Özbəkistanda Azərbaycan kinosu günləri keçirilir

Daşkənddə “İpək yolu dürdanəsi” adlı beynəlxalq kinofestivalın təntənəli açılış mərasimi keçirilib.

Festivalın açılış mərasimində dünyanın 50-yə yaxın ölkəsindən 350 qonaq, eləcə də Özbəkistanın dövlət strukturlarının nümayəndələri, mədəniyyət və incəsənət xadimləri, jurnalistlər iştirak ediblər.

Özbəkistan Baş nazirinin müavini, turizm və idman naziri Əziz Əbdühakimov Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin təbrik məktubunu oxuyub.

Festival çərçivəsində Azərbaycan filmləri günü də keçiriləcək. Azərbaycan kinematoqrafçılarının filmləri Özbəkistanın Daşkənd, Xivə və Nukus şəhərlərində göstəriləcək.

Nümayəndə heyətinə Azərbaycan Mədəniyyət Nazirliyinin Kinematoqrafiya şöbəsinin müdiri, kinorejissor və ssenarist Rüfət Həsənov, Xalq artisti, kinorejissor Vaqif Mustafayev, “Azərbaycanfilm” kinostudiyasının direktoru Fariz Əhmədov, rejissor Afaq Yusifli və digərləri daxildir.

Rüfət Həsənov öz çıxışında belə bir festivalın keçirilməsi üçün Özbəkistan tərəfinə minnətdarlıq edərək bildirib ki, Daşkənd festivalı dünyanın nüfuzlu kinematoqrafçılarını bir araya yığa bilib. O, festivala uğurlar arzulayıb, Azərbaycan kinematoqrafçılarının fəaliyyətindən danışıb.

150 filmin nümayiş olunacağı Daşkənd festivalında fəxri qonaq kimi dünyanın məşhur aktyorları və rejissorları – Stiven Siqal, Nikita Mixalkov, Timur Bekmambetov, Pavel Priluçnı, Lük Besson, Mithun Çakraborti və digər məşhur sənət adamları iştirak edir.