Kənan Məmmədov – 75

Azərbaycan kinosunda milli kino ənənələrini davam etdirən kinooperatorlarımızdan biri də əməkdar incəsənət xadimi, istedadlı kinooperator Kənan Məmmədovdur. Yaradıcılığı boyu sənətdə peşəkarlıq nümayiş etdirən, kino texnikasının imkanlarından geniş istifadə edərək tamaşaçıları daim ekrana yaxın, bəyaz çərçivə hekayələrinə məftun edən sənət bilicisini 75 illik yubileyi münasibəti ilə təbrik edirik, fürsətdən istifadə edərək sənət yoluna da qısa nəzər salırıq.

Zəngin təcrübəyə malik olan Kənan Məmmədov çəkdiyi hər bir filmdə məzmunlu ekran kompozisiyası qurduğuna görə daim yaradıcı heyətin ümumi ideyasını aydın bəyan edib, orijinal dəst-xətti ilə filmləri geniş tamaşaçı auditoriyasına sevdirməyə nail olub, geniş diapazonlu fəaliyyətində peşəkar sənət nümunələri yaradaraq milli kinomuzun təəssübünü çəkib. Həssas, güclü yaradıcılıq  intuisiyasına əsasən, hadisələrin dəqiq ekran şərhini yaradıb, real həyat faktlarını çəkməyə üstünlük verib. Operator kimi quruluş verdiyi filmlərdə cəmiyyətdə gedən ictimai proseslərə, sosial şəraitə şəxsi münasibətini bildirib, kinonu sadəcə məslək kimi yox, daxili potensialını açan, düşüncələrini, həyata baxışını ifadə edən bir vasitə  kimi seçib.

Gələcəyin peşəkar kinooperatoru kinoya hələ uşaq yaşlarından həvəs göstərib. Tez-tez kinoteatrlara gedib, geniş ekranda baxdığı həyat faktlarını uzun-uzadı götür-qoy edib.  Azərbaycan kinosunda fərqli yaradıcılıq üslubuna görə seçilən məşhur kinooperator Xan Babayevin onlara qonşu olması, evlərinə yaxın küçələrdə çəkilişlər aparması Kənan Məmmədovu bu sənətə daha da yaxınlaşdırıb. Tale belə gətirib ki, o, vurğunu olduğu kinooperatorluq sənətinə 25 yaşında gəlib. İmza atdığı hər bir filmin dəqiq kompozisiyasını yaradıb, kino estetikasının ciddi qanunlarına riayət etdiyinə görə də kinoda az bir müddət ərzində ustad sənətkar adı qazanıb.

Kənan Əziz oğlu Məmmədov 1946-cı il oktyabrın  9-da Bakıda ziyalı ailəsində anadan olub. Orta məktəbi əla qiymətlərlə başa vurduqdan (1954-1965) sonra Azərbaycan Dövlət Politexnik İnstitutunun mexanika şöbəsinə daxil olub. İnstitutda oxuyarkən (1966-1971) orada iki il fotoqraf kimi çalışıb. 5-ci kursda oxuyanda bu sahədə özünü tapa bilməyəcəyini başa düşüb, valideynlərinin narazılığına baxmayaraq, uşaqlıq arzusu olan kinooperatorluq sənətinin ardınca gedib.

1971-ci ildə  Moskva Dövlət Kinematoqrafiya İnstitutunun kinooperatorluq fakültəsinə qəbul olan Kənan Məmmədov ona düzgün sənət istiqaməti verən institut müəllimlərinin (A. Qalperin, V. Şumski, V. Naxabsev) sayəsində qısa bir müddət ərzində öz dəst-xəttinə görə peşəkarların diqqətini çəkib. Diplom işi komissiya üzvləri tərəfindən “əla” qiymətləndirilib, sonra isə nümayiş etdirilmək üçün surəti çıxarılıb Daşkənddə keçirilən Beynəlxalq Kinofestivala göndərilib. Ali kino məktəbini bitirdikdən sonra o, Bakıya qayıdıb. 1976-cı ildə “Azərbaycanfilm”  kinostudiyasında əmək fəaliyyətinə başlayıb, ümumilikdə 80-ə yaxın film ekranlaşdırıb, ali kino məktəbindən bəhrələndiyi təcrübəsini milli kinomuzda tətbiq edib. Kinoda çalışdığı 41 il ərzində  çəkdiyi onlarla sənədli, bədii və qısametrajlı filmlər müxtəlif  beynəlxalq  kinofestivalların qalibi olub.

