Xalq artisti Hüseynağa Sadıqovun doğum günüdür

“Həyat insana bir dəfə verilir. Onu gərək elə yaşayasan ki, sonra ömür yoluna baxanda fəxr edəsən”. Bu ibrətamiz sözlər müdrik sənətkar, Respublikanın Xalq artisti Hüseynağa Sadıqova məxsusdur. Uzun illər Gənc Tamaşaçılar Teatrının səhnəsində maraqlı, məzmunlu, duzlu-məzəli rollar yaradan Hüseynağa Sadıqov sözün əsl mənasında kamil və ziyalı aktyor idi. Zəngin dünyagörüşü, həyat bilgisi sayəsində irili-xırdalı rollarının təfsirində insan xarakterlərinin məzmununu incəliyinə qədər cilalayan sənətkar eyni zamanda səmimi, mehriban xüsusiyyətinə görə də həmkarlarının və ətrafındakıların sevimlisinə çevrilmişdi. Unudulmaz sənətkarın Azərbaycan teatr, kino sənətinin inkişafında rolu böyükdür. Azərbaycan kinosunda yaratdığı koloritli, dolğun ekran obrazları bu gün də maraqla izlənilir.

Hüseynağa Ələsgər oğlu Sadıqov 1914-cü il martın 21-də Bakıda anadan olub. Sənətə vurğunluğu hələ uşaq olarkən başlayıb. Kiçik yaşlarında anası ilə teatra ilk addımlarını atdığı gündən səhnənin ecazkar sehrinə qapılıb, teatra vurulub. 1930-cu ildə (16 yaşında) müsabiqə yolu ilə Gənc Tamaşaçılar Teatrının aktyor truppasına sınaq müddətinə işə qəbul olunub. İti yaddaşa, tez qavrama qabiliyyətinə malik olduğuna görə az müddət ərzində kollektivin rəğbətini qazanıb. Bir il sonra (1931-ci il iyunun 1-i) teatrda aktyor kimi işə düzəlib.

Hüseynağa Sadıqov kinoya 1955-ci ildə gəlib. Görkəmli kinorejissor Lətif Səfərovun çəkdiyi “Bəxtiyar” filmindəki Yusif obrazının uşaqlığını səsləndirib. Bənzərsiz səs tembrinə malik olduğuna, səs artikulyasiyasının nizam-intizamına ciddi riayət etdiyinə, prototiplərin xarakterlərini səsində dəqiq çatdırdığına görə “Mosfilm”, Maksim Qorki adına studiyaların filmlərinin, eyni zamanda “Azərbaycanfilm” kinostudiyasının istehsal etdiyi filmlərin səsləndirilməsinə tez-tez dəvət alıb.

Nadir istedadı ilə dublyaj sənətinin vacibliyini vurğulayan sənətkar “Qara daşlar” filmində Teymur, “Kazbek qutusu”nda tələbə Əliyev, “Böyük dayaq”da Nəcəf, “Əmək və qızılgül”də inzibatçı, “Əhməd haradadır?”da Ramiz, “Tülkü həccə gedir”də (animasiya filmi) Xoruz, “Yeddi oğlu istərəm”də bayraqdar və başqa personajları qüsursuz, obrazlı səsləndirib. İstedadlı aktyor tammetrajlı bədii filmlərlə yanaşı, “Mozalan” kinojurnalında istehsal olunan süjetlərin səsləndirilməsində də yaxından iştirak edib.

Sənət texnikasının mahir bilicisi olan aktyor kiçik planlı kino obrazlarına da böyük uğur qazandırıb. Görkəmli sənətkar Adil İsgəndərov epizod rolun vacibliyi haqqında fikrini belə ifadə edib: “Balaca rolları oynamaq daha çətindir. Aktyorda böyük istedad, məharət gərəkdir ki, epizodik ifadələr əsərə “yamaq” olmasın.” H.Sadıqovun kiçikplanlı rollarının həyat mövqeyinin açılma səbəbi də aktyorun mütaliəsinin çoxluğundan, sənət bilgisinin, həyat müşahidəsinin zənginliyindən irəli gəlir.

Görkəmli kinorejissorlar H.Sadıqov kimi böyük sənətkara kiçiplanlı rol həvalə edəndə rolun mahiyyətinin açılacağına, filmlərinə uğur gətirəcəyinə əmin idilər. Aktyorun “Ad günü” filmində oynadığı Əlinin atası, “Yenilməz batalyon” tarixi dramındakı feldfebel, “Şərikli çörək” kinodramında canlandırdığı Paşa və başqa obrazları kiçik həcmli və ya epizod olsa da, personajların daxili aləminin, həyat mövqeyinin tanıdılması baxımından yaddaqalandır.

Görkəmli kinorejissor Əlisəttar Atakişiyevin çəkdiyi “Sehrli xalat” (1964) və Rusiya kinorejissoru Boris Rıtsarevin quruluş verdiyi “Ələddinin sehrli çırağı” (1966) filmləri bu gün də tamaşaçıların maraqla baxdığı ekran əsərləridir. “Sehrli xalat” filmində vəzir, “Ələddinin sehrli çırağı” ekran əsərində isə baş vəzir obrazlarının insanlara qarşı olan biganə, xudbin münasibətləri, yalnız öz mənafeyini güdən cahil və qeyri-normal mövqeyi aktyorun ifasında dəqiq xarakterizə olunub. Hər iki nağıl filmindəki aktyor peşəkarlığı rejissor ideyasını təsdiqləyib, maraqlı, məntiqli kadrlar orta əsr insanlarının sosial mövqeyini aydın şəkildə işıqlandırıb.

İllərini böyük həvəslə məsləyinə sərf edən Hüseynağa Sadıqovun “Babamızın babasının babası” filmində yaratdığı Əziz baba, “Alma almaya bənzər” filmindəki Nadir baba obrazları ilə həyat mövqeyi arasında sanki bir uyğunluq var.  O, bu filmlərdə biliyə, elmə can atan, insanları sevgisinə sahib çıxmağa, düzlüyə, bir-birinə hörmət etməyə çağıran, xoşbəxtliyin yalnız halal zəhmətdə olduğunu tövsiyə edən obrazlar yaradıb. Bəlkə də obrazların ibrətamiz daxili bənzərliyi olduğuna görədir ki, filmlər ideya məzmun baxımından bu gün də geniş tamaşaçı auditoriyasının diqqətindədir.

Müdrik sənətkarın həyatı gözəl bildiyindən, insan xarakterlərini duyub, tanıdığındandır ki, aktyorluq sənətini seçdi, həyat fəlsəfəsini düşüncəsinin, qəlbinin vəhdəti olaraq məsləyində cilaladı, sənətini ömrünün sonuna qədər ali səviyyədə təqdim etdi. Həyat eşqi sənətində, sənət missiyası həyatında əksini tapdı. Səmimi, yaşarı yaradıcılığa zəmin yaradan bu kimi vacib prinsiplər isə tamaşaçı diqqətindən yayınmadı. Sənətkar əzəmətini qəlbində, düşüncələrində sevə-sevə yaşatdı, ucaltdı, unutmadı.

Dövlət Film Fondu