Azərbaycan “Qorqud Ata” Film Festivalında təmsil olundu

Azərbaycan filmləri noyabrın 8-dən 12-dək İstanbulda keçirilən birinci “Qorqud Ata” (Dədə Qorqud) Türk Dünyası Beynəlxalq Film Festivalında geniş təmsil olunub.

Festival çərçivəsində keçirilən mükafatlandırma mərasimində türk mədəniyyəti və incəsənətinin inkişafına verdiyi töhfələrə görə Bakı Media Mərkəzinin prezidenti Arzu Əliyevaya “Şərəf” mükafatı təqdim olunub. Mükafatı Türkiyənin Mədəniyyət və Turizm naziri Məhmət Nuri Ərsoy təqdim edib.

Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilən festivala ölkəmizlə yanaşı, Türkiyə, Qazaxıstan, Özbəkistan və Qırğızıstandan 100-dən artıq kinematoqrafçı, ümumilikdə isə 1000-dən çox qonaq qatılıb. Azərbaycanın milli film sənayesinin də geniş təmsil olunduğu tədbirdə Bakı Media Mərkəzinin “Miras”, “Sonuncu” və “Biz” filmləri festivalın geniş auditoriyasına təqdim edilib.

Türk dövlətlərinin istehsalı olan 40-dan artıq filmin nümayiş etdirildiyi festivalın əsas məqsədlərindən biri ortaq audiovizual məkan yaratmaq və türk dünyasının bu məkana inteqrasiyasına töhfə verməkdir.

Mərasimdə çıxış edən Azərbaycanın mədəniyyət naziri Anar Kərimov festivalın keçirilməsinə görə Türkiyə dövlətinə təşəkkürünü bildirib. Qeyd edilib ki, bu festival ortaq adət-ənənə, mədəniyyət və bir çox digər dəyərlərimizin nəinki türk dövlətlərində, eləcə də bütün dünyada tanıdılmasına vəsilə olacaq. Bu bəyanatla film və serial sahəsində əməkdaşlığımız güclənəcək və birgə layihələrə imza atacağıq.

Anar Kərimov 2023-cü ildə təşkil olunacaq festivalın Azərbaycanın mədəniyyət paytaxtı Şuşada keçiriləcəyini bildirib. Təqdimetmə mərasimində türkdilli dövlətlərin milli rəqsləri ifa edilib, festivalın tanıtım videoçarxları nümayiş olunub.

Mərasimdə çıxış edən Türkiyənin Mədəniyyət və Turizm naziri Məhmət Nuri Ərsoy burada verilən ən sevindirici xəbərin festivalın 2023-cü ildə Azərbaycan tərəfindən Şuşada, sonra da digər ölkələrdə keçirilməsi ilə bağlı alınan qərarın olduğunu bildirib.

Festivalda “Ən yaxşı bədii film” mükafatı Azərbaycan filminə verilib. Bu mükafata Hilal Baydarovun “Səpələnmiş ölümlər arasında” filmi layiq görülüb.