“Rasim Ocaqov” fəxri təqaüdü gələcəyin kinorejissoruna verilib

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının (ARKİ) təsis etdiyi “Rasim Ocaqov” fəxri təqaüdünün veriləcəyi növbəti tələbənin adı bəlli olub.

Görkəmli kinorejissor, Xalq artisti, SSRİ və Azərbaycanın Dövlət mükafatları laureatı Rasim Ocaqovun adına təsis edilən xüsusi təqaüdə yeni tədris ilində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin kino rejissorluğu ixtisası üzrə 4-cü kurs tələbəsi Vüsal Hacıyev layiq görülüb.

ARKİ-nin mətbuat xidmətindən bildirilib ki, qurumun İdarə heyətinin müvafiq qərarı qəbul edilərkən Vüsal Hacıyevin təhsildə və ictimai işlərdə fərqlənməsi, müxtəlif tədbirlərdə mükafatlar qazanması, həmçinin ödənişli əsaslarla təhsil alması maddi-sosial vəziyyəti nəzərə alınıb.

05.11.2020