Rauf Hacıyev – 100

Kinematoqrafı tamaşaçılara sevdirən yaradıcı heyətin tərkibində kino bəstəkarlarının rolu əvəzsizdir. Milli kinomuza əsrarəngiz musiqi və mahnıları ilə uğur gətirən tanınmış kino bəstəkarlarımızdan biri də SSRİ və Azərbaycanın xalq artisti, unudulmaz bəstəkar Rauf Hacıyevdir. Çoxşaxəli yaradıcılığında kino musiqiləri mühüm yer tutan bəstəkarın yubiley ilində (15.05.1922- 19.09.1995) əziz xatirəsini dərin ehtiramla yad edirik.

Yaradıcılığını musiqili komediyalar, operettalar, xoreoqrafik miniatürlər, simfonik poemalar, fortepiano üçün pyeslər təşkil edən Rauf Hacıyevin könülləri dilləndirən, ruhu oxşayan müdrik musiqiləri və məzmunlu mahnıları filmlərin kadrlarını zəngin həyat müşahidəsindən qaynaqlanan melodiyalarla aydınladır, bəstəkarın məzmunlu əsərləri dövrlərin və obrazların dolğun təcəssümünü yaradır. 10-dan artıq ekran əsərinin, o cümlədən “Səadət və əmək mahnıları”, “Onun 150 yaşı var”, “Azərbaycan mədəniyyətinin baharı” və s. sənədli, “Qara daşlar”, “Kölgələr sürünür”, “Əmək və qızılgül”, “Qaraca qız”, “Torpaq. Dəniz. Od. Səma” və s. bədii filmlərin, həmçinin “Ordan-burdan” televiziya tamaşasının uğurlu ekran taleyi yaşamasında Rauf Hacıyevin böyük rolu var.

İlk dəfə “Nizami” (1941) tarixi-bioqrafik kinooçerkinə musiqi yazan Rauf Hacıyev kinoda görkəmli kinorejissorlarla birgə çalışıb, milli kinomuzun inkişaf mərhələsində onların fikir və ideyalarının tamaşaçılara çatdırılmasına kömək edib. Tammetrajlı bədii kinoda ilk dəfə dram-macəra janrlı “Qara daşlar” (1956) filminə musiqi yazan bəstəkar, ekran əsərinin ictimai-sosial mahiyyətini, çətin, məsuliyyətli peşə sahiblərinin gərgin iş rejimini təsvirlərlə uzlaşan musiqi parçaları ilə çatdırıb. Filmin ilkin kadrlarından ciddi həyat hadisələrini, mürəkkəb münasibətləri izləyəcəyimizi anons edən musiqilər mövzuya uyğun formada tədricən (neftin çıxarılması, fəhlələrin iş prosesi, neftçi geoloqların Neft Daşlarına yola düşməsi, dənizdə fırtınanın baş verməsi, yanğın hadisələri, gənclərin dialoqlarını müşayiət edən romantik əsərlər və s.) sıralanır, dəyişir.

Yüksək musiqi duyumuna malik olan bəstəkarın “Bir qalanın sirri” macəra-fantaziya-nağıl filminə yazdığı simfonik musiqilər də kadrları dəqiqliklə müşayiət etməsi baxımından diqqət çəkir. Nağıl filminin düşüncələrə sirayət edən musiqi parçaları orta əsrlər tarixinə aid ab-havanı təsvirlərə uyğun şəkildə çatdırır, hadisələrin emosionallığını artırır, sosial-ictimai bərabərsizliyi, xeyirlə şərin mübarizəsini dəqiqliklə şərh edir, xeyirxahlığın, qəhrəmanlığın insanlığı xilas edəcəyi fikrini hadisələrin fonunda, personajların xarakterlərinin müşayiətində təsdiqləyir.

Filmin ilk kadrlarından etibarən nəfəs və zərb alətlərinin müşayiəti ilə səslənən musiqilər uzaq keçmişlə müasir dövrün sintezini yaradır, zaman-mühit anlayışını çatdırır, hadisələrin gedişatına təkan verir. Məktəblilərin nəğməsini müşayiət edən musiqi qədim dövrü, görüntü və ifalar isə müasir zamanı əks etdirir. Dövrə aid əhvalatlara keçid verən koloritli musiqilər təsvirlərlə harmoniya təşkil edir, mövzunun maarifçilik missiyasını artırır, tamaşaçı auditoriyasını genişləndirir. Bu mənada Rauf Hacıyevin həyat eşqi duyulan, estetik və etik keyfiyyətlər təlqin olunan, bəzən emosional, bəzən isə həyəcanlandırıcı təsir bağışlayan kino musiqiləri haqqında uzun-uzadı danışmaq olar.

