Xalq rəssamı Mikayıl Abdullayevin 100 illik yubileyi qeyd olundu

Azərbaycan Dövlət Film Fondunda Xalq rəssamı, Dövlət mükafatı laureatı Mikayıl Abdullayevin 100 illik yubileyinə həsr olunmuş fotosərgi təşkil olunmuşdur.

Sərgidə əks olunan nadir fotosənədlər görkəmli sənətkarın həyat və yaradıcılığına həsr olunub və Rusiyadakı şəxsi arxivdən Azərbaycan Dövlət Film Fonduna hədiyyə olunub.

Sərginin açılışından sonra Azərbaycan Dövlət Film Fondunda kino lentindən bərpa olunmuş “Mikayıl Abdullayev” sənədli filmi nümayiş olunub. Fondun direktoru Cəmil Quliyev filmin bərpa olunma tarixi haqqında çıxış edib. Film 1972-ci ildə “Azərbaycanfilm” kinostudiyasında istehsal olunub. Rejissoru Cəmil Fərəcov, ssenari müəllifi Mailə Muradxanova, operatoru Fəramiz Məmmədovdur.

Tədbirdə çıxış edən filmin rejissoru Cəmil Fərəcov və operatoru Fəramiz Məmmədov ekran əsəri ilə bağlı xatirələrini bölüşüblər. Mikayıl Abdullayevin oğlu Cəmil Abdullayev filmin çəkilişində və bərpa edilməsində iştirak edənlərə təşəkkürünü bildirib.