XX əsrin əvəllərində Azərbaycan teatr, kino sənətinə gələn aktrisalarımızın bu çətin və məsuliyyətli peşəni seçmələri, həyatları bahasına olsa belə tərcih etmələri, sənətsevərlikdən əlavə sözün əsl mənasında qəhrəmanlıqdır desək, yanılmarıq. Çünki həmin illərdə milli kadrların çatışmazlığı teatr və kino sənətində uğursuzluq yaradır, Azərbaycan qadını obrazlarını yadelli aktrisalar oynadığı üçün tamaşalar və filmlər yaşarı təsir bağışlamırdı.
Azərbaycan kinosunda ana və nənə rollarının mahir ifaçılarından biri kimi tanınan, Respublikanın xalq artisti Sədayə Mustafayeva da sevib seçdiyi sənəti ilə milli teatr, kino sənətimizə uğur gətirdi, imza atdığı hər bir personajını yaddaşlara, qəlblərə yazdı. “Azərbaycanfilm” kinostudiyasında istehsal olunan 20-yə yaxın filmdə fərqli dəsti-xətti ilə yaratdığı irili-xırdalı rolları yaddaşlara, qəlblərə yazan aktrisanın anadan olmasının 95-ci ildönümündə əziz xatirəsini yad edək, sənət dünyasına qısa nəzər salaq.
1926-cı il iyul ayının 15-də Şəki şəhərində anadan olan Sədayə Mustafayeva 5 illik orta təhsilini bitirdikdən sonra Böyük Vətən müharibəsi başladığından atası İsmayılı və qardaşı Məhəmmədi müharibəyə yola salmalı olub. Ailənin maddi sıxıntısı ucbatından Şəkidə fəaliyyət göstərən İpəkçilik kombinatında Lətifə adlı bir ustanın yanında işləməyə başlayıb. Şəkidə boyu çox uca olduğundan, həmişə də səmaya baxdığından Günəbaxan Muxtar adı ilə tanınan bir şəxsin vasitəsi ilə Şəki Dövlət Dram Teatrına (1942) aktrisa kimi gəlib. Sözügedən teatrda bir-birinin ardınca maraqlı rollarda çıxış edib.
On iki yaşından Şəki Dövlət Dram Teatrında səhnəyə çıxan (Süleyman Rüstəmin “Qaçaq Nəbi” tamaşasında Çimnaz rolu ilə), tamaşaçıların diqqətini qazanan aktrisa daha sonra əmək fəaliyyətini Ağdaş və Göyçay teatrlarında davam etdirib. 1950-ci ildən Gəncə Dövlət Dram Teatrında fəaliyyət göstərib. Bir çox görkəmli sənət ustalarının istedad və bacarığını püxtələşdirən teatrın səhnəsində yerli və xarici dramaturqların əsərləri əsasında hazırlanan tamaşalarda rol alıb, 400-dən artıq maraqlı obrazlar yaradıb.
Həmin illərdə Azərbaycan kinosunda istehsal olunan filmlərdə qadın obrazlarını ifa edəcək aktrisalara, həmçinin Sədayə xanım kimi bacarıqlı səhnə ustalarının ifasına kinonun böyük ehtiyacı var idi. Buna görə də aktrisa bir-birinin ardınca ana və nənə rollarına dəvət alır, fərdi bacarıq və istedadı sayəsində də mühüm nailiyyətlər əldə edir.
Müxtəlif dövr hadisələri daxilində vəziyyətə uyğun yaşarı ekran personajları təqdim edən aktrisanın geniş yaradıcılıq imkanları rollarını fərqli ampluada, maraqlı, koloritli formada təqdim etməsinə imkan yaradır.
Kinoda debüt rolunu görkəmli kinorejissor Eldar Quliyevin quruluş verdiyi “Biri vardı, biri yoxdu…” (1967) qısametrajlı bədii filmində edən Sədayə xanım, bu filmdən sonra “Azərbaycanfilm” kinostudiyasının istehsalı olan 20-dən artıq filmdə irili-xırdalı rolları yaşarı və yaddaqalımlı ifa edir, milli kinomuzda ana obrazlarının mahir ifaçısı kimi məşhurlaşır.
“Qanun naminə” filmində Xatun, “Mən ki gözəl deyildim”də Gözəl, “Şərikli çörək” filmində Şamama, “Qayınana”da Mülayim, “Ölsəm… bağışla”da Suğra xala, “Ağ atlı oğlan”da Mirvari nənə, “Həm ziyarət, həm ticarət”də ana və başqa obrazları fərdi yaradıcılıq üslubunda təqdim edən, personajların xarakterik cizgilərini incəliyinə qədər cilalayan aktrisa obrazların daxili mənini, həyat mövqeyini özünəməxsus ifa maneraları ilə tanıtmağa, sevdirməyə müvəffəq olur.
Sədayə Mustafayevanın çoxillik səhnə fəaliyyəti və çalışqanlığı kinoda ona həvalə edilən rolların öhdəsindən bacarıqla gəlməsinə imkan yaradır, rejissorların istək və məqsədlərini dəqiqliklə çatdırmasına səbəb olur.
Görkəmli kinorejissor Muxtar Dadaşovun quruluş verdiyi “Qanun naminə” (1968) filmindəki Xatun ana obrazı uğurlu personajlardadır. Rolun təfsirində biz yeganə oğlu üçün daim narahatlıq hissi keçirən, onun xoşbəxtliyini arzulayan cəfakeş ana surəti görürük. “Mən ki gözəl deyildim” kinodramındakı daim ailə qayğıları ilə məşğul olan Gözəl surəti isə qohumu gənc qız Səidənin həyatı, davaranışı, gələcəyi üçün nigaran olan evdar qadının xarakterik cəhətlərini səciyyələndirir. “Şərikli çörək” dramındakı Şamama obrazı qayğıkeş, mehriban xüsusiyyəti ilə digər qadın personajlarından fərqlənir. “Ölsəm… bağışla” müharibə- dram janrlı filmindəki Suğra xala surətinin təqdimatında isə sadə və mülayim xüsusiyyətli ana obrazının səciyyəvi cəhətlərini izləyirik.
Aktrisa bu və ya digər ekran personajlarının hər biri üçün orijinal cizgilər taparaq fərqli çalarlarla təqdim etmiş, obrazları canlı, yaşarı, inandırıcı təqdim etməklə peşəkarlığı və sənət biliciliyi sayəsində rollarını filmlərin aparıcı qüvvəsinə çevirmişdir. Azərbaycan qadınının tipik xüsusiyyətlərini, daxili dünyasını filmin ideya məzmununa uyğun şəkildə yaşarı təqdim edən aktrisanın sənət nailiyyəti məhz bu mənada unudulmazdır.
Dövlət Film Fondu