ANİMAFİLM festivalına 58 ölkədən müraciət edilib

13 kateqoriya üzrə 146 əsər müsabiqə proqramına daxil edilib

14-18 oktyabr tarixində Bakıda keçirilməsi planlaşdırılan III ANİMAFİLM Beynəlxalq Animasiya Festivalının seçim komissiyası müsabiqə proqramına daxil edilmiş filmləri və ssenarilərin siyahısını elan edib.

Seçim komissiyası 58 müxtəlif ölkədən 433 müraciətə baxaraq 146 əsəri müsabiqə proqramına daxil edib. Festivalda yerli və beynəlxalq 13 kateqoriya var. İştirakçıların tam siyahısı festivalın rəsmi saytında dərc olunub: www.animafilm.az

“Müraciətlərin sayı ötən ilə nisbətən iki dəfə artıb. Ən çox müraciət ABŞ-dan daxil olub. İngiltərə, Kanada və Fransadan da çoxlu müraciət var. Azərbaycandan bu il müsabiqəyə 20-yə yaxın film, 40-a yaxın ssenari göndərilib. Bu, çox sevindiricidir və onu göstərir ki, Azərbaycanda animasiya kinosu dirçəlməyə başlayır”, – deyə festivalın direktoru Rəşid Ağamalıyev bildirib.

Seçilmiş filmlər və ssenarilər beynəlxalq münsiflər heyəti tərəfindən baxılacaq və qaliblər 2020-ci il oktyabrın 18-də III ANİMAFİLM festivalının bağlanış mərasimində elan olunacaq.

Xatırladaq ki, builki festivalın mövzusu Fransa animasiyasına həsr olunub. Festival Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Kinematoqrafçılar İttifaqı, Çex Respublikasının ölkəmizdəki səfirliyi, Fransanın Azərbaycandakı səfirliyi, Azərbaycanda Fransız İnstitutu (İFA), Nizami Kino Mərkəzi, “Mücrü” nəşriyyatı, digər tərəfdaş və sponsorların dəstəyi ilə keçiriləcək.

Bu il ANİMAFİLM Fransa səfirliyi və İFA-nın tərəfdaşlığı, “Annecy” Beynəlxalq Animasiya Filmləri Festivalının dəstəyi ilə “Ən yaxşı Azərbaycan qısametrajlı animasiya filmi” kateqoriyası üzrə yeni mükafat təsis edib. Qalib 2021-ci ildə Fransada keçiriləcək “Annecy” Beynəlxalq Animasiya Filmləri Festivalında iştirak edəcək və MİFA adlı peşəkar akkreditasiya alacaq. Qalibin bütün səyahət və yaşayış xərcləri İFA tərəfindən qarşılanacaq. “Qısametrajlı animasiya filmi üc­̧ün ən yaxs­̧ı Azərbaycan ssenarisi” kateqoriyası üzrə qalib isə Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin dəstəyi ilə mükatandırılacaq. Ssenari qalibinin mükafatı qiymətli fotokamera olacaq.

10.08.2020