Möhsün Sənani-120

Ömrünü teatr və kinoya həsr edən sənətkarlar yaratdığı obrazlarda yaşayırlar. Görkəmli səhnə və kino xadimi, Xalq artisti Möhsün Sənani belə şəxsiyyətlərdəndir.  Bu il qüdrətli sənətkarın anadan olmasının 120 illiyi tamam olur.

Möhsün Sadıq oğlu Sənani (Cəfərov) 19 iyun 1900-cü ildə Tiflisin “Şeytanbazar” məhəlləsində dünyaya göz açıb. Erkən yaşında ata-anasını itirir, nənəsinin himayəsində qalır. Möhsün 1906-cı ildə mədrəsəyə daxil olur. Nənəsinin məqsədi onu mollalığa hazırlamaq və gələcəkdə atası kimi mərsiyəxan eləmək idi. Lakin o, mədrəsə təhsilini başa çatdıra bilmir. 1908-ci ildə nənəsi vəfat edir. Xalası molla Zinyət onu öz himayəsinə götürür. Özünün və bacısının xalasına yük olduğunu anlayan Möhsün işləmək və ailəyə kömək etmək qərarına gəlir. “Şeytanbazar”da hər cür əzab-əziyyətə qatlaşaraq işləyir, ailənin güzəranına yardımçı olur…

Yeniyetmə çağlarında Möhsündə teatra maraq yaranır. Yerli teatrların və Tiflisə qastrola gələn artistlərin tamaşalarına böyük həvəslə baxır. O həm teatr aktyorlarının oyununa, həm də meydanlarda oxuyan dərvişlərin səsinə fikir verir və onları təqlid edir. Beləliklə, özünün oxumaq qabiliyyətini inkişaf etdirir.

1911-ci ildə birinci dəfə geniş izdiham qarşısına çıxır. Böyük həyəcan keçirsə də, çıxışı tamaşaçılara yaxşı təsir bağışlayır. 1912-ci ildə həvəskarlar dərnəyinə qoşulur. İlk rejissoru Tiflis müsəlman artistləri dəstəsinin komik aktyoru Mirzəxan Quliyev olur. Mirzəli Abbasov, Mustafa Mərdanov və İbrahim İsfahanlı kimi səhnə xadimləri onun istedadına hörmətlə yanaşırlar. Bu münasibət Möhsünün səhnəyə olan həvəsini daha da artırır.

Onu da qeyd edək ki, bu teatrın yetirmələrinin Azərbaycan aktyor məktəbinin formalaşmasında böyük rolu olub. İlk addımlarını bu teatrda atan aktyorlar sonralar Azərbaycana gəlib, burada sənət fəaliyyətlərini uğurla davam etdiriblər. Onlardan biri də Möhsün Sənani idi.

O, 1941-ci ildə Bakıya gəlir, Azərbaycan Dövlət Dram Teatrında işə düzəlir. İlk gündən səhnəyə görkəmli aktyorlarla çıxır. Bu da öz növbəsində onun fəaliyyətinə həmişə məsuliyyətlə yanaşmasını zəruri edirdi. “Vaqif” (S.Vurğun) tamaşasında Eldar obrazı Möhsün Sənaniyə həvalə olunur və o, bu etimadı yüksək səviyyədə doğruldur və tamaşaçıların rəğbətini qazanır. Daha sonra “Göz həkimi” (İ.Səfərli) tamaşasındakı sürücü Həsənağanı da çox gözəl ifa edir. Ümumiyyətlə, onun oynadığı rollarda bir şirinlik olub. O, həyat verdiyi obrazlarla tamaşaçını həm gərgin vəziyyətdə saxlayıb, həm də bolluca gülüş bəxş edib.

Möhsün Sənani səhnədəki uğurlarını kino sahəsində də davam etdirib. Çəkildiyi filmlərdə müxtəlif xarakterli obrazlarla izləyicilərin diqqətinin cəlb edib. Onun rol aldığı “Kölgələr sürünür”, “Dağlarda döyüş”, “Koroğlu” və digər filmlərə tamaşa edənlər aktyorun yüksək istedada malik olduğunu bir daha təsdiq edə bilər. O, “Kəndlilər” filmində Eldar obrazını yaradıb. Bu gənc çox qorxmaz və cəsurdur. İnqilabi mübarizənin genişləndiyi bir dövrdə o da öz yolunu seçir və sona kimi əqidəsinə sadiq qalır. Filmdə Eldar baş qəhrəman olmasa da, hadisələrin inkişafında diqqəti özünə çəkə bilir. Hər dəfə onun ekranda görünməsi tamaşaçıda xüsusi bir əhval-ruhiyyə yaradır.

“O olmasın, bu olsun” filmində aktyor qoçu Əsgər obrazını da məharətlə yaradıb. Tamaşaçı onun ifasından nəinki razı qalır, həm də zövq alır. “Səbuhi”, “Bəxtiyar”, “Bir məhəllədən iki nəfər”, “Qızmar günəş altında” və s. filmlərdə də yaddaqalan rollar ifa edib.

Möhsün Sənani 1967-ci ildə çəkilən “Dağlarda döyüş” filmində sonuncu roluna  təsdiqlənir. Bu obraz həm də görkəmli sənətkarın yaradıcılığında əhəmiyyətli yer tutub. Sərhədə yaxın kənddə yaşayan Qəmbər kişi (Möhsün Sənani) qızı Hicranı diqqətdən kənar qoymur. O, filmdə ləyaqətli, mehriban və qayğıkeş ata, məsuliyyətli ailə başçısı kimi təqdim edilir. Aktyor canlandırdığı qəhrəmanın ən kiçik xarakterik cizgilərini belə ustalıqla yaradır. Əslində, Qəmbər obrazının bu kimi keyfiyyətləri Möhsün Sənaniyə o qədər də yad olmayıb. Çünki müasirləri görkəmli aktyoru həyatda məhz belə tanıyıblar…

Teatr və kinoda həm dramatik, həm də komik rolların mahir ifaçısı kimi tanınan aktyorun əməyi yüksək qiymətləndirilib. 1949-cu ildə “Xalq artisti” fəxri adına layiq görülüb.

Möhsün Sənani geniş yaradıcılıq imkanlarına malik sənətkar kimi yeni aktyorlar nəslinin yetişməsi üçün bir məktəb olub. Onun adı çəkiləndə hər kəsin üzündə sevinc, bir təbəssüm görünür. Belə qeyd edilir ki, onu xalqa sevdirən bənzərsiz sənətkarlığı, fitri istedadı ilə yanaşı, gənc nəslə daim qayğı ilə yanaşması olub.

Yarım əsr sevdiyi sənətdən ayrılmayan sənətkar 1981-ci il fevralın 11-də vəfat edib, II Fəxri xiyabanda dəfn olunub.

S.FƏRƏCOV

19.06.2020