Fond haqqında

AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT FİLM FONDU (ARDFF) – «Azərkinovideo» İstehsalat Birliyininin nəzdində Azərbaycan Nazirlər Kabinetinin 22 dekabr 1993-cü il tarixli sərəncamına əsasən yaradılmlışdır. 1994-cü ildən fəaliyyət göstərir. Bakıda yerləşir. 2008-ci ildə ARDFF yeni binaya köçmüşdür. Ümumi sahəsi təxminən 6,6 min kvadrat metr olan ARDFF-nin 1-ci mərtəbəsində texniki avadanlıqlarla təchiz edilmiş inzibati otaqlar, laboratoriya, 108 yerlik tamaşa salonu və yardımçı otaqlar yerləşir.

Eyni zamanda burada filmlərin komissiya tərəfindən qəbulu üçün ən müasir kinoproyeksiya, səs avadanlıqları və akustik sis­tem­lə təmin olunmuş otaq da ayrılmışdır. Fondun 3-cü və 4-cü mər­tə­bə­lə­ri isə müxtəlif növ kino materiallarını saxlayan bokslardan iba­rət­dir.

Fond 1999-cu ildən üzvü seçildiyi Beynəlxalq  Kino Arxivləri Fe­de­ra­siyasının (FİAF) tövsiyyələri əsasında beynəlxalq  standartlara uyğun şə­ki­ldə fəaliyyət göstərir. Bunun üçün Fond Federasiyanın Brüssel şə­hə­rində yerləşən qərargahı  ilə müntəzəm olaraq əlaqə saxlayır, on­lardan müxtəlif adda kino ədəbiyyatları, dünya kinosunda arxiv işi­nin təşkili və bu sahənin inkişafındakı yeniliklər haqqında in­for­ma­siyalar alır.

Bu qurum öz işini beş istiqamətdə tənzimləyir: 1-ci istiqamət – Filmlərin bərpası və qorunması; 2-ci istiqamət – Milli və xarici ki­no sənətinin təbliği; 3-cü istiqamət – Arxiv material-faktlarının toplanması; 4-cü istiqamət – Elmi – tədqiqat və araşdırma işlərinin aparılması; 5-ci istiqamət – Beynəlxalq  əlaqələr üzrə işlərin aparılması.

ARDFF-də  64.372 saxlanma vahidi həcmində film materialları, 20 minə yaxın müxtəlif  fotosənədlər, 14 minə yaxın orijinal sənəd, ekspo­nat və materiallar  (filmlərin ədəbi və rejissor  ssenariləri, montaj vərə­qə­ləri, diplom və prizlər və s.) qorunub saxlanılır.

Burada filmlərin qorunması ilə yanaşı, eyni zamanda onlar üzə­rində sırf elmi əsaslarla tədqiqat işləri də aparılır. Nüsxələri Fransanın kino arxivindən gətirilərək  ARDFF-də saxlanılan, hələ 119 il bundan öncə çəkilmiş, milli kinomuzun əsasını təşkil edən ilk xronikal kadrların («Bibiheybətdə neft fontanı yanğını» və «Bala­xanıda neft fontanı», 1898-ci il) aşkar edilməsi buna bir sü­but­dur. Fondda qorunan filmlərdən bəhs edən xüsusi «Kino­bül­le­ten» buraxılır, kitablar çap olunur. Bu kitablar, bülleten FİAF-ın xət­ti ilə təşkilatın üzvlərinə göndərilir.

ARDFF-nin əsas fəaliyyət istiqamətlərindən biri kino sənətinin təbliği ilə bağlıdır. Bura təkcə milli kino sənətimiz yox, həm də xarici filmlərin təbliği daxildir. Bununla bağlı hazırlanan tədbirlər proqramı əsasında il ərzində Azərbaycanın  bir sıra görkəmli kino xadimlərinin yaradıcılıq gecələri və yubileyləri keçirilir.

ARDFF elmi-tədqiqat mərkəzi kimi ildən-ilə fəaliyyətini geniş­ləndirir. Burada Azərbaycan kino tarixi ilə bağlı müxtəlif çap məhsulları hazır­lanır. Buna misal olaraq azərbaycan, rus və ingilis dillərində nəşr olunan, həm­çinin elektron versiyası hazırlanan filmlərin kataloqudur ki, bu da ölkə­miz­dəki filmlərlə bir çox ölkələrin tanış olmalarına imkan yaradacaqdır.

