Azərbaycan filmində çəkilmiş aktrisa kosmik səfərdədir

Bu gün kosmonavt Anton Şkaplerov, aktrisa Yuliya Peresild və “Çağırış” filminin rejissoru Klim Şipenkonun iştirakı ilə “Soyuz MS-19” kosmik gəmisi Baykonur kosmodromundan havaya qalxıb.

“Roskosmos”un məlumatına görə, raketin kino çəkiliş qrupu ilə havaya buraxılması Moskva vaxtı ilə saat 11:55-də baş tutub. Doqquz dəqiqə yarımdan sonra “Soyuz MS-19” orbitə çıxaraq Beynəlxalq Kosmik Stansiyaya istiqamət alacaq.

Kosmik uçuş iştirakçılarının BKS-dəki fəaliyyət müddəti 12 sutkadan az olmayacaq. Çəkiliş qrupu Yerə “Soyuz MS-18” apparatında geri dönəcək.

Əsas heyətə “Roskosmos”un kosmonavtı Anton Şkaplerov, aktrisa Yuliya Peresild, rejissor Klim Şipenko, həmçinin onların dublyorları — Oleq Artemyev, Aleksey Dudin və Alyona Mordovina daxildirlər.

Dünyada ilk dəfə olaraq kino çəkiliş heyətinin BKS-ə uçuşu haqqında bu ilin may ayında məlumat verilmişdi. Heyət stansiyada “Çağırış” filmini çəkəcək.

Qeyd edək ki, aktrisa Yuliya Peresild 2008-ci ildə “Azərbaycanfilm” kinostudiyası ilə “United Multimedia Projects”in birgə istehsal etdiyi “Qala” bədii filmində (rejissor Şamil Nəcəfzadə) Qalina obrazını canlandırmışdı.

Dövlət Film Fondu