“Ekranda demək istədiyini qısa göstərməlisən. Bu, istedadın göstəricisidir”.
Əsgər İsmayılov
Kinonun uğur qazanmasında, həyatın inikası kimi qəbul edilməsində kinooperatorların rolu böyükdür. İstedadlı kinooperator Əsgər İsmayılov (1905-1983) da quruluş verdiyi filmlərdə həyatın rəngini, ritmini, dinamikasını göstərib, böyük məsuliyyət və məhəbbətlə yanaşdığı peşəsinin fövqündə kinonun həyatımızdakı əhəmiyyətini vurğulayıb.
Əsgər İsmayılov 1905-ci il aprelin 1-də Tbilisi şəhərində dünyaya göz açıb. Fotoqrafiya və rəssamlıqla hələ uşaq yaşlarından məşğul olmağa başlayıb. Ailəsi Bakıya köçdükdən sonra orta təhsilini fəhlə fakültəsində alıb. 1928-ci ildə Moskvaya gedib, Ali Rəssamlıq-Texniki İnstitutuna daxil olub. İki ildən sonra Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutuna köçürülüb. Burada böyük həvəslə kinooperatorluq sənətinin incəliklərinə yiyələnib, 1936-cı ildə təhsilini başa vurub. Bakıya qayıtdıqdan sonra “Azərfilm” kinostudiyasında çəkilişinə hazırlıq görülən “Almaz” bədii filminin (rejissorlar: Ağarza Quliyev, Qriqori Braginski) yaradıcı heyətinə (İvan Frolovla birgə) daxil olub.
Filmin natura çəkilişləri Şamaxıdakı Dədəgünəş kəndində gerçəkləşib. İstər kənd mənzərələri, istərsə də personajların (Almazın, Yaxşının, Hacı Əhmədin, Şərifin, Fatmanisənin, Mirzə Səməndərin) portretləri sənətkarlıqla lentə alınıb.
Əsgər İsmayılovun kölgə-işıq effektindən bacarıqla istifadə etməsi, fon, detal çəkilişlərini doğru prizmadan canlandırması hadisələrin reallığına rəvac verib, müxtəlif planlı rakurslar xarakterlərin dolğun təsvirini yaradıb. Rejissorların istək və məqsədlərini dəqiq əks etdirən operator istedad və bacarığına görə ardıcıl olaraq filmlərə dəvət alıb, 40-dan artıq filmdə çalışıb.
Əsgər İsmayılovun operator kimi quruluş verdiyi növbəti bədii film “Kölgələr sürünür” macəra dramıdır. Kinorejissorlardan İsmayıl Əfəndiyev və Şua Şeyxovun quruluş verdiyi filmdə elmdə həqiqətlərin üzə çıxarılması naminə aparılan mübarizədən və başqalarının əməyini mənimsəməyə çalışan insanların ifşasından bəhs olunur.
Macəra janrında olan filmdə təsvir olunan natura, dekorativ, fon, detal çəkilişləri mövzuya uyğun şəkildə ekranlaşdırılıb, personajların şəxsiyyətini müəyyənləşdirən, xarakterlərini, niyyətlərini təhlil edən edən kadrlar müxtəlif planlı rakurslardan işıqlandırılıb. Azərbaycanın rayonlarında gerçəkləşən filmin natura çəkilişlərində əsrarəngiz təbiət mənzərələri, meşələri, dağları böyük məhəbbətlə lentə alınıb, mövzunun təsvirlə ahəngi tamamlanıb. Operatorun peşəkarlığı onun digər görkəmli kinorejissorlarla çiyin-çiyinə işləməsinə, məzmunlu ekran əsərlərində dəst-xəttini təsdiqləməsinə imkan verib.
Müxtəlif həyat hadisələrinin ekran təcəssümü tapmasında rolu olan, hadisələrin inandırıcılığına rəvac verən Əsgər İsmayılov tanınmış kinorejissorlardan Ağarza Quliyevin ekranlaşdırdığı “Qara daşlar” (oper. X.Babayevlə birgə) kinopovestində, “Bəxtiyar” kinonovellasında, “Səhər” tarixi-inqilabi filmində (II operator), həmçinin H.Seyidzadə və N.Bədəlovun birgə çəkdiyi “Sovqat” filmində (operator Seyfulla Bədəlovla birgə), Q.Aleksandrovun ekranlaşdırdığı “Bir ailə” kinoalmanaxının bir novellasında, Şamil Mahmudbəyovun quruluş verdiyi “Əyri yolla qazanc” filmində, Şua Şeyxovla “Qəribə əhvalat” kinokomediyasında, R.Təhmasiblə (II rejissor) “Səbuhi” kinodramında (II operator), S.Mərdanovla “Kəndlilər” tarixi-dramında (II operator-M.Dadaşovla birgə) işləyib.