Axtarışlar nəticəsində RF, Kanada, Gürcüstan və başqa ölkələrdən gör­kəmli sənətkarlarımızdan — bəstəkarlar  Qara Qarayev, Fikrət Əmi­rov, Niyazi, Tofiq Quliyev Müslüm Maqomayevin fotosənədlərinin neqativləri və pozitivləri Fonda gətirilmişdir. Maraqlı faktlar ara­sında Ukraynanın Sim­fero­pol arxivindən Azərbaycanın  ilk kinoaktyor­la­rın­dan biri olan Xeyri Əmirzadənin sənədlərinin nüsxələri, ABŞ-dan ilk kinoaktrisamız İzzət Orucovanın foto və arxiv sənədləri, «Sevil» bədii filminin (1929) çəkilişləri ilə bağlı sənədlər Fonda daxil olmuşdur. Aparılan axtarışlar nəticəsində vaxtilə itirilmiş bir neçə nadir səssiz Azərbaycan filmi tapılmışdır. Bu filmlər sırasında «Əvəz-əvəzə» (1925), «Vulkan üzərində ev» (1928, aktyor Ələsgər Ələkbərov ilk dəfə bu filmdə çəkilmişdir), «İki yoldaş» (1934), «Dəcəl dəstə» (1937, filmin quruluşçularından biri, Şərqdə ilk azərbaycanlı qadın kinorejissoru olan Qəmər Salamzadədir) və s. kinolentlər vardır.

«Azərfilm» kinostudiyasında rejissor Mikayıl Mikayılovun 1939-cu ildə çək­diyi, lakin bu günümüzə gəlib çıxmayan, itmiş hesab olunan «Ha­zır ol» bədii filmindən bir parça, XX əsrin əvvəllərində «Pate» fir­ma­sının çəkdiyi, XIX əsrin sonlarında dəbdə olan qadın modalarının nü­mayişini əks etdirən kiçik, lakin çox qiymətli çarx, 1946-cı ildə Nikitçenko qardaşlarının mürəkkəb quraşdırma üsulu ilə lentə alınmış məşhur «Yabloçko» rəqsini əks etdirən kinolent tapılıb DFF-yə təhvil verilmişdir.

Fondda kino tarixi ilə bağlı 12 mindən çox foto, dünyanın müxtəlif yerlərində istehsal edilən filmlərin fotoşəkilləri qorunur.

2009-cu ilin sonunda ARDFF-də H.Əliyev Fondunun dəstəyi ilə ölkəmizdə ilk dəfə olaraq Uşaq Kino Evinin açılışı olmuşdur.

Bu gün ölkəmizin təxminən 80-100 ilə yaxın film ehti­yat­larını sax­la­maq qabiliyyətinə malik ARDFF-də geniş miqyasda görülən mühüm və əhəmiyyətli işlər milli kino sənətimizin dəyərli və qiymətsiz incilərinin – müx­təlif  illərdə çəkilmiş filmlərin daha mükəmməl və etibarlı qorun­ma­sı­na imkan yaradır.

Fondda 11100  adda Azərbaycan  və dünya kino əsərlərinin orijinalları və nüs­xələri saxlanılır. Onların arasında «Qız qalası» (1924), «Bismillah» (1925), «Sevil» (1929), «Lətif» (1930), «İsmət» (1934), «Mavi dənizin sahilində» (1935), «Almaz» (1936), «Bakılılar» (1938), «Kəndlilər» (1939), «Səbuhi» (1941), «Arşın mal alan» (1945 və 1965), «Fətəli xan»  (1947), «Bakının işıqları» (1950), «Bəxtiyar» (1955), «O olmasın, bu olsun» (1956) və s. bədii, yüzlərlə sənədli, elmi-kütləvi, animasiya, Azərbaycan  dilinə dublyaj olunmuş xarici filmlər, «Mozalan» satirik kinojurnalının sayları və s. kinolentlər vardır (1990-cı ilə qədər istehsal olunmuş  Azərbaycan  xronikal-sənədli filmlər Azərbaycan  Dövlət Kino-Foto Sənədləri Arxivində saxlanılır). Filmlərdən başqa fondun arxivində kino sənətkarları ilə bağlı sənədlər, onların əlyazmaları, filmlərin istehsalına aid sənəd və materiallar, filmlərin ədəbi ssenarilər, montaj vərəqələri, rejissor  ssenariləri, diplom və prizlər qorunub saxlanılır.