V “Animafilm” Beynəlxalq Animasiya Festivalı başa çatdı

Nizami Kino Mərkəzində V “Animafilm” Beynəlxalq Animasiya Festivalının bağlanış mərasimi keçirilib və qaliblər mükafatlandırılıb.

Sentyabrın 7-dən 11-dək davam edən builki festivalın tərəfdaşları Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Kinematoqrafçılar İttifaqı, Qarabağ Dirçəliş Fondu, “Culture Network House Assosiation”, Azərbaycan Yaradıcı Sənayelər Federasiyası, Nizami Kino Mərkəzi, “Annecy” Beynəlxalq Animasiya Film Festivalı və digər qurumlardır. İqlim dəyişikliyinə həsr olunan builki festivalın şüarı “Bir bilet – bir ağac” adlanıb.

Bildirilib ki, festival tamaşaçılara müsabiqə, müsabiqədənkənar və peşəkarlar olmaqla üç əsas proqram təqdim edib. Festivala 50 ölkədən 230 film daxil olub. Seçim komissiyası tərəfindən müsabiqəyə 29 ölkədən 75 film qəbul edilib. İştirakçılar 1 yerli və 6 beynəlxalq kateqoriya üzrə mükafatlar uğrunda yarışıblar. Ölkəmizdən 16 film müsabiqədə iştirak edib. Bütün seçilmiş filmləri beynəlxalq və uşaq münsiflər heyəti izləyib. Uşaq münsiflər heyətinə 22 yerli uşaq, beynəlxalq heyətə isə 6 peşəkar xarici münsif daxil edilib. Festival çərçivəsində Nizami Kino Mərkəzində beynəlxalq münsiflər heyəti ilə görüşlər, rejissor Conatan Laskarın (İsveçrə) ustad dərsi, bundan əlavə, Nitya Ramloqan (ABŞ), Tilli Uollas (İngiltərə), eləcə də Nəzrin Ağamalıyevanın (Azərbaycan) iştirakı ilə “Stop motion” və “Şüşə üzərində animasiya” vörkşopları da təşkil olunub.

Festivalın beşinci günü bərpa prodüseri, kino tarixçisi Deniel Börd, Azərbaycan animasiyasının əfsanələri, animator-rəssam Elçin Hami Axundov və animasiya rejissoru Məsud Pənahinin iştirakı ilə “Animasiya refreyminqi” konfransı baş tutdu. Konfransda 1969-cu ildə istehsal olunmuş “Cırtdan” animasiya filminin bərpa prosesində öz yardımını əsirgəməyən Azərbaycan Dövlət Film Fondunun rolu xüsusi qeyd olundu. Fondun şöbə müdiri Rəşad Qasımov öz çıxışında filmin bərpa təşəbbüsünü alqışladığını qeyd etdi və festival iştirakçılarına uğurlar arzuladı.