15 iyun Azərbaycanda Milli Qurtuluş Günüdür.
Həmin gün ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycanda o zaman hökm sürən dərin ictimai-siyasi böhrana son qoyulub, Azərbaycanın müstəqilliyinin itirilməsi təhlükəsi aradan qaldırılıb və respublikamızda dövlət quruculuğunun, sosial-iqtisadi inkişafının təməli qoyulub.
Qeyd edək ki, ulu öndər Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə mədəniyyətin inkişafına böyük qayğı göstərib. Onun təşəbbüsü ilə ayrı-ayrı dövrlərdə “Azərbaycanfilm” kinostudiyasının maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində mühüm addımlar atılıb.
Ulu öndərin respublikaya rəhbərlik etdiyi 1969-cu ildən Azərbaycan kinosu yeni inkişaf yoluna qədəm qoyub. Məhz Heydər Əliyevin səyləri nəticəsində 1970-ci illərdən başlayaraq Bakıda ümumittifaq kinofestivallarının, televiziya filmləri festivallarının keçirilməsi ənənəsi yaranıb.
80-ci illərin sonu və müstəqilliyimizin ilk illəri respublika həyatının, eləcə də mədəniyyətin digər sahələrində olduğu kimi, kino sənətində də çətin dövr oldu. Ulu öndərin hakimiyyətə gəlişi ilə mədəniyyətə, həmçinin kinoya diqqət artdı, bu sahəyə dövlət vəsaitinin ayrılması bərpa olundu.
Sonrakı illərdə dövlətin dəstəyi ilə kinematoqrafiya dirçəlməyə başladı. Ümummilli liderin kino sənətinə diqqət və qayğısı nəticəsində 1993-cü ildə Azərbaycan Dövlət Film Fondu yaradıldı. Prezident Heydər Əliyevin 18 dekabr 2000-ci il tarixli sərəncamı ilə 2 avqust kino işçilərinin peşə bayramı – Azərbaycan kinosu günü elan edildi.
Müstəqil Azərbaycan dövlətinin qurucusu, ümummilli lider Heydər Əliyevi dərin hörmət və ehtiramla anırıq.