Şamil Mahmudbəyov – 125

Tanınmış nəslin nümayəndəsi olan Şamil Mahmudbəyovun adı ilk milli kino təşkilatçısı kimi Azərbaycan kinosunun inkişaf mərhələsinin başlanğıc dövrləri ilə bağlıdır. Onun milli kadrların yetşidirilməsində və yeni yaradılan “Azərkino”nun maddi texniki bazasının möhkəmləndirilməsində rolu böyükdür.

Azərbaycan kino istehsalı təşkilatçısı, maarif və mədəniyyət xadimi Şamil Mahmudbəyov 1898-ci ildə Bakıda, tanınmış maarif və mədəniyyət xadimi, pedaqoq-metodist, Bakıda rus-tatar (rus-Azərbaycan) məktəblərinin banilərindən biri Həbib bəy Mahmudbəyovun ailəsində dünyaya göz açıb.

Şamil Mahmudbəyov 1916-cı ildə Bakı realnı məktəbini bitirib. Bundan sonra Kiyev Politexnik İnstitutunda təhsil alıb. 1919-cu ildə təhsilini yarımçıq qoyub vətənə qayıdıb, bir sıra məsul vəzifələrdə çalışıb.

1920-1924-cü illərdə Azərbaycan Hərbi İnqilab Komitəsinin sədri Nəriman Nərimanovun şəxsi katibi, Şuşa qəza İnqilab Komitəsinin sədri, eyni zamanda Qarabağ və Zəngəzur Fövqəladə Komissarının müavini, Azərbaycan MİK-in məlumat şöbəsinin rəisi, Naxçıvan Xalq Daxili İşlər komissarı, Naxçıvan Fövqəladə Komissiyasının sədri, Naxçıvan Ölkə İcraiyyə Komissiyasının sədri vəzifələrini icra edib.

1924-1928-ci illərdə Azərbaycan Foto-Kino İdarəsinin sədri vəzifəsində işləyib. Azərbaycan kinosunun inkişaf mərhələsində məhz onun rəhbərliyi və yaxından iştirakı ilə kinofabrik lazımi kino avadanlığı ilə təchiz edilib.

Mahmudbəyov həmçinin istehsal sexlərinin, laboratoriyaların yaradılmasında, filmçəkmə pavilyonunun tikilməsində, kinematoqrafçı kadrların hazırlanmasında böyük əmək sərf edib, kino istehsalının intensivliyinə şərait yaradıb.

Mahmudbəyov milli kadrların hazırlanmasına da xüsusi diqqət yetirib. Onun səyi nəticəsində 1925-ci ildə kinofabrikin nəzdində ikiillik rejissor hazırlığı studiyası təşkil olunub. Burada ilk peşəkar kinematoqrafçılar – Cəfər Cabbarlı, Mikayıl Mikayılov, Rza Təhmasib, Ağarza Quliyev və ümumilikdə 56 nəfər təhsil alıb. Rejissor və aktyor ustalığı, operator işi, ssenari yaradıcılığı, kino texnikası və digər məsələlər üzrə məşğələləri aparmaq üçün Moskvadan A.Ardatov, N.Kirillov, S.Troitski, V.Sladkopevsev dəvət olunub.

Şamil Mahmudbəyovun təəssübkeşliyi və çalışqanlığı sayəsində təkcə 1925-ci ildə 16, 1926-1928-ci illərdə isə 20-dən çox sənədli-xronikal film çəkilib. Həmçinin “Bismillah”, “Müxtəlif sahillərdə”, “Gilan qızı”, “Vulkan üzərində ev” bədii filmləri lentə alınıb. Onun təşkilatçılığı sayəsində 1928-ci ildə kino pavilyonu yeni avadanlıqlarla təchiz olunaraq istismara verilib. Kinofabrikin nəzdində fəaliyyət göstərən kino emalatxanası və “Kino aktyoru” eksperimental emalatxanası fəaliyyətə başlayıb.

Kinodakı uğurlu fəaliyyətindən 1928-ci ildə ayrılmalı olan Ş.Mahmudbəyov 1931-ci ilə kimi Kənd Təsərrüfatı İnstitutunun tədris bölməsinin prorektoru vəzifəsində çalışıb. Həmin ildə Moskvaya Qırmızı Professorlar İnstitutuna, 1933-cü ildə Sormovaya göndərilib. Qorki şəhərində Marksizm-Leninizm İnstitutunda oxuyub. Sormova şəhərinin zavodlarında geniş maarifləndirmə işi aparıb və fəal ictimai fəaliyyətlə məşğul olub. Lakin 30-cu illərdə aparılan repressiyalar digər görkəmli ziyalılar kimi onun da taleyindən yan keçməyib. 1936-cı ilin martında Marksizm-Leninizm İnstitutunun IV kursunda təhsil alarkən bir sıra professor və tələbələrlə birgə həbs edilib, sürgünə göndərilib. 1957-ci ildə ölümündən sonra ona bəraət verilib.

Dövlət Film Fondu