Tanınmış kino aktyoru Bahadur Əliyevin xatirəsi anılıb

Mayın 4-də Dövlət Film Fondunda unudulmaz kino aktyoru Bahadur Əliyevin 85 illiyinə həsr edilən tədbir keçirilib.

Mədəniyyət Nazirliyinin və Dövlət Film Fondunun birgə təşkilatçılığı ilə reallaşmış tədbirdə aktyorun yaradıcılığı ilə bağlı fotosərgi  təqdim olunub, sənətkarın mədəniyyətimizin inkişafındakı xidmətlərindən danışılıb.

1957-1959-cu illərdə “Kölgələr sürünür”, “Bir məhəllədən iki nəfər”, “Onun böyük ürəyi” və “Onu bağışlamaq olarmı?” filmlərində epizodik rollarda çəkilən sənətkar sonrakı illərdə “Telefonçu qız”, “Əmək və qızılgül”, “Romeo mənim qonşumdur”, “Böyük dayaq”, “Möcüzələr adası”, “Sehirli xalat”, “Ulduz”, “Dağlarda döyüş”, “Uşaqlığın son gecəsi”, “Yenilməz batalyon”, “İstintaq davam edir” və digər bədii filmlərində müxtəlif rollar ifa edib. “Ulduz” musiqili kinokomediyasında onun yaratdığı kolxoz sədri Qədir surəti aktyorun ən yaxşı rollarından biri sayılır. O, “Axırıncı aşırım”, “Bizim Cəbiş müəllim”, “Babək”, “O qızı tapın”, “Dərviş Parisi partladır”, “Özgə ömür”, “Firəngiz”, xarici ölkə studiyalarının istehsal etdiyi “Əlibaba və qırx quldur”, “Odlu yollarla”, “Şerəli və Aybərçin” və “Abdulla” bədii filmlərində də rol alıb.