Sentyabrın 30-da Beynəlxalq Muğam Mərkəzində Mədəniyyət Nazirliyinin “Şuşa ili” ilə əlaqədar təşkil etdiyi “Şuşa söhbətləri” layihəsi çərçivəsində növbəti görüş keçirilib.
Görüşdə kino sənayesinin nümayəndələri, tanınmış kinoşünaslar, rejissorlar, aktyorlar, eləcə də bloger və influenserlərin iştirakı ilə “Tarixi zəfərimizə və mədəniyyət paytaxtımız Şuşaya həsr olunmuş ekran əsərləri” mövzusu müzakirə olunub.
Mədəniyyət Nazirliyinin Media və kommunikasiya şöbəsinin müdiri Məryəm Qafarzadə layihə haqda məlumat verərək bildirib ki, “Şuşa söhbətləri” nazirliyin bu il başladığı layihələrdəndir. Məqsəd blogerlərin, influenserlərin Şuşanın mədəni dirçəlişilə bağlı təkliflərinin öyrənməkdir. Qeyd edib ki, bugünkü görüş kino sahəsinə aiddir.
Mədəniyyət Nazirliyinin sektor müdiri Rüfət Əliyev nazirlik tərəfindən çəkilən filmlər, layihələr barədə məlumat verib. Bildirib ki, 2 il ərzində nazirliyin dəstəyi ilə ümumilikdə 74 film çəkilib, onlardan 30-u Qarabağ mövzusundadır.
Kinorejissor, Xalq artisti Vaqif Mustafayev “Fəryad” filminin ssenarisinin yazılmasından və “Həyat, deyəsən, gözəldir” filminin çəkilişlərindən danışdı.
“Şuşa, sən azadsan!” sənədli filminin rejissoru Cavidan Şərifov filmin kadrarxası tərəflərindən bəhs etdi.
Azərbaycan Dövlət Film Fondunun direktoru, Əməkdar incəsənət xadimi Cəmil Quliyev Qarabağda çəkilən filmlər barədə məlumat verib: “Azərbaycan kino tarixində yüksək intellektlə daxilindəkiləri ekrana çıxartma qabiliyyətinə malik olan rejissor Səməd Mərdanov Qarabağda köçərilərin həyatı ilə bağlı qısametrajlı film çəkib. Təəssüf ki, həmin film bugünədək gəlib çatmayıb. Rejissor Əbdül Həsənov Qarabağla bağlı bir neçə film çəkib. Eləcə də rejissor Hüseyn Seyidzadə “Koroğlu” filminin çəkilişlərini Əsgəran qalasında aparmışdı. Bu rejissorlar Azərbaycan kinosuna böyük töhfələr verən insanlardır”.
Azərbaycan Dövlət Film Fondunun şöbə müdiri Rəşad Qasımov Qarabağla bağlı filmlərin rəqəmsallaşdırılması işinin aparılmasından bəhs etdi. Bildirdi ki, “Şuşa”, “Üzeyir Hacıbəyov”, “Natəvan”, “Qarabağ yollarında”, “Bülbül”, “Divlər sarayı”, “Köç” və digər sənədli filmlər, eləcə də ümummilli lider Heydər Əliyevin Molla Pənah Vaqifin məqbərəsinin və Vaqif Poeziya Günlərinin açılışında iştirakından ibarət xronikal materiallar bərpa olunduqdan sonra Şuşada baş tutan tədbirlər çərçivəsində geniş istifadə olundu. Qeyd olunan rəqəmsallaşdırılmış filmlər arxiv materialı kimi Qarabağın tarixi Azərbaycan torpağı olduğunu, orada azərbaycanlılardan ibarət əhalinin yaşadığını bir daha sübut edir.
Sonra jurnalistlərin sualları cavablandırdı.