V Türk Dünyası Sənədli Film Festivalı keçiriləcək

Oktyabr ayında Türkiyədə V Türk Dünyası Sənədli Film Festivalının keçirilməsi nəzərdə tutulub. Layihə Türk Dünyası Jurnalistlər Federasiyasının təşkilatçılığı ilə reallaşacaq.

 Federasiyanın və festivalın təşkilat komitəsinin sədri Menderes Dəmir bildirib ki, professional və tələbə kateqoriyalarında keçiriləcək festivalın builki mövzusu “Türk mədəniyyəti və türkün dünyaya baxış bucağı” olacaq.

Festivalda Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Özbəkistan, Şimali Kipr, Macarıstan, Makedoniya ilə yanaşı, Rusiya Federasiyasının Tatarıstan, Çuvaşiya, Başqırdıstan, Tuva, Yakutiya, Dağıstan və Xakasiya respublikalarının da təmsil olunacağı gözlənilir. Festivala qatılmaq üçün son müraciət tarixi 30 avqustdur.

Festival filmlərinin nümayişinin və qala gecəsinin İstanbulda (3 oktyabr) keçirilməsi, bundan sonra qalib filmlərin türk respublikalarında təqdimatı gözlənilir.

Layihə ilə bağlı ətraflı məlumat www.turkbelgesel.com/  saytında verilib.

12.06.2020