“Mən lap kiçik uşaq olanda bizim küçədə, Suraxanskidə (indiki Dilarə Əliyeva – A.K.) demək olar ki, evimizlə üzbəüz “Molla Nəsrəddin” jurnalının məşhur karikaturaçı rəssamı Əzim Əzimzadə yaşayırdı. Məhəlləmizdə rəssam olmaq istəyən uşaqlar çox idi. Əzim əminin qapısı bizim üçün həmişə açıq olardı. Biz saatlarla dinməzcə oturub onun necə işləməsini izləyərdik. Rəssam başını qaldırmadan, ağır-ağır nəfəs alaraq, konturlar çəkir, sonra onları rəngləyir, nəticədə maraqlı səhnələr alınırdı: dəllək küçənin ortasında müştərinin başını qırxır, itlər boğuşur. Biz bu şəkillərə həsədlə və heyranlıqla baxardıq.”
Uşaqlıq illərinin əziz xatirəsini çox sonralar dilə gətirən bu sətirlərin müəllifinin sənətə heyranlığının və peşə məsuliyyətinin səbəbi göründüyü kimi, kövrək xatirələrindən aydın olur. Uzun illər “Azərbaycanfilm” kinostudiyasında kino rəssamı kimi çalışan, xalq rəssamı, Dövlət mükafatı laureatı Elbəy Rzaquliyevin bəxti onda gətirib ki, hələ kiçik yaşlarından Azərbaycan karikatura sənətinin banisi, xalq artisi Əzim Əzimzadə kimi sənət dahisinin yaradıcılığından bəhrələnib, yaradıcılığından ilhamlanaraq rəssamlıq sənətini seçib, ömrü boyu da məsləyinin təəssübünü çəkib, keşiyində durub.
1953-cü ildən Bakı kinostudiyasında işləməyə başlayan, yaradıcılığı əsasən iki istiqamətdə inkişaf edən tanınmış kino rəssamının 95 illik yubileyi ərəfəsində məhsuldar kino yaradıcılığını və sənət nailiyyətlərini birlikdə yada salaq.
Elbəy Mirzə Həsən oğlu Rzaquliyev 1926-cı ildə Bakıda dünyaya göz açıb. Hələ məktəbdə oxuyarkən Bakı Pionerlər evinin rəssamlıq studiyasında məşğul olub. 1941-ci ildə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq məktəbinə daxil olub. Sənət müəllimi rəngkar Eyyub Məmmədovdan sənətin sirlərini öyrənib. 1946-cı ildə rəssamlıq məktəbini bitirib, Respublika Maarif Nazirliyi onu həmin il Moskvaya Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutuna göndərib. Burada rəssamlıq fakültəsində oxuyan gənc istedad Q.Şeqal, Y.Pimenov, A.Dixtyar və M.Boqdanov kimi peşəkar rəssam-pedaqoqlardan dərs alıb. İnstitutda oxuduğu illərdə müəllim və tələbə heyətinin hörmətini, rəğbətini qazanıb.
1953-cü ildə institutu müvəffəqiyyətlə bitirib Bakıya qayıdan gənc rəssam böyük sevgi hissi ilə Bakı kinostudiyasında fəaliyyətə başlayıb. Kino rəssamlığı üzrə peşə təhsili almış ilk kino rəssamı kimi Azərbaycan kinosuna yaradıcılıq töhfələrini verib.
Rəssamın kinostudiyada ilk işi kinorejissor Hüseyn Seyidzadə və Yan Fridin 1954-cü ildə quruluş verdikləri “Doğma xalqımıza” bədii-sənədli filmidir. O, bu film üzərində rəssamlardan C.Əzimov və A.Freydlə birgə işləyib. Bu filmin ardınca 1955-ci ildə dostu C.Əzimovla birgə “Bəxtiyar” və “Görüş” kinokomediyalarına bədii tərtibat verib.
Həmin illərdə kinostudiyanın maddi-texniki imkanları əsasında məhdud sayda bədii filmlər istehsal olunduğuna görə yaradıcı heyət çox vaxt bir filmdə müştərək olaraq fəaliyyət göstərirdi. Elbəy Rzaquliyev də 1950-ci illərdə istehsal olunan yeddi filmdən yalnız birində – “Onun böyük ürəyi” filmində (1958) müstəqil işləyib. “Qara daşlar” filminə (1956) Kamil Nəcəfzadə, “Bir məhəllədən iki nəfər” filminə (1957) Kamil Nəcəfzadə və Məmməd Hüseynov, “Ögey ana” kinodramına isə (1958) Məmməd Hüseynovla birgə bədii tərtibat verib.
