nəticədə maraqlı səhnələr alınırdı: dəllək küçənin ortasında müştərinin başını qırxır, itlər boğuşur və s. Biz bu şəkillərə həsədlə və heyranlıqla baxırdıq”.
Dövrünün bir çox qabaqcıl düşüncəli gəncləri kimi arzuları böyük olan, məqsədinə doğru irəliləyən Elbəy Rzaquliyev 1941-ci ildə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbinə daxil olub. Müəllimi rəngkar Eyyub Məmmədovdan sənətin sirlərini öyrənib. Rəssamlıq məktəbini bitirdikdən sonra Respublika Maarif Nazirliyi Elbəy Rzaquliyevi Moskvaya Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutuna göndərib (1946). Burada rəssamlıq fakültəsində təhsil alan gənc Q.Şeqal, Y.Pimenov, A.Dixtyar və M.Boqdanov kimi peşəkar rəssam-pedaqoqlardan dərs alıb, müəllim və tələbə heyətinin hörmətini qazanıb.
1953-cü ildə institutu müvəffəqiyyətlə bitirib Bakıya qayıdıb. Bakı kinostudiyasında böyük coşqu ilə, həvəslə fəaliyyətə başlayıb. Kino rəssamlığı üzrə peşə təhsili almış ilk kino rəssamı kimi Azərbaycan kinosuna yaradıcılıq töhfələrini verib.
Rəssamın kinostudiyada ilk işi görkəmli kinorejissor Hüseyn Seyidzadə və Yan Fridin 1954-cü ildə birgə quruluş verdikləri “Doğma xalqıma” bədii-sənədli filmində olub. O, bu film üzərində rəssamlardan C.Əzimov və A.Freydinlə birgə işləyib. Sözügedən filmin ardınca 1955-ci ildə dostu C.Əzimovla birgə “Bəxtiyar” və “Görüş” kinokomediyalarına bədii tərtibat verib.
Həmin illərdə kinostudiyanın maddi-texniki bazasının məhdud imkanlarına əsasən il ərzində üç və yaxud dörd tammetrajlı bədii film istehsalata buraxılırdı. Buna görə də yaradıcı heyət bir çox hallarda bir film üzərində müştərək fəaliyyət göstərməli olurdu. Elbəy Rzaquliyev də 1950-ci illərdə istehsal olunan yeddi filmdən yalnız birində – “Onun böyük ürəyi” kinodramında (1958) müstəqil işləyib. “Qara daşlar” filminə (1956) Kamil Nəcəfzadə, “Bir məhəllədən iki nəfər” filminə (1957) Kamil Nəcəfzadə və Məmməd Hüseynov, “Ögey ana” kinodramına isə (1958) Məmməd Hüseynovla birgə bədii tərtibat verib.
Gənc rəssamın kinostudiyada fəal çalışması, təcrübə toplaması, istehsalatı dərindən öyrənməsi kino sənətinin spesifik xüsusiyyətini dərindən başa düşməsinə, əsasən iri həcmli ekran əsərlərində məhsuldar çalışmasına, yüksək peşəkarlıq nümayiş etdirməsinə səbəb olub.
1960-cı illərdə istehsal olunan bir neçə filmin, o cümlədən “Telefonçu qız” (1962), “Möcüzələr adası” (1963), “Arşın mal alan” (1965), “İstintaq davam edir” (1966, N.Zeynalovla birgə), “Uşaqlığın son gecəsi” (1968) filmlərinin uğurlu ekran taleyində Elbəy Rzaquliyevin böyük rolu var. Rəssamın səmərəli axtarışları ekran əsərlərinin emosional qüvvəsinin artırılmasına kömək edib. Filmlərə aid eskizlərdəki dekorasiyalarla və natura ilə uyğunluq, əlvanlıq ekran əsərlərinin estetik təsirini artırıb.
Filmlərdə quruluşçu rəssam kimi çalışan fırça ustasının 1970-ci illərdə üzərində çalışdığı “Sevil” (1970), “Gün keçdi” (1971), “Skripkanın sərgüzəşti” (1972), “Dənizə çıxmaq qorxuludur” (1973), “Tütək səsi” (1975), “Vulkana doğru” (1977), “Arxadan vurulan zərbə” (1977) bədii filmlərində öz iş prinsipinə sadiq qalması əksini tapıb.
1980-ci illərdə məhsuldar iş prinsipinə sadiq qalan rəssam istedad və təfəkkürünün məhsulu kimi “Onun bəlalı sevgisi” (1980), “Yeddi gözəl” (1982, R.Nəsirovla), “Əzablı yollar” (1982, R.Nəsirovla), “Musiqi müəllimi” (1983), “Bəyin oğurlanması” (1985), “Qəm pəncərəsi” (1986, R.Nəsirovla), “Xüsusi vəziyyət” (1986, N.Zeynalovla), “Araqarışdıran” (1987, R.Nəsirovla), “Şeytan göz qabağında” (1987, R.Nəsirovla), “Sahilsiz gecə” (1989, R.Nəsirovla) filmlərinə bədii tərtibat verib. 1991-ci ildə quruluşçu rəssam Rafiq Nəsirovla birgə “Qəzəlxan” bədii filmi üzərində çalışıb.
Kinostudiyada çalışmaqla yanaşı, dəzgah rəsmləri seriyasından bir çox rəngkarlıq və rəsm əsərləri çəkən rəssam “Kənddə”, “Bakı küçələrində”, “Neft mədənlərində”, “İnşaatçılar”, “Əmək adamları”, “Qələbə bayramı”, “Bakının və Abşeronun peyzajı” seriyasından olan işləri, “Leyli və Məcnun” poemasına çəkdiyi illüstrasiyaları; “Şəhər tikilir” seriyasından “Əli Bayramlı HES”, “Yüksəklik” , “Rəfiqələr”, “Ailə” və başqa rəsmləri ərsəyə gətirib.
1958-ci ildən etibarən dünyanın bir çox ölkəsində olan Elbəy Rzaquliyev “Meksikada”, “Hindistan abidələri”, “Yaponiya”, “ABŞ”, “Rumıniya”, “İsrail”, “Macarıstan” və digər portret rəsmlərini, akvarel, rəngkarlıq işlərini respublika, ümumittifaq və beynəlxalq rəssamlıq sərgilərində nümayiş etdirib, böyük uğur qazanıb.
Milli kino və rəssamlıq sənətinin inkişafında böyük xidmətləri olan Elbəy Rzaquliyev bu gün aramızda olmasa da, yaratdığı sənət əsərləri daim yaşayacaq və tamaşaçıların zövqünü oxşayacaq.
Dövlət Film Fondu