Sənət həyata fərqli baxışın, insanlara, ətrafına olan sonsuz sevginin təzahürüdür. Burada yalnız istedadını, zəhmətini maraqlı iş əmsalına çevirənlər qəlblərdə iz sala, sevilə bilərlər. Ülvi hisslərini, saf duyğularını yaradıcılığına yansıdan, yüksək mənəvi dəyərləri təbliğ edən, zövqləri zənginləşdirən, düşüncələri formalaşdıran sənətkarlar məhz buna görə xalqın mənəvi sərvətidirlər.
Azərbaycan teatr, kino sənətində bənzərsiz rollar yaradan, məxməri, ahəngdar səs tembrinə görə dublyaj sənətinin vacibliyini vurğulayan, kinonun ayrılmaz qolu olduğunu hər çıxışında sübut edən Əməkdar artist Həsən Əbluc da məsləyini daim böyük məsuliyyətlə, şövqlə təqdim edib, sənətsevərlərin arzuolunan sənətkarına çevrilib. Orijinal üslubda yaratdığı rolları, səsləndirdiyi personajları vasitəsilə ictimai fikrin formalaşmasında mühüm rol oynayıb, müəllif aktyor mövqeyindən çıxış edərək (obrazları fonunda) müxtəlif dövrlərin təmsilçisinə, bələdçisinə çevrilib, sənətsevərlərin rəğbətini qazanıb.
Bədii qiraət ustası kimi də tanınan, klassik və çağdaş şairlərimizin poeziya nümunələrini çoxsaylı tamaşaçıya, dinləyiciyə çatdıran sənətkarın saysız-hesabsız radio tamaşalarında səslənən müdrik, məxməri səsinin sehrində nəsillər tərbiyələnib, maariflənib.
Azərbaycan səhnə sənətinə, kinosuna uğur gətirən Həsən Əblucun (22.04.1942-13.03.1994) anadan olmasının 81-ci ildönümündə əziz xatirəsini dərin hörmət və ehtiramla yad edirik.
Məslək də alın yazısıdır. Sənət isə sahiblərinin qəlbində məskən salır, onların bütün varlıqlarını sarır, daxili dünyalarını zəbt edir desək, yanılmarıq. Buna görə də onları arzuladıqları peşəyə sahib olmayınca rahat buraxmır. Yaradıcılıq ürəkdən gəlir. Əsl sənətkar da qəlbləri fəth edir. Həsən Əbluc da imza atdığı hər bir işi ilə ürəklərə yol tapmağı, yaddaşlarda iz salmağı bacarıb. Bəlkə buna görədir ki, Politexnik İnstitutunun birinci kursundan çıxıb, sənədlərini aktyorluq fakültəsinə verib. Ali sənət məktəbinin (Azərbaycan Dövlət İncəsənət İnstitutunun) aktyorluq və rejissorluq fakültəsini bitirib. İstedadına, məsuliyyətinə görə institutun birinci kursdan tələbə və müəllim heyətinin diqqətini çəkib. Elə buna görə də Akademik Dram Teatrına dəvət alıb, burada ilk dəfə “Adsız ulduz” tamaşasına quruluş verib. Bir müddət sonra isə Gənc Tamaşaçılar Teatrında fəaliyyətini davam etdirib.
Xalq artisti Tariyel Qasımovun dostu haqqındakı düşüncələrinə nəzər salaq: “Aktyor olmağı arzulasam da, atamın istəyinə görə Bədən Tərbiyəsi İnstitutuna qəbul olundum. Təhsil aldığım müddətdə Lütfi Məmmədbəyovun rəhbərlik etdiyi dram dərnəyinə gedirdim. Orada Şahmar Ələkbərov və Həsən Əblucla dostlaşdım. Şahmar həmin vaxtlarda orta məktəbin sonuncu sinfində oxuyurdu. Həsən isə Politexnik İnstitutunun (indiki Texniki Universitet) birinci kursunda oxuyurdu. Bir gün Həsən təklif etdi ki, gəlin, bu il üçümüz də sənədlərimizi İncəsənət İnstitutuna verək. Şahmar dedi: “Mənim arzum aktyor olmaqdır. Dram dərnəyinə də bunun üçün gəlirəm. Tariyellə sən isə tələbəsən. Yenə də fikirləşin, istəyirsinizsə, sənədlərimizi birlikdə verək”. Biz elə də etdik. Hər üçümüz İncəsənət İnstitutunun aktyorluq fakültəsinə qəbul olunduq. Görkəmli sənətkar Rza Təhmasibin kursunda sənət dərsi aldıq. Hər üçümüz əlaçı idik. Şəklimizi şərəf lövhəsinə vurmuşdular. Təqaüdümüz də digər tələbələrinkindən artıq idi. Beləcə, biz sənətdə və həyatda həmişə bir yerdə olurduq, dostluğumuzu davam etdirirdik.”
Göründüyü kimi düşüncəsi, əməli işıqlı insanlar ətrafındakılar üçün həmişə arzuolunandırlar. Həsən Əblucun da mülayim xüsusiyyəti, yüksək yaradıcılıq keyfiyyəti tərəf-müqabilləri, həmkarları ilə birgə çalışmasına, maraqlı yaradıcılıq nümunələri ərsəyə gətirməsinə səbəb yaradıb. Teatrla yanaşı kinostudiyada fəaliyyət göstərən aktyor dublyaj studiyasında da xarici və yerli filmlərin səsləndirilməsində fəal iştirak edib. Həmçinin uzun illər Mədəniyyət və İncəsənət Universitetində səhnə danışığı fənnindən dərs deyib, sənətin sirlərini gənc nəslə tədris edib.
