Məmməd Qurbanov – 110

“Azərbaycanfilm” kinostudiyanın fəaliyyətində, həmçinin bu böyük sənət ocağının inkişafında Azərbaycan kinematoqrafiyasına, bütövlükdə kino prosesinə başçılıq edən, milli kinomuzun inkişafı naminə bilik və təşkilatçılıq bacarığını  əsirgəməyən şəxsiyyətlər içərisində Azərbaycan Dövlət Kinematoqrafiya Komitəsinin sədri vəzifəsində çalışan Məmməd Qurban oğlu Qurbanovun xidmətləri böyükdür. Zəngin həyat və iş təcrübəsinə malik olan Məmməd Qurbanov Azərbaycan Mədəniyyət naziri, Azərbaycan Dövlət Kinematoqrafiya Komitəsinin sədr müavini və sədri vəzifələrində çalışıb. Uzun illər Azərbaycan mədəniyyətinə xidmət edən dövlət xadiminin anadan olmasının 110 illiyində həyat yoluna nəzər salır, əziz xatirəsini böyük ehtiramla yad edirik.

Məmməd Qurbanov 1911-ci il dekabrın 31-də Yelizavetpol quberniyası Zəngəzur qəzasının Merzit kəndində dünyaya göz açıb. 1919-cu ildə kəndlərinə daşnak quldur dəstələrinin hücumundan sonra ailəsi Hacıqabul stansiyasına gəlib. Atası Qurban kişi depoda işə düzəlib, ömrünün sonuna kimi əvvəlcə Hacıqabul stansiyasında, sonradan Gəncədə dəmiryol nəqliyyatında müxtəlif işlərdə çalışıb.

Məmməd Qurbanov 1924-cü ildə məktəbdə təhsilini başa vurub, Bakı şəhərinə göndərilib, burada Dəmiryol fabrik-zavod məktəbində parovozların təmiri üzrə çilingər peşəsinə yiyələnib. Bir müddət Gəncədə parovoz deposunda çilingər işləyib, 1929-1932-ci illərdə Tiflis dəmiryol fakültəsində, sonra Bakıda Nəriman Nərimanov adına Sənaye Texnikumunda təhsilini davam etdirib. 1932-ci ildə texnikumun 2-ci kursunu qurtarandan sonra Stalinqrad hərbi təyyarəçilər məktəbinə göndərilib. Lakin sağlamlıq vəziyyəti ilə əlaqədar məktəbdə təhsilini başa vura bilməyib, yenidən Gəncəyə, valideynlərinin yanına qayıdıb.

1935-1941-ci illərdə Məmməd Qurbanov Gəncədə S. Orconikidze adına toxuculuq kombinatında komsomol komitəsinin katibi, şəhər komsomol komitəsinin katibi, xalq təhsili şöbəsinin müdiri, “Kirovabad bolşeviki” şəhər qəzetinin məsul redaktoru işləyib.

Məmməd Qurbanov 1941-1955-ci illərdə Vartaşen (indiki Oğuz), Gəncə və Bakıda komsomol, partiya rəhbər işlərində, 1951-1952-ci illərdə Azərbaycan Dövlət Radio Komitəsinin sədri vəzifəsində çalışıb. 1955-ci ildə Azərbaycan Mədəniyyət naziri vəzifəsinə təsdiq edilib, bu vəzifədə 10 il işləyib. 1965-1979-cu illərdə Azərbaycan Dövlət Kinematoqrafiya Komitəsinə başçılıq edib. Əvvəlcə sədrin müavini, 1966-cı ildən sədr olub.

Kinematoqrafiyaya rəhbərlik etdiyi illərdə Məmməd Qurbanov Azərbaycanın şəhər və rayonlarının kinolaşdırılması, əhaliyə kino xidmətinin yaxşılaşdırılması, kinostudiyanın texniki bazasının möhkəmləndirilməsi sahəsində bir sıra mühüm işlər həyata keçirib. Zəngin həyat, iş təcrübəsi olan, ağıllı, müdrik məsləhətləri ilə kino işçilərinin hörmətini qazanan Məmməd müəllim respublikanın şəhər və rayonlarlarında yeni kinoteatrların tikilib istifadəyə verilməsinə xüsusi diqqət yetirib, daha çox kino obyektlərinin tikilməsinə çalışıb.

Məmməd Qurbanov dəfələrlə Azərbaycan Respublikası Ali Sovetinin deputatı, Azərbaycan KP MK üzvü seçilib. Əmək sahəsində əldə etdiyi böyük nailiyyətlərə görə “Qırmızı əmək bayrağı” (1959), “Şərəf nişanı” (1946, 1971) ordenləri, “Əməkdə fərqlənməyə görə” (1943), “Qafqazın müdafiəsinə görə” (1944), “1941-1945-ci illər Böyük Vətən müharibəsində rəşadətli əməyə görə” (1946) medalları ilə təltif olunub.

Azərbaycan mədəniyyəti və kinosu sahəsində böyük xidmətləri olan görkəmli dövlət və mədəniyyət xadimi Məmməd Qurbanov 1979-cu il dekabrın 21-də dünyasını dəyişib. Allah ona rəhmət eləsin.

Dövlət Film Fondu