Elə aktyorlar var ki, onların səhnədə, ekranda görünməsi mühüm fikirlərin çatdırılması mesajını verir və tamaşaçı fikrinin tamlıqla ekrana cəmlənməsinə səbəb yaradır. Ustalıqla canlandırdıqları personajlar müəyyən dövrlərin bələdçisi olmaqla yanaşı, ümumilikdə sənətin yüksəlişinə, incəsənətin təntənəsinə çevrilir.
Xalq artisti Möhsün Sənaninin Azərbaycan teatr, kino sənətində yaratdığı obrazlar da cəmiyyətin maariflənməsi, zamanın dirçəlişi istiqamətində sözü, yeri olan personajlardır. Aktyor canlandırdığı obrazların daxili mənini, hiss və duyğularını dərindən qavrayıb, dolğunluqla təqdim edib. Müxtəlif dövr müasirlərinin həyat mövqeyini, əhval-ruhiyyəsini dəqiqliklə cilalayıb, mühitin ab-havasını, personajların fikir və davranışlarını bənzərsiz ifalarla xarakterizə edib.
Realist aktyor məktəbinin davamçılarından olan Möhsün Sənani 1900-cü il iyunun 19-da Tiflisin Şeytanbazar məhəlləsində ruhani ailəsində dünyaya göz açıb. Hələ kiçik yaşlarından sənət aşiqi olub. 1912-ci ildə Tiflisdə kiçik həvəskarlar dərnəyinə qoşulub, burada birpərdəli səhnələrdə oynayıb. 1915-ci ildə teatr truppasına cəlb edilib, məşhur sənətkarlarla (Mirseyfəddin Kirmanşahlı, İbrahim İsfahanlı, Əli Əsgərov, Əli Qurbanov və b.) tərəf-müqabili olub. Az müddət ərzində məşhurlaşıb, tamaşalarda oynadığı rolları ona şöhrət qazandırıb. 1915-ci ildən 1920-ci ilə kimi Tiflis teatr truppasında çalışıb. 1921-ci ildən Bakının teatr səhnələrində çıxış edib. Obrazların fərdi xüsusiyyətini, düşüncə və mövqeyini peşəkarlıqla səciyyələndirən aktyorun özünəməxsus tərz və üslubu, həmçinin xoş avazla ifa etdiyi mahnıları kinorejissorların da diqqətindən yayınmayıb. Görkəmli kino xadimləri aktyoru filmərinə dəvət etməklə yaradıcılıq palitrasının rəngarəngliyinə, ampluasının çoxşaxəliliyinə şərait yaradıblar. Kinoda əsasən ikinci, üçüncü planlarda xarakterik rollar oynayan aktyor Azərbaycan kinosunda 30-a yaxın filmdə yaddaqalımlı obraz yaradıb.
Debüt rolunu “Bayquş” (rejissor Georgi Kravçenko) filmində ifa edən Möhsün Sənani bundan sonra görkəmli sənətkar Abbas Mirzə Şərifzadənin quruluş verdiyi “Bismillah” (1925) kinodramında qoçu obrazını oynayıb. Görkəmli kinorejissorların rəğbətini qazanan, quruluş verdikləri filmlərə ardıcıl olaraq dəvət alan aktyor kinoda əsasən dramatik obrazlarda çıxış edib. “İsmət” filmində dükançı Qulu, “Kəndlilər” tarixi dramında Eldar, “Bəxtiyar” qısametrajlı bioqrafik müharibə dramında Bəxtiyar, “Fətəli xan” tarixi bioqrafik filmində Məlikməmməd xan, “Qara daşlar” macəra dramında usta Qurban, “O olmasın, bu olsun” kinokomediyasında Qoçu Əsgər, “Bir məhəllədən iki nəfər” filmində Həsən, “Sehrli xalat” macəra uşaq filmində Möhsün Ağayev və digər personajları yaddaqalan, orijinal ştrixlərlə canlandırıb.
Personajların daxili aləmini dərindən duyan, fərdi xüsusiyyətlərini dəqiqliklə çatdıran istedad sahibi hər bir rolun şəxsiyyət tamlığını, kimliyini dolğunluqla tanıtmaq üçün maraqlı, xarakterik ştrixlər axtarıb tapıb, inandırıcı formada təqdim edib. Tərəf-müqabilləri ilə səmimi yaradıcılıq həmrəyliyi qurduğuna, müəlliflərin fikir və məqsədinin tamlıqla çatdırılmasına səbəb yaratdığına görə sənətin qalibiyyətinə nail olub, cəmiyyətdə mühüm rol oynamasını yaradıcılığında dönə-dönə təsdiqləyib.
