Azərbaycan Dövlət Film Fondunda Zeynəb Kazımovanın filmləri nümayiş olundu

Martın 10-da Azərbaycan kinosunun 125 illiyi və “Azərbaycanfilm” kinostudiyasının 100 illiyi münasibətilə Dövlət Film Fondunda “Azərbaycan sənədli kino salnaməsi” adlı silsilə retrospektiv baxış çərçivəsində növbəti tədbir keçirildi. Tədbir Əməkdar incəsənət xadimi, kinorejissor Zeynəb Kazımovanın yaradıcılığına həsr olundu.

Tədbiri giriş sözü ilə Azərbaycan Dövlət Film Fondunun direktoru, Əməkdar incəsənət xadimi Cəmil Quliyev açaraq, Zeynəb Kazımovanın 1963-cü ildə çəkdiyi “Axırıncı namaz” bədii filminin Naxçıvan Dövlət Film Fondunun bazasından aşkara çıxarılmasının tarixçəsindən danışdı.

Sonra kinorejissor Zeynəb Kazımovanın “Axırıncı namaz” və “Əzim Əzimzadə” filmləri tamaşaçılara təqdim olundu.

Nümayişdən sonra rejissorun ailə üzvü, Azərbaycanın Xalq yazıçısı, Dövlət mükafatı laureatı Elmira Axundova, Əməkdar artist, kinorejissor Elxan Qasımov, Əməkdar incəsənət xadimi, kinoşünas Aydın Kazımzadə, Xalq rəssamı Məmmədağa Hüseynovun oğlu Qəni Hüseynov Z.Kazımova haqqında xatirələrini bölüşdülər.