1950-ci illərdən etibarən Azərbaycan kinosunda müəllif kinosu yarandı. Görkəmli kinorejissorlardan Hüseyn Seyidzadə, Şamil Mahmudbəyov, Tofiq Tağızadə, Əlisəttar Atakişiyev, Lətif Səfərov və başqalarının yaradıcılığında pafosdan kənar, ekran dili yumşaq olan filmlər təqdim olundu. Peşəkar kinorejissorların yüksək təfəkkürünün məhsulu olan filmlərin baxımlı olmasının başlıca səbəblərindən biri də kinoya gətirdikləri gəncləri, maraqlı simaları tamaşaçılara tanıtmaları, sevdirmələri idi. Həmin illərin məşhur kinoaktyorlarından biri də “Görüş” kinokomediyasında ilk ekran obrazını təqdim edən, özünəməxsus yaradıcılığı ilə çoxsaylı tamaşaçı auditoriyasının diqqətini çəkən, sevilən aktyor Arif Mirzəquliyevdir. Azərbaycan kinosunda iki tammetrajlı və bir “Mozalan” kino süjetində maraqlı personajlar təqdim edən aktyoru anadan olmasının 90-cı ildönümündə böyük hörmət və ehtramla yad edirik, həyat və sənət yoluna qısa nəzər salırıq.
Arif Teyyub oğlu Mirzəquliyev 1939-cu il iyunun 6-da Bakıda ziyalı ailəsində dünyaya gəlib. Atası Teyyub Mirzəquliyev Qusar rayonunun Uqur kəndində həkim işləyib. O, oğlunun da gələcəkdə özü kimi həkim olmasını arzulasa da, gənc Arif kinoya olan marağına və böyük sevgisinə görə orta məktəbi bitirən kimi sənədlərini Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutuna verir və daxil olur. Ali kino məktəbinin sonuncu kursunda oxuyarkən ardıcıl olaraq iki filmə – “Görüş” və “O olmasın, bu olsun” kinokomediyalarına dəvət alır, peşəkar aktyor kimi özünü sənətdə sübut edir. Onu da qeyd edək ki, kino salnaməmizin parlaq səhifələrini təşkil edən hər iki film peşəkar yaradıcı heyətin potensialı və sənət bilgisi sayəsində bu gün də məşhurluğunu qoruyub saxlamaqdadır.
Azərbaycan və Özbəkistan pambıqçılarının əmək yarışmasından bəhs edən “Görüş” kinokomediyasında meşşan xüsusiyyətli Kamil obrazının baməzə, bəzənsə gülüş doğuran cəhətlərini incə yumor hissi ilə təqdim edən Arif Mirzəquliyev istedad və bacarığı sayəsində tez bir zamanda məşhurlaşdı, ilk ekran obrazının təfsirində kinorejissor Tofiq Tağızadənin istək və tələbləri əsasında filmin ideya və məzmununun açılmasına səbəb yaratdı.
“Görüş” kinokomediyasının süjet xəttini iki gəncin – özbək qızı Lala (aktrisa Nelli Ataullayeva) ilə azərbaycanlı Kamilin (aktyor Arif Mirzəquliyev) saf məhəbbəti təşkil edir. Kamil tənbəl xüsusiyyətləri, meşşan davranışı ilə məqsədsiz həyat tərzi sürən gəncdir. O, kolxozda çalışan anasının (Əzizə – aktrisa Əzizə Məmmədova) və bacısının (Bilqeyis – aktrisa Leyla Bədirbəyli) zəhmət haqqına göz dikən, onların gəliri hesabına yaşayan və tüfeyli həyat tərzi sürən bir gəncdir. Kənddə heç bir nüfuz sahibi olmayan, insanların gülüş hədəfinə çevrilən Kamil həyat tərzindən, özündən razıdır və dəyişmək fikri də yoxdur. Lakin özbək qızı Lala ilə olan tanışlığından sonra o, mənəviyyatı zəngin, zəhmətkeş qızın qarşısındakı acizliyini, fərdi cəhətlərindəki qüsurları anlayır. Zəhmətə sarılıb, bütün qüvvəsi ilə də elin-obanın, ətrafdakıların rəğbətini, həmçinin sevdiyi qız Lalanın sevgisini qazanmağa çalışır.
“Zəhmət insanın həyat yolunu zənginləşdirən, həyatdakı rolunu, mövqeyini müəyyənləşdirən mühüm amildir” prinsipi filmin leytmotividir. Bütün dövrlər və insanlıq üçün vacib olan mühüm missiyanı filmin yaradıcı heyəti komik nüanslarla, yumşaq ekran dili ilə tamaşaçılara çatdırmağa müvəffəq olublar.
Arif Mirzəquliyevin “Görüş” kinokomediyasında qazandığı yaradıcılıq uğuru görkəmli kinorejissor Hüseyn Seyidzadənin dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin eyniadlı operettası əsasında çəkdiyi “O olmasın, bu olsun” kinokomediyasında baş rollardan birinə dəvət etməsinə imkan yaradır. Gənc aktyorun intellekti, kamera qarşısındakı sərbəst davranışı, səhnə yaraşığı verən xarici görünüşü, səlis diksiyası, rolu xarakterinə uyğunlaşdırması və hadisələri ironik üslubda təqdimetmə bacarığı rolun müvəfəqiyyət qazanmasına səbəb olur. Onu da qeyd edək ki, sənət korifeylərinin cəmləndiyi məşhur filmdə yaradıcılığını təsdiqləmək, seçilmək və sevilmək o qədər də asan deyildi. Görkəmli kinorejissor Hüseyn Seyidzadənin uğurlu sənət taktikası, peşəkar yaradıclıq priyomu aktyora doğru sənət istiqaməti verərək istedad və bacarığını bir daha təsdiqləməsinə imkan yaradır.
Böyük kinoda ilk gündən uğurlu addımlarını atan, sənət xoşbəxtliyini yaşayan aktyor, təəssüflər olsun ki, kino yaradıcılığını yarımçıq qoyur. Atasının istəyinə əsasən sənədlərini Azərbaycan Dövlət Tibb İnstitutuna verir və nevropatoloq ixtisasına yiyələnir. Sevdiyi sənətindən uzaqlaşaraq ömrünün sonuna kimi də həkim vəzifəsində çalışır.
1980-ci ildə üçüncü dəfə kinoya dəvət olunan aktyor “Məşədi İbad-80, yaxud köhnə tanışlar” “Mozalan” süjetinə çəkilir. Sərvər obrazını yeni quruluşda, fərqli ampluada canlandırır.
Arif Mirzəquliyev kinoda az çəkilməsinə baxmayaraq, sənət bilgisinə, maraqlı təqdimatına görə yaradıcılığını yaddaşlara yazmağı, kinosevərlərin hafizəsində əbədi qalmağı bacardı. “Görüş” kinokomediyasında yaratdığı Kamil və “O olmasın, bu olsun” filmində canlandırdığı Sərvər obrazları ilə də tamaşaçıların yaddaşında, qəlbində silinməz iz qoydu.
Azərbaycan Dövlət Film Fondu