Bəstəkarın dram janrlı filmlərlə yanaşı, kinokomediyalara yazdığı maraqlı, məzəli musiqilər də düşüncələrdə iz salan bəstələrdir. “Romeo mənim qonşumdur” operettası əsasında yaranan filmin musiqi və mahnıları unudulmayan sənət inciləridir. Görkəmli kinorejissor Şamil Mahmudbəyovun quruluş verdiyi filmdə yeni mənzilə köçən iki qonşu arasında gedən ixtilafdan və onların övladları arasındakı məhəbbətdən bəhs edilir. Filmdə səslənən “Bakı”, “Sevgilim”, “Gəl, ey yarım”,  “Müştəri, gəl”, “Qonşuların mübahisəsi” və digər mahnılar, simfonik orkestrin müşayiəti ilə səslənən sevgililərin ariyası personajların xarakterini, düşüncə və duyğularını dəqiqliklə şərh edir. Mürəkkəb münasibətləri, yersiz məişət problemlərini xəfif gülüşlə qınayan, tənqid hədəfinə çevirən filmdə ziddiyyətli münasibətləri yumşaldan, xoşməramlı hiss və arzuları təbliğ edən musiqilər üstünlük təşkil edir və mövzunun ideya məzmununu təsdiqləyir.

Bundan başqa “Əhməd haradadır?” kinokomediyasında səslənən “Gənclik”, “Bakı”, “Azərbaycanım”, “Ey yar, gəl” nəğməsi, “Leyla” əsəri, “Üzüm yığımı”, futbolçuların, Ramizin məzəli rəqsi, qızlar ansamblının çıxışı, natura təsvirlərini müşayiət edən musiqilər, milli rəqslərin estrada janrı ilə sintezi vəziyyət komediyası yaradan maraqlı və məzəli hadisələrin koloritli təqdimatını təmin edir. Heç də təsadüfi deyil ki, bəstəkarın filmlərə yazdığı mahnı və musiqilər sonralar fərdi repertuarlara köçdü, rəqs havaları el şənliklərində sevilərək səsləndi. Bəstəkarın filmərə yazdığı əsərlərin ifaçıları, görkəmli sənətkarlarımızdan Rəşid Behbudov, Şövkət Ələkbərova, Mirzə Babayev və digərlərinin peşəkar ifaları ekran obrazlarının daxili dünyalarına nüfuz edərək xarakter və psixologiyalarının incəliklə cilalanmasına, ekran personajlarının dinlənilərək diqqətlə izlənilməsinə, qəbul olunmasına səbəb yaratdı.      

Rauf Hacıyevin görkəmli Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin anadan olmasının 100 illiyinə həsr etdiyi “Ordan-burdan” əsəri 1987-ci ildə ekranlara çıxdı. Yüksək sənətkarlıq keyfiyyəti ilə yazılan əsərə tanınmış televiziya, kino rejissoru, xalq artisti Ramiz Həsənoğlu quruluş verdi. Bəstəkar idrakının məhsulunu maraqlı, koloritli quruluşunda şərh edən rejissor, rəngarəng musiqilərin müşayiəti ilə XX əsrin əvvəllərində cərəyan edən hadisələri komik janrlı tamaşa vasitəsi ilə bir daha sevdirməyə nail oldu. Mövzunun mahiyyətini, obrazların xarakterini mahnı və musiqilərin müşayiəti ilə təhlil obyektinə çevirən bəstəkar sənətsevərlərə maraqlı, baxımlı, düşündürücü səhnə əsəri təqdim etməklə bərabər, akyor heyətinin növbəti istedadının üzə çıxmasına şərait yaratdı. Səhnə ustalarının ifa etdikləri personajların xarakterlərini musiqilər vasitəsilə açmalarına, güclü potensiala malik olduqlarını yaradıcılıqlarında bir daha təsdiqləmələrinə imkan verdi. Məhz bu mənada görkəmli bəstəkar Rauf Hacıyevin yüksək təfəkkürünü, işıqlı düşüncələrini özündə əks etdirən əsərləri miyonların könlünə yol tapdı, bəstəkar yaradıcılığı fonunda şəxsiyyəti, şəxsiyyəti fonunda da yaradıcılığı sevilərək xatırlandı.   

Dövlət Film Fondu