Noyabrın 5-də Heydər Əliyev Sarayında Mədəniyyət Nazirliyinin dəstəyi ilə Bakı Media Mərkəzi və “Salnaməfilm” studiyasının birgə istehsalı olan “Şuşa, sən azadsan!” sənədli filminin təqdimatı keçirildi.
İlk olaraq torpaqlarımızın azadlığı uğrunda canından keçən Vətən oğullarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Təqdimatda çıxış edən mədəniyyət naziri Anar Kərimov qonaqları salamlayaraq Zəfər Günü münasibətilə hər kəsi təbrik etdi. Mədəniyyət Nazirliyi tərəfindən əlamətdar gün münasibətilə müxtəlif tədbirlərin keçirildiyini söyləyən nazir “Şuşa, sən azadsan!” sənədli filminin Zəfər bayramımıza töhfə olduğunu bildirdi. Qeyd etdi ki, bu qəbildən filmləri yaratmaqda məqsəd şücaətli Azərbaycan Ordusunun qəhrəmanlığını bir daha xalqımıza göstərmək və tariximizin yaddaşına həkk etməkdən ibarətdir.
Daha sonra çıxış edən filmin rejissoru Cavidan Şərifov və Bakı Media Mərkəzinin direktoru, filmin prodüseri Orman Əliyev ekran əsəri haqqında məlumat verdilər.
Bildirildi ki, 44 günlük Vətən müharibəsinin həlledici mərhələsi, müasir hərb tarixinin ən parlaq səhifələrindən biri olan Şuşa əməliyyatının diqqətçəkən məqamları izləyicilərə ilk dəfə bu filmdə təqdim edilir. Filmdə Şuşa əməliyyatını həyata keçirən cəsur əsgər və zabitlərimizin müsahibələri, Şuşanı işğaldan azad edən qəhrəman xüsusi təyinatlılarımızın döyüş yolu, əməliyyat zamanı çəkilmiş eksklüziv kadrlar yer alır.
Çıxışlardan sonra film təqdim olundu.
Gecədə həmçinin Mədəniyyət Nazirliyinin dəstəyi ilə Bakı Media Mərkəzi və C. Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası tərəfindən istehsal olunmuş “Biz” sənədli filmi də nümayiş olundu.