Göründüyü kimi Əsgər İsmayılovun çalışdığı müxtəlif dövr və hadisələri əhatə edən filmlərdə mövzu və janr rəngarəngliyi var. Daim mütaliə ilə məşğul olan, sənət bilgisini artıran, müxtəlif dövrlərin tarixi və mühiti haqqında ətraflı məlumat toplayan, ədəbi əsərlərin ruhunu duyaraq ekrana köçürən operator yaradıcılığında peşə bilgisi ilə yanaşı, bilik və bacarığını da nümayiş etdirib, tamaşaçıları müxtəlif dövrlərin müasirinə çevirməyi bacarıb.
“Səbuhi” tarixi bioqrafik filmində Azərbaycan maarifçisi, milli dramaturgiyanın banisi, filosof Mirzə Fətəli Axundzadənin gənclik illərindəki həyat və fəaliyyyətindən bəhs olunur. Səbuhinin Tiflisə gəlməsi, o zamankı Zaqafqaziyanın qabaqcıl adamlarından Bakıxanov, Mirzə Şəfi, Orbeliani və sürgündə olan rus dekabristlərindən Bestujevlə tanış olması, Qafqaz canişini Vorontsovun baş dəftərxanasında mülki işlər sahəsində Şərq dilləri mütərcimi vəzifəsində çalışması, Tubu xanımla evlənməsi, ərəb əlifbasının latın qrafikası ilə əvəz olunması üçün mübarizə aparması və digər hadisələr ekranda müxtəlif məkan və planlarda əks olunub. XIX əsrin sonlarından bəhs edən kinodramda hadisələrin emosional təsir gücünü göstərməyə müvəffəq olan kinooperatorun sənət biliciliyi nümayiş etdirdiyi kadrlarda təsdiqini tapıb.
“Səhər” tarixi-inqilabi filmində 1905-1907-ci illərdə Bakıda baş verən inqilabi hadisələrdən söhbət açılır. XX əsrin əvvəllərinin Bakısını dövrə müvafiq şəkildə əks etdirib, şəhərin ab-havasını, neft mədənlərinin o vaxtkı görüntülərini, köhnə məhəllələrin, neft mədənlərində çalışan neftçi fəhlələrin etiraz dalğasını inandırıcı, təbii təsvirlərlə göstərən filmdə Əsgər İsmayılov rejissor assistenti kimi çalışıb.
Kinodramlarla yanaşı, kinokomediyalarda da işləmək bacarığını göstərmək imkanı əldə edən operator “Qəribə əhvalat” qısametrajlı filmində bədii ekran əsərinin ruhuna müvafiq şəkildə kadrlar qurub, baş qəhrəmanın, Kefçilovun həyat tərzinin, düşüncə və davranışının tənqid hədəfinə çevrilməsinə səbəb olan amilləri qabarıq şəkildə əks etdirib.
Kefçilov sərxoş vəziyyətdə hamama getmək əvəzinə Gəncə şəhərinə yola düşən qatara minir. Bundan sonra o, bir sıra xoşagəlməz hadisələrlə qarşılaşır. Xalq artisti Lütfəli Abdullayevin özünəməxsus ştrixlərlə obrazın xarakterinə uzlaşdırdığı mizanları operatorla aktyorun birgə uğurlu işi sayəsində maraqla izlənilir, mövzunun mahiyyəti ön plana çəkilir, rejissorun məqsədi tamlıqla əksini tapır, kadrlarda bitkin fikir təmin edilir. Kefçilovun cəmiyyət və ailəsi üçün təhlükə yarada biləcək davranış və hərəkətləri gülüş hədəfinə çevrilir, incə yumor hissi ilə qınanılır.
Əsgər İsmayılovun kino fəaliyyəti, filmlərə gətirdiyi uğurlu yaradıcılıq priyomu haqqında uzun-uzadı danışmaq mümkündür. İstedadlı operator bədii ekran ərərləri ilə yanaşı bir sıra sənədli (“Bakıdan Göygölədək”, “Sabahın xeyir, Bakı!”, “Sabir” və s.) filmlərdə çalışıb, sənədli kino estetikası ənənələrinə əsasən müxtəlif mövzuları təhlil obyektinə çevirib. Əsgər İsmayılov həmçinin operatorluq fəaliyyəti ilə paralel olaraq pedaqoji fəaliyyət göstərib, neçə-neçə gənc kadrların hazırlanmasında əlindən gələni əsirgəməyib. Çoxşaxəli kino fəaliyyəti ilə milli kinomuzun inişafına təkan verib, mədəniyyətin və cəmiyyətin inkişafına xidmət edən əsl ziyalı insan, şəxsiyyət kimi yaddaşlarda iz salıb.
Dövlət Film Fondu