Dövlət Film Fondu Beynəlxalq Film Arxivləri Federasiyası (FIAF) 2020 mükafatının online səsverməsində iştirak etmişdir.

FİAF-ın bütün üzvləri arasında keçirlmiş səsvermədə Brazilyalı kinorejissor Uolter Salles Beynəlxalq Film Arxivləri Federasiyası (FIAF) 2020 Mükafatına laiq görülmüşdür.

Nəzərinizə çatdırırıq ki, Uolter Sallesdən öncə bu mükafat 2019-cu ilin aprelində Dövlət Film Fondunun əməkdaşlarının da iştirak etdiyi İsveçrənin Lozanna şəhərində keçirilmiş 75-ci FIAF Konqresində Jan Luk Qodara təqdim olunmuşdur.

Mükafat şəxsi təcrübəsi və kinoya bağlılığı FIAF-ın missiyasına uyğun gələn, filmlərin qorunmasında və bərpa olunmasında xüsusi xidmətləri olan kino xadimlərinə təqdim olunur. FIAF mükafatının əvvəlki alıcıları arasında Martin Skorseze (2001), İnqmar Berqman (2003), Mayk Li (2005), Hou Syosyan (2006), Piter Baqdanoviç (2007), Agnes Varda (2013), Jan-Pierre və Luk Dardenne (2016), Kristofer  Nolan (2017) və Apiçatponq  Virasetakul(2018) var.

FIAF Mükafatını alan şəxs FIAF İcra Komitəsi tərəfindən FIAF-a üzv kino arxiv təşkilatlarının səsverməsinə əsasən seçilir.


Adı Rio-de-Janeyrodakı Müasir İncəsənət Muzeyi tərəfindən irəli sürülmüş Uolter Salles, Braziliya kinosunda ən məşhur və hörmətli şəxsiyyətlərdən biridir. Filmləri dünyanın ən nüfuzlu festivallarında (Kann, Berlin, Venesiya) və Akademiya Mükafatlarında, Qızıl Qlobus və BAFTA Mükafatlarında seçilmiş və fərqlənmişdir. Bundan əlavə, Uolter Salles film irsinin qorunmasında çox fəaldır.

Covid-19 qlobal pandemiyası səbəbindən 2020 FIAF Mükafatının təqdimetmə mərasimi təəssüf ki, daha sonrakı tarixə təxirə salınmışdır və hazırda yeni vaxtın təyin olunması ilə bağlı Uolter Salleslə danışıqlar aparlımaqdadır.

11.07.2020