Martın 3-də Azərbaycan kinosunun 125 illiyi və “Azərbaycanfilm” kinostudiyasının 100 illiyi münasibətilə Dövlət Film Fondunda “Azərbaycan sənədli kino salnaməsi” adlı silsilə retrospektiv baxış tədbirlərinin açılışı oldu. İlk tədbir qocaman rejissor, görkəmli sənədli kino ustası Niyazi Bədəlovun yaradıcılığına həsr olundu.
Tədbiri giriş sözü ilə Azərbaycan Dövlət Film Fondunun direktoru, Əməkdar incəsənət xadimi Cəmil Quliyev açaraq, Niyazi Bədəlovun Azərbaycan kinosundakı əvəzsiz xidmətlərindən danışdı. Sonra Əməkdar incəsənət xadimi, kinoşünas Aydın Kazımzadə görkəmli rejissor haqqında xatirələrini bölüşdü.
Çıxışlardan sonra rejissor Niyazi Bədəlovun “150 il. Mirzə Fətəli Axundov”, “Dağlarda ada” və “Estafet” filmləri nümayiş olundu.
Nümayişdən sonra Niyazi Bədəlovun ailə üzvləri adından qızı Sədaqət Bədəlova çıxış edərək Azərbaycan Dövlət Film Fondunun rəhbərliyinə və kollektivinə təşəkkürünü bildirdi.