“Ovçu, vurma məni”  sənədli filmi ilə kinoda (1977) ilk uğurunu qazanan operator çox sayda qısametrajlı və “Mozalan” filmləri də çəkib. Bədii kinoda ilk dəfə “Ad günü” filminin yaradıcı qrupuna (quruluşçu operator Z. Məhərrəmov) II operator təyin edilib və həmin filmdə epizod rolda (Namiq) çəkilib. İnsan psixologiyasını tədqiq edən, baş qəhrəman Əlinin gündəlik həyat qayğılarından bəhs edən bu lirik-psixoloji film gənc operatorun yaradıcılığına böyük stimul verib. Onun işə həvəslə, ürəkdən yanaşması və peşə bilgisi görkəmli kinorejissor Rasim Ocaqovun diqqətindən yayınmır. Bu filmdən sonra onların kinoda yaradıcılıq tandemi yaranır. Böyük və zəngin yaracılıq yolu keçmiş peşəkar kinorejissorla birgə çalışması Kənan Məmmədova uğur gətirir. Milli kinomuzda maraqlı ekran nümunələri yaradan Rasim Ocaqovla  birlikdə o, texniki və bədii cəhətdən dəyərli filmlər (“Özgə ömür”, “Təhminə”, ”Qətldən yeddi gün sonra”, “Otel otağı” və s.) çəkir.

Kənan müəllimin yaradıcılığında lirik-psixoloji filmlər çoxluq təşkil etsə də o, həmişə mövzuya realistcəsinə yanaşıb, əsas məqsədi ekran əsərlərinin ideya-bədii cəhətini açmaq olub. “Atları yəhərləyin”, “Ovsunçu”, “Fəryad”, “Küçələrə su səpmişəm”, “İstanbul reysi” və başqa filmlər müxtəlif aspektli çəkiliş texnikasına görə maraqlı və dəyərlidir. Kinooperatorun sosial mövzulardan çox psixoloji filmlərə quruluş (operator kimi) verməyinin səbəbi hər hansı bir planda personajların mimika cizgilərini düzgün aspektdə işıqlandırıb əsərin mahiyyətini aça bilməsidir.

“İnsan faktoru mənim üçün əsasdır. Mən aktyorları çəkəndə həmişə çalışmışam ki, fonun təsvirini söndürüm. İşığı elə qururdum ki, aktyor ifası qabarıq görünsün. Dialoqa, monoloqa uyğun olaraq hərdən aktyorun sifətini yox, əllərini, mimika cizgilərini göstərmək daha vacibdir. Bunlar hamısı sənətlə bağlı əsas məsələlərdir” deyən kinooperatorun çəkdiyi filmlərin ümumi kompozisiyası tamaşaçını (peşəkar çəkiliş texnikasına görə) əsərin mahiyyətinə biganə qalmağa qoymur, hadisələrin iştirakçısına çevirir.

“Azərbaycanfilm” kinostudiyasındakı fasiləsiz fəaliyyəti dövründə bir-birindən maraqlı, məzmunlu filmlər yaradan, milli kino ənənələrini yaşadan kinooperatorun daha çox bədii filmlər üstünlük təşkil edən yaradıcılığına “Qızıl uçurum” (1980, V. Kərimovla birgə), “Qara gölün cəngavərləri” (1984), “Doğma sahillər” (1989), “Tərsinə çevriən dünya” (2011), “Sübhün səfiri” (2012) və başqa filmlər daxildir.

Sosial-mənəvi məsələlərə peşəkar yaradıcılığı fonunda aydınlıq gətirilən ““Yapon” və yaponiyalı” (1990, F. Əsgərovla birgə), “Gecə qatarında qətl” (1990), “Qətldən yeddi gün sonra” (1991),  “Fəryad” (1993), “Təhminə” (1993), “Son döyüş” (1996, A. Novruzov və Y. Varnovski ilə birgə), “Otel otağı” (1998), “Təsadüfi görüş” (1999) və başqa filmlər Kənan müəllimin zəngin yaradıcılıq potensialına görə ekran həllini tapan əsərlərdir.

Kinoda göstərdiyi xidmətlərə görə Kənan Məmmədov 1986-cı ildə Azərbaycan Respublikası Dövlət mükafatı laureatı, 2000-ci ildə isə Azərbaycanın əməkdar incəsənət xadimi fəxri adlarını alıb.

Quruluş verdiyi (operator kimi) filmlərdə dəqiq mizanların olması, işıqlandırma işini,  fotoqrafiya sənətini dərindən bilməsi, zəngin dünyagörüşü, yüksək intellekti Kənan Məmmədovun sənətkar və şəxsiyyət kimi sevilməsinə səbəb olub. Bir daha kinosevərlər adından 75 yaşını qeyd edən ustad sənətkarımıza cansağlığı arzulayır, bir ömrə bəxş olunan ən böyük hədiyyənin insanların sevgisi olduğunu vurğulayaraq təbriklərimizi çatdırırıq.

Dövlət Film Fondu

Qeyd: Məqalədə yerləşdirilən foto Fikrət Əliyevin “Axırıncı dayanacaq” filminin çəkilişlərindəndir.