Kamil Məhərrəmov-80

Sənətdə fərdilik mütləqdir. Milyonların nəzərini, diqqətini də fərdi istedada və bacarığa malik olanlar çəkir, sənətin mahiyyətini, həyat üçün vacibliyini anladır. Azərbaycan kinosunda 40-dan çox filmdə (bədii filmlər və Mozalan süjetlərində) rol alan istedadlı aktyor Kamil Məhərrəmovu anadan olmasının 80-ci ildönümündə hörmətlə yad edir, maraqlı və məzmunlu sənət dünyasına nəzər salırıq.

Kamil Məhərrəmov 1941-ci il mayın 9-da Şamaxıda dünyaya göz açıb. Atası dərzi, anası evdar xanım olub. Üç uşaq böyüdən (iki qardaş, bir bacı) ailənin maddi vəziyyəti yaxşı olmadığından ailə Bakıya köçməli olub. Hələ uşaq yaşlarından sənətə maraq göstərən Kamil Məhərrəmov orta məktəbdə oxuyarkən dram dərnəyinə yazılıb. Lütfi Məmmədbəyovun sinfində sənət sirlərinə yiyələnib. İncəsənət İnstitutunu bitirdikdən sonra təyinatla Sumqayıt Dram Teatrına göndərilib, burda sənətin sirlərinə daha dərindən yiyələnib. Teatral fəaliyyəti ilə yanaşı müxtəlif janrlı filmlərdə irili-xırdalı rollarda çəkilib, “Mozalan” satirik kinojurnallarında yaddaqalan obrazlar yaradıb. Adı çəkiləndə çöhrələrdə təbəssüm yaranan aktyorun “Nəvəmin nəvəsinin nəvəsi” Mozalan süjetindəki nəticə (içki və siqaret ailudəçisi) obrazını xatırlamaq kifayət edir ki, bir cümlədə bütöv bir şəcərə, ailə üçün üz qarası olan məqsədsiz insanın yaşam tərzi (maksimal həddə) qınaq obyektinə çevrilsin.

Kino rejissorları Kamil Məhərrəmovu maraqlı tipaj adlandırır, buna görə də ona filmlərində kiçikplanlı və yaxud epizod olsa belə rol həvalə edirdilər. Kamil Məhərrəmov da sənətə olan böyük sevgisinə görə ona olunan etimadı əminliklə doğruldurdu. Kamil Məhərrəmovun həm də bəxti onda gətirir ki, Azərbaycan kinosuna yaradıcılıq töhvələrini verən görkəmli kinorejissorlarla işləmək ona nəsib olub. Peşəkar kinorejissorlardan Şamil Mahmudbəyov, Hüseyn Seyidzadə, Kamil Rüstəmbəyov və digərlərinin quruluş verdiyi filmlərədə çəkilib.

Kamil Məhərrəmovun özünəməxsus, fərqli çalarlarla təqdim etdiyi “Arvadım mənim, uşaqlarım mənim” kinoalmanaxına daxil olan eyniadlı novelladakı bostançı Fazil, “Dərviş Parisi partladır” kinokomediyasında Qəmbər, “Gözlə məni” kinodramında nökər, “Evlənmək istəyirəm” filmində Hüseyn, “Qara gölün cəngavərləri” tarixi-inqilabi filmdə Əbdüləli, “Qaynana” kinokomediyasında alverçi, “Qızıl uçurum” kinodramında Qüdrət, “Yol əhvalatı” kinokomediyasında Paşa, “Bəxtəvər”də Gündüz və başqa rolları yaddaqalan ekran personajlarıdır. Yuxarıda adları çəkilən personajların sevilməsində aktyorla yanaşı, ona doğru sənət istiqaməti verən, xarakter və üslubuna uyğun rol təqim edən kinorejissorların da rolu böyükdür.

Aktyorun dram və komediya janrlı filmlərdə yaratdığı obrazların yaşarı təqdimatı ekran əsərlərində cərəyan edən hadisələrin mahiyyətinin bilavasitə açımasına, tərəfmüqabillərinin həyat mövqeyinin daha yaxından tanıdılmasına, rejissor ideyasının tamamlanmasına istiqamətlənib. Daha çox eizod rol iştrakçısı kimi tanınan aktyorun “Arvadım mənim, uşaqlarım mənim”, “Bəxtəvər” filmlərində yaratdığı baş rollar (Fazil, Gündüz), həmçinin “Evlənmək istəyirəm” filmində oynadığı ikinci planlı rol olan Hüseyn obrazı aktyorun sənət bilgisinin sübutudur. Ekran obrazlarının təfsirində müxtəlif xarakterli personajların psixoloji durumunu, fərdi xüsusiyyətlərini tamaşaçılara yaddaqalan priyomlarla çatdıran aktyor yaradıcılıq potensialının yalnız epizod rollarada deyil, həmçinin daha iri həcmli obrazlarla da təsdiqləmək imkanına malik olduğunu təsdiq etdi.

Dövlət Film Fondu

20.05.2021