Teymur Bəkirzadə – 80

Azərbaycan kinosunda fərdi dəsti-xəttinə görə seçilən, istedadlı kinorejissor, əməkdar incəsənət xadimi Teymur Bəkirzadənin anadan olmasının 80-ci ildönümündə xatirəsini böyük ehtiramla yad edirik.

Teymur Bəkir oğlu Bəkirzadə 1941-ci il sentyabr ayının 14-də Bakıda dünyaya göz açıb. 1974-cü ildə Moskvada Ali rejissorlar kursunu bitirib. Xalq rəssamı Toğrul Nərimanbəyovun yaradıcılığına həsr etdiyi bioqrafik filmlə ilk sənədli filmini ekranlaşdırıb. Bundan sonra ardıcıl olaraq 40-a yaxın müxtəlif mövzulu, bioqrafik (“Axtarış həvəsi”, “Fəhlə Gülbala Əliyev” və s.), idman (“Futbol, futbol…”, “Taca doğru addım”, “Veteran”, “Güləş” və s.), tarixi (“Abşeron qalaları”, “Bakı-Neapol qardaşdırlar” və s.), sosial (“Bizim Bakı teatrı”, “Həyat yolu”, “Ümumxalq işi” və s.) və digər janrlı sənədli film ərsəyə gətirib, bir çox sənədli ekran əsərinin ssenarisini yazıb. “Ömrün səhifələri” kinoalmanaxına daxil olan “Rəqiblər” novellasına,  “Çətirimiz buludlardır” (kinorejissor Nicat Bəkirzadə ilə birgə), “Yol əhvalatı”,  “Ləqəbi “İKA”dır” (kinooperator Amin Novruzovla birgə) bədii filmlərinə quruluş verib.

Çəkdiyi ekran əsərlərinə müəllif münasibəti bildirən rejissorun fərqli yaradıcılıq üslubu, mövzulara yanaşma metodu yaradıcılığını diqqət mərkəzində saxlayır. Belə ki, 1978-ci ildə Bakı İdman Malları Fabrikinin həndbolçu qızlarına, onların gərgin keçən oyununa həsr etdiyi “Dissonans” reportaj filmi böyük marağa səbəb olur. 1979-cu ildə film Leninqradda keçirilən VII Ümumittifaq idman filmləri kinofestivalında Qızıl Medala layiq görülür. Həmin ildə Aşqabadda  keçirilən XII Ümumittifaq kinofestivalında parlaq, dinamik kinoreportaja görə münsiflər heyətinin Diplomunu, 1980-ci ildə isə Moskvada idman jurnalistlərinin Ümumdünya Assosiasiyasının Prizini, 1982-ci ildə Budapeştdə keçirilən  qısametrajlı filmlərin Beynəlxalq kinofestivalında Bürünc Medal qazanır.

Azərbaycanda XI beşilliyinin ən böyük tikinti obyektlərindən olan Bakı Dərin Dəniz Özülləri Zavodunda hazırlanan məhsullar haqqında çəkdiyi “Polad adalar” filmi 1986-cı ildə Alma-Atada XIX Ümumittifaq kinofestivalının Diplomuna layiq görülür.

Göründüyü kimi ardıcıl olaraq müxtəlif mövzulara müraciət edən, həyatda və cəmiyyətdə baş verən hadisələri düşüncəsinin süzgəcindən keçirən rejissor sosial məzmunda ekranlaşdırdığı ekran əsərlərində insani keyfiyyətləri, mühüm həyat şərtlərini əsas götürərək təhlil obyektinə çevirib.

