Həsənağa Salayev-100

Xarakterik və maraqlı ekran personajlarına görə sevilən, Azərbaycan kino sənətinə uğur gətirən, fərdi yaradıcılıq üslubuna görə seçilən istedadlı aktyorlarımızdan biri də Respublikanın Xalq artisti, görkəmli teatr, kino aktyoru Həsənağa Salayevdir. Unudulmaz aktyorun anadan olmasından (05.12.1921-02.10.1981) 100 il ötür. Həyat və yaradıcılıq yolu örnək timsallı olan sənət xadimi nümunəvi cəhətlərinə görə müasirlərinin, həmkarlarının, sənətsevərlərin böyük hörmət və rəğbətini qazanıb, sevilib, xatırlanıb.

Həsənağa Dərya oğlu Salayev 1921-ci il dekabrın 5-də Bakıda dünyaya göz açıb. 1937-ci ildə orta məktəbi bitirdikdən sonra Bakı Teatr Texnikumuna daxil olub. Bir ildən sonra Akademik Milli Dram Teatrının aktyor heyətinə qəbul edilib (1938). İkinci Dünya müharibəsi başlayanda bir çox həmvətənlərimiz kimi Vətənin müdafiəsinə durub, 1941-ci ildə müharibəyə gedib. 1946-cı ildə yenidən doğma teatra qayıdıb. Sənət sevgisini daim qəlbində yaşadan sənətsevər insan fitri istedadına, daxili intuisiyasına əsasən yaratdığı obrazların dolğunluğuna görə tezliklə teatrın rəhbərliyinin, yaradıcı kollektivin, ən əsası isə, tamaşaçıların rəğbətini qazanıb. 1959-cu ildə əməkdar artist, 1974-cü ildə isə xalq artisti adlarına layiq görülüb.

Həsənağa Salayev 1950-1960-cı illərdə Akademik Milli Dram Teatrının aparıcı aktyorlarından biri kimi yaratdığı obrazların xarakterik cəhətlərinin bədii  təcəssümünə görə sənətsevərlərin yaddaşında dərin iz qoyub. İstedadlı aktyor demək olar ki, teatrda səhnələşdirilən tamaşalarda baş və ikinci dərəcəli rolları ifa edib. Həmçinin kinoda yaratdığı xarakterik rolları ilə tamaşaçıların dərin rəğbətini qazanıb.

“Azərbaycanfilm” kinostudiyasında istehsal olunan on üç filmdə rol alan aktyor, “Fətəli xan”, “Görüş”, “Onu bağışlamaq olarmı?”, “İstintaq davam edir” və digər filmlərdə maraqlı, koloritli rollar yaradıb, kiçikplanlı, epizod rollarını belə yüksək peşəkarlıqla təqdim edib.

Hər bir ekran obrazı ilə diqqət çəkən aktyor “Onu bağışlamaq olarmı?” bədii filmində oynadığı ikinci planlı rol olan kapitan Qüdrət obrazını filmin aparıcı rolu səviyyəsində canlandırıb. Filmdə ictimai asayişin keşiyində duran Qüdrətin kadrları az olsa da, ictimai davranışın, nizam-intizam qaydalarının formal cəhətini, ailə və məişətdə, cəmiyyətdə şəxsiyyətini ali səviyyədə təsdiqləmək prinsiplərini aktyor lirik və psixoloji nüanslarla göstərib.

Filmdə Qüdrəti gah vəzifə başında cinayətin izinə düşərək araşdırma aparan, gah da dostu və məsləkdaşı olan Qayanın təlatüm, səksəkə içərisində yaşayan ailəsində təmkinli, səmimi davranışlarını görürük. Dram janrında çəkilən filmin bəzi kadrlarında gənclərin (Qüdrətlə Qumrunun) məhəbbət münasibətlərinə xəfif bir eyham da var. Bu kadrlarda aktyorun orijinal maneraları, replikaları, obraza uyğun vizual görünüşü dramatik hadisələrin gərginliyinin qismən də olsa azalmasına, məişətdə və ailədə mehribançılığın, qarşılıqlı anlaşmanın həyatın ən qiymətli hadisəsi kimi tamaşaçıya təqdim edilməsinə şərait yaradır. Aktyorun psixoloji təsiretmə bacarığı filmin mahiyyətini genişləndirir, tamaşaçını bir anlıq da olsa canilərin qaranlıq dünyasından, cinayət aləmindən uzaqlaşdırır, hadisələrin seyrçi yaddaşında hərtərəfli təhlil olunmasını təmin edir.