Həsən Əblucun yaradıcılıq filmoqrafiyasında 40-dan çox film var. Bunların içərisində çəkildiyi və səsləndirdiyi filmlər yer alıb. Aktyor ilk dəfə “Yenilməz batalyon” filmində tacir (aktyor Zülfüqar Baratzadə) obrazını səsləndirib. Bundan sonra görkəmli kinorejissorların filmlərində baş və aparıcı rolları (“Sən niyə susursan?”da Rasim – aktyor Xəyal Axundzadə; “Arxadan vurulan zərbə” detektiv filmində Fazil – aktyor Akif Əli; “Bakıda küləklər əsir”də Ştellinq – aktyor Aleksandr Afanasyev; “Babək” tarixi-bioqrafik filmində igid Baxsis – aktyor Elxan Əhədzadə; “İstintaq” detektiv dramında Almazov – aktyor M. Hüseynov; “Dəli Kür” kinodramında Kipiani – aktyor Müxlis Cənizadə; “Ölsəm… bağışla” müharibə dramında həkim – aktyor Rəsmi Cəbrayılov və s.) dublyaj edib.
Aktyorun orijinal üslubda təqdim etdiyi ekran obrazları filmlərin ideya məzmununu tamamlayıb, mövzunun tamaşaçıya aydınlıqla çatdırılmasına imkan yaradıb. “Qara gölün cəngavərləri” filmində Cəmşid Hüseynov, “Qanlı zəmi” kinodramında kəndxuda, “Tənha narın nağılı” filmində Səyyad, “Pəncərə” kinodramında Rövşənin atası, “Bircəciyim” məhəbbət dramında təhqiqatçı və digər filmlərdə oynadığı rollar xarakterik və yaddaqalımlıdır.
Həsən Əblucun fərdi yaradıcılıq üslubunun çoxşaxəliliyi yaradıcılıq imkanlarını genişləndirməklə bərabər ümumilikdə sənəti zənginləşdirirdi. Belə ki, aktyorun teatr, kino fəaliyyəti ilə yanaşı, televiziya tamaşalarındakı rolları mühüm mövzuların real, inandırıcı formada tamaşaçıya çatdırılmasına şərait yaradır, sənətin aliliyini təsdiqləyirdi.
1981-ci ildə ekranlara çıxan “Qatarda” televiziya tamaşası geniş tamaşaçı auditoriyasının böyük marağına səbəb oldu. Tamaşanın əsas süjet xəttini gözükölgəli, rüşvətxor adamların ətrafdakılara mənfi təsir göstərməsi təşkil edir. Həmçinin tamaşada yüksək mənəvi cəhətləri ilə örnək ola bilən insanların (Sabit Mirzə, Qasım kişi) zəruriliyi ilə bağlı mühüm mesajlar da təbliğ olunur. Həsən Əblucun canlandırdığı Sabit Mirzə obrazı təmkinli davranışı, düşüncəli danışığı ilə diqqət çəkir, ətrafında baş verənlərə dəqiq münasibəti ilə aydınlıq gətirir. Müsbət cəhətli personajın normal davranışı, hadisələrə düzgün reaksiyası fonunda digər personajların xarakterləri müəyyənləşir, tamaşanın mahiyyət üstünlüyü (obrazın təfsirində) vurğulanır, dəyərləndirilir.
Xalq artisti Ramiz Həsənoğlunun aktyor haqqında söylədikləri diqqətimizi çəkir: “Həsənin xüsusi danışıq istedadı var idi. Bu xoşbəxtlik hər aktyora qismət olmur. Azərbaycan Televiziyasında yayımlanan ədəbi-dram verilişlərində tez-tez çıxış edirdi. Hamımız da onu maraqla izləyirdik. Tale elə gətirdi ki, Həsən müəllim quruluş verdiyim iki tamaşada iştirak etdi. Birincisi, yazıçı Anarın əsəri əsasında çəkilən televiziya tamaşası idi. Digəri isə yazıçı İsi Məlikzadənin ssenarisi əsasında çəkdiyim “Qatarda” televiziya tamaşasıdır. Burada Sabit Mirzə rolunu oynayırdı. Personajın xarakteri Həsən Əblucun xarakterinə o qədər də yaxın və uyğun olmasa da, Həsən rolun səciyyəvi cəhətlərini böyük ustalıqla göstərdi.
Əsərdə Sabit Mirzə sakit təbiətli bir obrazdır. Həyatda isə Həsən çılğın, emosional insan idi, hadisələrə dərhal reaksiya verirdi. Obraza daxil olaraq, Sabit Mirzə rolunu çox inandırıcı oynamışdı və bu rol yaddaşlarda qalmışdı. Həmin illəri, onunla birgə gördüyümüz işləri tez-tez xatırlayıram. Onun adı çəkiləndə elə bil ki, ruhum təzələnir. Yenidən o illərə qayıdıram. Allah ona rəhmət eləsin. Ruhu şad olsun. Mən onu heç vaxt unutmuram”.
Dövlət Film Fondu