Həyat hadisələrini yaradıcılığı fonunda təhlil edən, cəmiyyəti maarifləndirən, ictimai prosesləri sənətin fövqündə cilalayan, müzakirə obyektinə çevirən, müxtəlif dövr hadisələrinə fərdi münasibətlərini bildirən və tamaşaçıları ibrətamiz düşüncələrinin ardınca aparmağı bacaran öncül insanlar təkcə doğum və anım günündə yox, yaradıcılıqları göz önündə canlandıqca yada düşür, ehtiramla xatırlanırlar. Bu mənada rollarına görə tanınan, sevilən aktyorlar xoşbəxtdirlər. İstedadın mayakı olan məşhur bir obraz sənətkarın bütöv bir yaradıcılıq yolunu aydınladır, peşə ucalığını istinad verir, yaradıcılıq missiyasını tanıdır.
Respublikanın Xalq artisti, tanınmış teatr, kino aktyoru Ələddin Abbasovun (05.05.1922- 13.07.2014) da bir yox, bir neçə rolu yaradıcılıq yoluna işıq salır, məsləyini sevdirir, şəxsiyyətini dönə-dönə tanıdır, sevilərək xatırlanmasına səbəb yaradır.
Azərbaycanın gözəl guşələrindən olan Gəncədə doğulan, boya-başa çatan Ələddin Abbasov sənətə erkən yaşlarından maraq göstərib. On beş yaşında olarkən Gəncə Dövlət Dram Teatrının nəzdindəki aktyor studiyasına qəbul olunub. İki illik təhsil müddətində teatrın yardım heyətində çalışıb, kütləvi səhnələrdə çıxış edib. 1939-cu ildən ömrünün sonunadək Gəncə Dövlət Dram Teatrının səhnəsində maraqlı və məzmunlu rollar yaradıb.
Aktyorun sənət sevgisi ilə yanaşı, peşə məsuliyyəti kino rejissorlarının diqqətindən yayınmayıb. Görkəmli kinorejissorların filmlərinə ardıcıl olaraq dəvət alan aktyor 20-dən artıq filmdə baş və əsas rollarda çəkilib. Romantik və realist aktyor məktəbinin ənənələrini yaradıcılığında yüksək səviyyədə təsdiqləyən sənət bilicisi qismətinə yazılan ekran obrazlarından səfir (“Koroğlu”), İmran (“Mən ki, gözəl deyildim”), Öməroğlu (“Köhnə bərə”), Xaqani Şirvani (“Nizami”), Məşədi Göyüş (“Qatır Məmməd”), ata (“Özgə vaxt”), Murad (“Məkanın melodiyası”), Bəhri (“Qocalar, qocalar”), Zülfüqar (“Qətl günü”) və digər rollarının təfsirində bəzən mürəkkəb, bəzən sadə, bəzən isə qəzəbli insan münasibətlərini şərh edib, ictimai həyatın problem və həlli məsələlərini mövzulara uyğun şəkildə təhlil edib.
Ekran obrazlarının əksəriyyətində ətrafında baş verən hadisələrə müdaxilə etmə zərurətini, aktiv həyat tərzini təbliğ edən, mübarizə, mücadilə qüvvəsinin vacibliyini əsas götürən sənətkar fərdi yaradıcılığında müəllif-aktyor olaraq personajlara şəxsi prizmadan yanaşıb, ekran rollarını müasirlərimiz qədər bizlərə yaxınlaşdırıb, personajların əxlaq və davranışlarını, düşüncə tərzini tamaşaçıların mühakiməsinə verib. Buna görə də yaddaqalımlı rollarını xatırladıqda bəzi hallarda müşahidə edə bilmədiyimiz və yaxud da edib oxşar hiss və duyğuları dilə gətirə bilmədiyimiz mövzulara aydınlıq gətirirk, kinonu bir daha həyatın inikası olaraq qəbul edirik. Sənəti ucaldan sənətkar qüdrəti də elə budur.
Kinoda debüt rolu ilə (səfir – “Koroğlu”) kino ictimaiyyətinin diqqətini çəkən aktyor bundan sonra “Torpaq. Dəniz. Od. Səma” filmində əsas rollardan birini – Əli obrazını canlandırıb. Ekran personajının fərdi keyfiyyətləri, ailəcanlı, zəhmətkeş, övladına nümunə ola biləcək bir çox müsbət xüsusiyyətləri inandırıcı şəkildə təcəssümünü tapıb, filmin baxımlılığını artırıb.
Bəli, peşəkar ifalar filmlərə həmişə uğur gətirir. Bunu nəzərə alan kinorejissorlar heç də tərəddüd etmədən Ələddin Abbasovu filmlərinə dəvət edir, baş və əsas rolları ona həvalə edirdilər. “Mən ki gözəl deyildim” kinodramını xatırlayaq. İkinci Dünya müharibəsi illərindən bəhs edən filmdə cəbhədə əzizləri həlak olan ailələrin acısı, gənc qız Səidənin simasında minlərlə gəncin kədərli həyat hekayəsi göstərilir.
Müharibə dramında Ələddin Abbasovun oynadığı İmran obrazı kiçikplanlı olsa da, filmin sonuna qədər xatırlanan, tamaşaçıların yaddaşına hopan personajdır. Aktyorun bu və ya digər rolları özünəməxsus ifa və jestlərlə təqdim olunur, dolğun, təbii, canlı təsir bağışlayır, tamaşaçı yaddaşında silinməz iz buraxır.
Göründüyü kimi 60-cı illər Ələddin Abbasovun kino fəaliyyətinin başlanğıcı olmaqla bərabər, məhsuldar dövrü olur. Belə ki, görkəmli kinorejissor Hüseyn Seyidzadənin 1969-cu ildə quruluş verdiyi “Dəli Kür” dramındakı Cahandar ağa obrazı ona və filmə böyük şöhrət gətirir.
XX əsrin əvvəllərində Azərbaycanın qabaqcıl ziyalılarının cəmiyyəti maarifləndirmə sahəsindəki rolundan, insanlarda azadlıq şüurunun formalaşmasından bəhs edən filmdə baş rol olan Cahandar ağa obrazı mürəkkəb və qəliz xarakteri baxımından seçilən, rolun fərdi təqdimatını yaddaşlara yazacaq qədər xüsusi sənət təcrübəsi tələb edən prototipdir. Sərt xarakterə, kəskin danışığa, iti nəzərlərə, insanlarla soyuq münasibətə malik olan Cahandar ağanın bəzi müsbət cəhətləri də var. Köhnə adət-ənənələrə sadiq olan Cahandar ağa, həm də ailəsini qoruyan, ona məxsus olan mülkə, mal-qaraya, torpaqlara sahib çıxmağı bacaran, yeri gələndə isə istək və məqsədini bildirməkdən çəkinməyən personajdır. Ələddin Abbasov rolun düşüncə və psixologiyasını sənət biliciliyi, fərdi bacarığı sayəsində böyük ustalıqla canlandırdı, ziddiyyətlərin kəskinləşməsinə səbəb olan mürəkkəb xarakteri fonunda belə ekran obrazını sevdirməyə nail oldu.
Aktyorun kəskin dramatik mövzularla yanaşı, psixoloji dramlarda oynadığı personajlar da ekran əsərlərinə uğur və baxımlılıq gətirib, mövzuların mahiyyətini ətraflı, aydın şəkildə şərh edib. Məhz bu baxımdan sənəti zirvədə, adı dillərdə, sənəti qəlblərdə olan sənətkarın xatirəsi əzizdir, şəxsiyyəti unudulmazdır.
Dövlət Film Fondu