Azərbaycan Dövlət Film Fonduna yeni unikal artefaktlar daxil olmuşdur

Bu maraqlı artefaktlar şəxsi arxivlərdən  Fondun əməkdaşlarının səyi nəticəsində əldə edilmişdir. Daxil olmuş artefaktlar sırasına 1958-ci ildə “Uzaq Sahillərdə” (rej. Tofiq Tağızadə) filminə verilmiş “Ümumittifaq Kino Festivalı”nın münsiflər heyətinin sədri, SSRİ Xalq artisti Qriqori Kozintsev tərəfindən imzalanmış diplom, SSRİ-nin ilk kinematoqrafiya naziri Boris Şumyatski tərəfindən imzalanmış və 1935-ci ildə “İsmət” filminə görə rejissor Mikayıl Mikayılova verilmiş fəxri fərman da yer almışdır. Həmçinin, 1936-cı ildə Azərbaycanın Xalq Artisti, rejissor Muxtar Dadaşova SSRİ xalq artisit, “Sosialist əməyi qəhrəmanı” Nikolay Kryüçkov tərəfindən hədiyyə olunmuş fotoşəkil də bu siyahıdadır. Sözügedən fotoda baş rollardan birini Nikolay Kryüçkovun ifa etdiyi  Azərbaycanın ilk səsli filmi olan “Mavi dənizin sahilində”( rej.Səməd Mərdanov) filmdən kadr təsvir olunmuşdur.

Əldə olunmuş artefaktlardan  “Cazibə qüvvəsi” (rej. Həsən Seyidbəyli) filminə “Ümumittifaq Kino festivalı”nda verilmiş diplom, Azərbaycanda çəkilmiş “Göllər kraliçası” (rej.Mirzə Mustafayev) filminə təqdim olunmuş diplom və s. qeyd etmək olar.

15.03.2021