Tamaşaçıların qəlbinə yol tapmağı bacaran rejissor “Rəqiblər” novellasında küçəyə qoyulmuş iki pivə köşkünün satıcıları arasındakı çəkişmələrdən bəhs etsə də, insanlar arasında vacib amil olan dostluq münasibətini qabardaraq, filmin leytmotivinə çevirir. Xeyirxah hisslərin, xoş münasibətlərin vacibliyi müəllif mesajı olaraq cəmiyyətə ötürülür. Yüksək mənəvi keyfiyyətləri təbliğ edən filmdə hadisələri müşayiət edən təsirli musiqi parçaları, aktyorların peşəkar ifası, səmimi  ekran dili tamaşaçıların zövqünü oxşamağa, düşüncəsini (yaxşı mənada) formalaşdırmağa xidmət edir.   

Rejissorun böyük kinoda ilk işi olan “Çətirimiz buludlardır” filmində çobanların məişətindən, gündəlik həyat tərzindən bəhs edilir. Filmin baş qəhrəmanı Gizir (aktyor Elxan Əhədzadə) adlı çobandır. O, sənətinə bağlı bir insandır. Onun məişət problemləri ilə yanaşı, şəxsi həyatında da nigarançılığı olduğunu görürük. Gizir həmkəndlisi Nərgizi (Tamara Şakirova) sevir. Lakin əsgərlikdən qayıdanda qızın başqasına ərə getdiyini eşidir. Bununla belə o, Nərgizi unuda bilmir və onu sevən Bənövşə (Xalidə Quliyeva) ilə xoşbəxt ola bilməyəcəyini anladığına, həyatını yenidən qurmaq istəyinə görə də kənddən çıxıb gedir…

İstedadlı rejissorun növbəti bədii filmi 1980-ci ildə müstəqil olaraq quruluş verdiyi “Yol əhvalatı” filmidir. Filmdə iki gəncin səmimi hislərinə, sevgisinə mane olan, ailə bağlarını qazanc mənbəyi bilən tamahkar, hiyləgər insanlar ifşa olunur, gülüş hədəfinə çevrilir. Əliəyri, müftəxor inanların baməzə və komik xüsusiyyətləri fonunda cərəyan edən hadisələrdə maraqlı və baməzə xüsusiyyətləri ilə diqqət çəkən obrazlar filmin baxımlılığını, janrın koloritini artırır. Rejissorun yaradıcılığına əminliyi sayəsində isə məhəbbət üçbucağından, melodram janrından uzaqlaşdırılan hadisələrdə prinsipial həyat mövqeyi, ali məqsədi olmayan insanların səciyyəvi (qəribə və gülünc) cəhətləri, həyat mövqeləri, davranış qaydaları gülüş hədəfinə çevrilir.

“Çətirimiz buludlardır” sosial filmindən, “Yol əhvalatı” komediyasından sonra  rejissorun ekranlaşdırdığı “Ləqəbi “İKA”dır” filmi isə SSRİ Dövlət Təhlükəsizlik Komitəsi əməkdaşlarının 1953-1990-cı illərdəki fəaliyyətindən, 1990-cı il yanvarın 20-də Bakıda baş vermiş faciəli hadisələrin təşkilində bu komitənin bilavasitə iştirakından bəhs edir.  Lakin təəssüflər olsun ki, böyük yaradıcılıq eşqi ilə başladığı işi sona çatdıra bilmir, 1995-ci ildə dünyasını dəyişir. Filmi operator  Amin Novruzov  tamamlayır.  Film 1997-ci ildə Minskdə (Belarus) keçirilən “Listopad” beynəlxalq kinofestivalında MDB Ölkələrinin İcraiyyə Komitəsinin Prizini qazanır.

Məsuliyyətli və məhsuldar yaradıcılığından da göründüyü kimi yaradıcılıq eşqi böyük olan Teymur Bəkirzadənin filmoqrafiyası daha uzun və zəngin ola bilərdi – ömür vəfa etsəydi.

Taleyinə yazılan ömür payının 54-cü yayında dünyasını dəyişən, sənətinin fövqündə həyat mövqeyi, arzu və düşüncələri əksini tapan rejissorun xatirəsini əziz tutur, Allahdan ona rəhmət diləyirik.

Dövlət Film Fondu