Möhsün Sənaninin kino obrazlarının bir çoxu qəliz xüsusiyyətə malik personajlardır. Ətrafındakılarla daim konfliktə girən bu obrazların (Həsən-“Bir məhəllədən iki nəfər”, Cavadov-“Kölgələr sürünür”, Həmzə bəy-“Koroğlu”, Qəmbər-“Dağlarda döyüş” və s.) hər birinin özlərinə məxsus həyat amalı, iddiası, məqsəd və prinsipi var. Aktyorun rolun həyat mövqeyinə, davranışına uyğunlaşdırdığı danışıq və jestləri, hadisələrə emosional müdaxiləsi obrazların səmimi, inandırıcı alınmasına, yadda qalmasına səbəb yaradıb.
Möhsün Sənaninin məşhur kino obrazlarından biri də görkəmli kinorejissor Hüseyn Seyidzadənin quruluş verdiyi “O olmasın, bu olsun” kinokomediyasındakı Qoçu Əsgər roludur. O, fikir və istəklərini zor gücünə tətbiq edən, ictimai mühitdə istədiyi vaxt qalmaqal yaradan, “qoçu” ləqəbi ilə tanınmasına görə fəxr edən biridir. Filmdə sözünün qarşısında kimsənin söz deməsini qəbul etməyən Qoçu Əsgərin ötkəm cəhətləri fonunda insanlar üçün təhlükə yaradan xüsusiyyətləri qabardılır. Qoçu Əsgər və onun kimilərinin çoxluq təşkil etdiyi bir cəmiyyətdə yaşamağın mümkünsüzlüyü obrazın ötkəm, qərəzli, mürəkkəb münasibətləri fonunda təsdiqini tapır, dövrün müasirlərinin acınacaqlı durumu təəssüf doğurur. Həmçinin rolun vəziyyətdən yaranan, gülüş doğuran cəhətləri tamaşaçıda personaja qarşı istehza yaradır. Aktyorun rolun aqressiv təbiətinə uyğunlaşdırdığı qərəzli münasibəti, münaqişələrə meyilli davranışı təəssüf doğurmaqla yanaşı bir növ ziddiyyələri yaradan amilləri də (pula hərisliyi, meşşanlığı) aşkara çıxardır, mühiti üçün təhlükəli cəhətlərini, cahil xüsusiyyətlərini vəziyyət komediyasına çevirir, incə yumorla tənqid edir. Mənfi cəhətli personaj düşündürməklə yanaşı, dövrün qınaq hədəfinə çevrilən məqamlarını diqqətə çatdırır, kinokomediyanın mahiyyətini önə çəkən əsas obrazlardan birinə çevrilir.
Dövrünün dramatik hadisələrinin səbəbkarlarından olan, məzəli və qərəzli cəhətlərinə görə cəmiyyətin qəhqəhəsinə tuş gələn personaj qeyri-normal davranışlarına əsasən qınanılır. Həmçinin, mənfi xüsusiyyətli tiplərin çoxluq təşkil etdiyi bir mühitdə maariflənmənin vacibliyi vurğulanır. Mədəni tərəqqinin inkişafına əngəl yaradanların tənqid hədəfinə çevrilməsinin zəruriliyi təsdiqini tapır. Kinokomediyanın mahiyyəti tamlıqla, personajın xarakteri dolğunluqla əks olunur.
Hər bir ekran obrazını sevərək yaratmaq, xarakter səviyyəsində təqdim etmək Möhsün Sənani yaradıcılığının əsasını təşkil edirdi. Aktyorun sağlam mühitin yaranması, düşüncələrin doğru səmtə istiqamətləndirilməsi işində mühüm rol oynayan yaradıcılıq palitrasının rəngarəngliyi, zənginliyi insanlara gözəllik, ülviyyət bəxş etmək niyyətindən yaranırdı. Elə buna görə də Möhsün Sənaninin yüksək sənətkarlıqla canlandırdığı obrazlar qalereyası baxımlılığını, aktuallığını qoruyub saxlamaqdadır, şəxsiyyəti və sənəti sevilməkdədir.
Dövlət Film Fondu