Gənc rəssamın kinostudiyada fəal çalışması, təcrübə toplaması, istehsalatı dərindən öyrənməsi kino sənətinin spesifik xüsusiyyətini başa düşməsinə, əsasən iri həcmli ekran əsərlərində məhsuldar çalışmasına səbəb olub. 1960-cı illərdə istehsal olunan bir neçə filmin, o cümlədən “Telefonçu qız” (1962), “Möcüzələr adası” (1963), “Arşın mal alan” (1965), “İstintaq davam edir” (1966, N. Zeynalovla birgə) və “Uşaqlığın son gecəsi” (1968) filmlərinin uğurlu ekran taleyində Elbəy Rzaquliyevin də böyük rolu var. Rəssamın səmərəli axtarışları ekran əsərlərinin emosional qüvvəsinin artırılmasına kömək edib, filmlərə aid eskizlərdəki dekorasiyalarla və natura ilə uyğunluq, əlvanlıq ekran əsərlərinin estetik təsirini artırıb.
Filmlərdə quruluşçu rəssam kimi çalışan fırça ustasının 1970-ci illərdə üzərində çalışdığı “Sevil” (1970), “Gün keçdi” (1971), “Skripkanın sərgüzəşti” (1972), “Dənizə çıxmaq qorxuludur” (1973), “Tütək səsi” (1975), “Vulkana doğru” (1976−1977), “Arxadan vurulan zərbə” (1977) bədii filmlərində öz iş prinsipinə sadiq qalması əksini tapıb. 1980-ci illərə isə o, istedad və təfəkkürünün məhsulu olaraq, həmçinin yorulmaz iş prinsipinə sadiq qalaraq “Onun bəlalı sevgisi” (1980), “Yeddi gözəl” (1982, R. Nəsirovla), “Əzablı yollar” (1982, R. Nəsirovla), “Musiqi müəllimi” (1983), “Bəyin oğurlanması” (1985), “Qəm pəncərəsi” (1986, R. Nəsirovla), “Xüsusi vəziyyət” (1986, N. Zeynalovla), “Araqarışdıran” (1987, R. Nəsirovla), “Şeytan göz qabağında” (1987, R. Nəsirovla), “Sahilsiz gecə” (1989, R. Nəsirovla) filmlərinə bədii tərtibat verib. 1991-ci ildə quruluşçu rəssam Rafiq Nəsirovla birgə “Qəzəlxan” bədii filmi üzərində çalışıb.
Kinostudiyada çalışmaqla bərabər dəzgah rəsmləri seriyasından bir çox rəngkarlıq və rəsm əsərləri çəkən rəssam, “Kənddə”, “Bakı küçələrində”, “Neft mədənlərində”, “İnşaatçılar”, “Əmək adamları”, “Qələbə bayramı”, “Bakının və Abşeronun peyzajı” seriyasından olan işləri, “Leyli və Məcnun” poemasına çəkdiyi illüstrasiyaları, “Şəhər tikilir” seriyasından “Əli Bayramlı HES”, “Yüksəklik” , “Rəfiqələr”, “Ailə” və başqa rəsmləri ərsəyə gətirir.
1958-ci ildən başlayaraq dünyanın demək olar ki, əksər ölkələrində olan Elbəy Rzaquliyev “Meksikada”, “Hindistan abidələri”, “Yaponiya”, “ABŞ”, “Rumıniya”, “İsrail”, “Macarıstan” və digər portret, akvarel və rəngkarlıq işlərini respublika, ümumittifaq və beynəlxalq rəssamlıq sərgilərində nümayiş etdirib, böyük uğur qazanıb.
Görkəmli fırça ustası, milli kino və rəssamlıq sənətinin inkişafında böyük xidmətləri olan Elbəy Rzaquliyev bu gün aramızda olmasa da onun yaratdığı sənət əsərləri daim yaşayacaq və tamaşaçıların zövqünü oxşayacaq.
Dövlət Film Fondu
Qeyd: Məqalədə yerləşdirilən fotonun müəllifi kinooperator Zaur Məhərrəmovdur.