Aktyorun kino yaradıcılığındakı psixoloji nüansları dəqiq çatdırma bacarığını biz böyük şair Səməd Vurğunun “Aygün” poeması əsasında kinorejissor Kamil Rüstəmbəyovun 1960-cı ildə çəkdiyi eyniadlı bədii-televiziya filmində də görürük.

Yüksək qazanc əldə etdiyinə görə özünü qüsursuz insan sayan Əmirxan vaxtının çoxunu sərxoş dostlarına sərf edir, ali təhsilli xanımının cəmiyyət arasına çıxmasına lüzum görmür, yeganə övladı ilə maraqlanmağa vaxt tapmır. Əmirxanın ailədən uzaqlaşıb içki dostlarına yaxınlaşması onun sevgi ilə qurduğu yuvasını itirməsi ilə nəticələnir. İstedadlı aktyor yaratdığı hər bir obrazın xarakterik cəhətlərini kiçik ştrixlərinə qədər açır. Onun kino yaradıcılığında daim nəzərə çarpan obrazların dəqiq mövqelərini çatdırmaq prinsipiallığı çəkildiyi bütün filmlərdə özünü göstərir.

Həsənağa Salayevin teatr və kinoda yaratdığı, tamaşaçılara sevdirdiyi obrazların fərdi xüsusiyyətləri aktyorun müsbət cəhətlərindən qaynaqlanırdı. Aktyorun “Görüş” kinokomediyasında yaratdığı Musa obrazı mülayim, səmimi keyfiyyətlərə malik olan bir personajdır. Üçüncü planlı rol olan Musanın insani keyfiyyətləri, həyatdakı dəqiq mövqeyi filmin hadisələrinin axıcılığına rəvac verir, rejissor və müəllif ideyalarını səmimi formada tamaşaçıya çatdırır. Filmin baş qəhrəmanı Kamilin cahil hərəkətlərindən sonra ekranda görünən Musa obrazı mənfiliklə-müsbətin, yalanla-doğrunun təzadlı anlayışı kimi diqqəti cəlb edir. Musa məsləyində, sevgisində, insanlarla münasibətində dəqiq olan bir personajdır. Onun müsbət keyfiyyətləri, özünəməxsusluğu filmin (müsbət cəhətləri təbliğ edən) ideyasına tamlıq gətirir.

Ustad sənətkar “Azərbaycanfilm” kinostudiyasında çəkilən bir neçə filmin səsləndirilməsində də iştirak edib, peşəkarlıq nümayiş etdirib. “Onu bağışlamaq olarmı?” filmində Tərlan, “Onun böyük ürəyi” filmində Oqtay, “Səhər” filmində Bayram və başqa ekran obrazlarını səsləndirən aktyor məxməri səsi ilə personajlara ifaçılar qədər uğur qazandırıb. Aktyorun səsləndirdiyi rolların mənfi və ya müsbət olmasından asılı olmayaraq, ahəngdar səs tembri obrazların şəxsi mənini, daxili aləmini tamaşaçıya tamlıqla çatdırıb, dublyaj sənətinin kinonun özü qədər ciddi bir sənət növü olduğunu təsdiqləyib.

Sənəti daim yüksək səviyyədə təqdim edən Həsənağa Salayevin adı  çəkiləndə göz önündə xarakterik rolları canlanır, əziz xatirəsi dərin sevgi hissi ilə xatırlanır. Bu isə sənət zirvəsi, sənətdə ölməzlik deməkdir.

Dövlət Film Fondu